“MİLYONLUQ QALMAQALI” KİM ÖRT-BASDIR EDİB? - Prokuror köməkçisiinin ifadəsi

“MİLYONLUQ QALMAQALI” KİM ÖRT-BASDIR EDİB? - Prokuror köməkçisiinin ifadəsiMəlum olduğu kimi, dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
İstintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib. İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi (600 min manat) əvvəlcədən verilib.


2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.
Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi – hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
“milyonluq qalmaqal” adını alan bu işdə adı keçən şəxslərdən biri də Nərimanov prokurorunun keçmiş müavini Cavid Quliyevdir. “Azadlıq” qəzeti onun istintaqa ifadəsini əldə edb. Qeyd edək ki, Nərimanov prokurorunu Fikrət Mahmudovla yanaşı, müavini Cavid Quliyev də bu qalmaqalla bağlı tutduqları vəzifədən azad ediliblər. Prokuror köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib. Bəzi məlumatlara görə, Fikrət Mahmudov, Cavid Quliyev və Samir Məmmədov barəsində ayrıca cinayət işi də başlayıb. Onların yaxın vaxtlarda həbs olunacaqları iddia edilir.

Prokuror müavini “milyonluq qalmaqal”dan necə xəbər tutub?

Cavid Quliyev ifadəsində bildirib ki, o, Həsən Əliyevlə Ramazan Səlimov arasındakı “icra başçısı” alverindən bu işdə adı keçən Elman Məmmədovla görüşdən sonra xəbər tutub. Cavid Quliyevin sözlərinə görə, 2013-cü ilin may ayının əvvəllərində, əvvəllər Nərimanov Rayon Prokurorluğunun icraatında olan cinayət işləri üzrə mütəxxəsis və tərcüəmçi kimi cəlb olunan Taleh Süleymanov (hazırda bu iş üzrə təqsirləndirilən şəxsdir) onun yanına gəlib. Taleh Süleymanov Cavid Quliyevə bildirib ki, tələbə yoldaşının atası bir məsələ ilə bağlı onunla görüşmək istəyir. Cavid Quliyev görüşə razılıq verib. Elman Məmmədov görüş zamanı Həsən Əliyevlə Ramazan Səlimov arasında qalmaqaldan danışıb, işin artıq 16-cı bölmədə araşdırıldığını deyib. O, Cavid Quliyevə bildirib ki, Həsən Əliyev Ramazan Səlimovdan aldığı pulları geri qaytarmaq niyyətindədir, lakin bunun üçün bir az vaxt lazımdır. Elman Məmmədov Cavid Quliyevdən onlara vaxt verilməsini xahiş edib.
“MİLYONLUQ QALMAQALI” KİM ÖRT-BASDIR EDİB? - Prokuror köməkçisiinin ifadəsi


Ramazan Səlimov.


Cavid Quliyev təhqiqata prosessual nəzarəti keçirən şəxs olsa da, 16-cı bölmədə belə bir məsələnin araşdırılmasından xəbərdar olmadığını deyib. Elman Məmmədovla görüşdən sonra Cavid Quliyev 16-cı bölmənin rəisi Hikmət Usubovla əlaqə saxlayıb. Hikmət Usubov məsələ barədə ona danışıb və əlavə edib ki, bu barədə artıq Nərimanov Rayon Prokurorluğunun rəhbərliyinə məruz edib.

Bundan sonra Cavid Quliyev Fikrət Mahmudovun qəbuluna gedib. Elman Məmmədovla görüşünün təfərrüatlarını ona danışıb. Fikrət Mahmudov “milyonluq qalamaqal” barədə məlumatlı olduğunu deyib, həmçinin zərərçəkənin pulunun qaytarılmasının təmin olunmasını tapşırıb. Cavid Quliyev deyib ki, Fikrət Mahmudovun yanından çıxandan sonra daha bu məsələ ilə maraqlanmayıb. 16-cı bölməyə nəzarətə edən prokuror köməkçisi Samir Məmmədovdan bu barədə heç nə soruşmayıb. Cavid Quliyev həmçinin deyib ki, Hikmət Usubov şikayət ərizəsinin nə vaxt verilməsi, araşdırma üzrə qərar qəbul edilib-edilməməsini ona deməyib.


Hikmət Usubovun israrlarından sonra prokuror hərəkətə keçib

Cavid Quliyevin sözlərinə görə, 2013-cü ilin may ayının ortalarından iyul ayının ortalarına qədər Həsən Əliyevlə 2-3 dəfə də telefonla danışıb. Cavid Quliyev bildirib ki, Elman Məmmədov da həmin müddətdə dəfələrlə zəng vurub və Fikrət Mahmudovun Həsən Əliyevi qəbul etməsini xahiş edib. Cavid Quliyev bu xahişi Fikrət Mahmudova çatdırsa da, ikinci Həsən Əliyevlə görüşmək istəməyib.
Cavid Quliyevin sözlərinə görə, bu müddət ərzində Hikmət Usubov da ona tez-tez zəng vuraraq şikayətçilərin bölməyə gələrək işin gedişindən narazılıqlarını bildirdiyini söyləyib..
Cavid Quliyev deyib ki, 2013-cü ilin iyul ayının 1-də Hikmət Usubov telefonla ona deyib ki, Həsən Əliyev 250.000 manatı qaytardıqdan sonra, ərizəçiyə daha pul ödəmir, əlavə pul verməyəcəyini deyir, ərizəçilər isə hər gün polis bölməsinə gəlib şikayət edirlər, artıq onların qarşısını saxlaya bilmir. Cavid Quliyev bu barədə Fikrət Mahmudova məlumat verdiyini deyib. Həmçinin Fikrət Mahmudova materialı polis bölməsindən götürüb öyrənməyi təklif edib. Fikrət Mahmudov onunla razılaşıb. Bundan sonra Cavid Quliyev materialı 16-cı polis bölməsindən götürüb və aydın olub ki, artıq 05.04.2013-cü il tarixdə təhqiqatçı tərəfindən cinayət işi başlanmasının rədd olunması haqqında qərar qəbul olunub.

Cavid Quliyevin sözlərinə görə, həmin qərarın əsassız olması barədə prokurora məruzə edib. Bundan sonra qərar ləğv olunub. Cavid Quliyev daha sonra bildirib: “Həsən Əliyev hakim olduğu üçün cinayət təqibi aidiyyətinin və cinayət işi başlanması məsələsinin həll edilməsi məqsədilə prokurorun tapşırığı ilə materialı həmin gün Bakı şəhər prokurorluğuna şəxsən aparıb daxili işlər orqanlarında istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elçin Sultanova təqdim etdim. Eyni zamanda material üzrə arayış da tərtib etdim”.
Belə aydın olur ki, prokurorluq Hikmət Usubovun israrlarından sonra hərəkətə keçib.

Həsən Əliyevin prokuror müavininə göndərdiyi diskdə nə var?

Bundan təxminən bir həftə sonra Həsən Əliyev Cavid Quliyevə zəng vurub və ondan materialın hansı səbəbdən Bakı Şəhər Prokuorluğuna aparmasını soruşub. Cavid Quliyev ona izah edib ki, ərizəçinin pulunu qaytarmadığına, şikayətlər isə dayanmadığına görə bu addım atılıb.
Həsən Əliyev isə Cavid Quliyev ittiham edib ki, ona qarşı tələ qurublar. Həmçinin işin ört-basdır edilməsi üçün Cavid Quliyevə pul verdiyini iddia edib. Cavid Quliyev ifadəsində bildirib ki, Həsən Əliyev bununla onu şantaj etməyə cəhd göstərib. Cavid Quliyevin sözlərinə görə, o, Həsən Əliyevin bu şantajı barədə Fikrət Mahmudova da məruzə edib. Fikrət Mahmudov isə ona narahat olmamağı tapşırıb.

Bu söhbətdən sonra Həsən Əliyev Cavid Quliyevə bir disk göndərib. Həmin diskdə keçmiş hakimlə Elman Məmmədovun danışığı əks olunub. Həmin söhbətdə Həsən Əliyev Elman Məmmədova Cavid Quliyevə verilən pulun nə vaxt alınacağını soruşur. Cavid Quliyev bu barədə də Fikrət Mahmudova məlumat verdiyini deyib. Cavid Quliyevin sözlərinə görə, bütün bunlardan sonra Elman Məmmədovla əlaqəsi kəsilib.

Cavid Quliyevin ifadəsindən o da aydın olur ki, bu işdə prokuror köməkçisi Samir Məmmədov ciddi nöqsanlara yol verib. O, 16-cı bölməyə birbaşa nəzarət edən şəxs olsa da, bu şikayətlə maraqlanmayıb. Hər halda Cavid Quliyevin ifadəsindən belə aydın olur. Məlumatlara görə, müstəntiq Cavid Quliyevdən material üzrə dərhal cinayət işinin başlanmadığını və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı uzun müddət qüvvədə saxlanıldığının səbəbləri barədə sual verib. Cavid Quliyevin isə cavabı belə olub: “Mən rayon prokurorunun müavini kimi təhqiqata prosessual rəhbərliyi həyata keçirsəm də, təhqiqatın gedişinə gündəlik və aylıq nəzarət prokuror köməkçiləri tərəfindən edilirdi”.
Müstəntiqin “Nə səbəbə material üzrə tam, hərtərəfli, obyektiv araşdırmanı təmin edilərək Elman Məmmədovun, Həsən Əliyevin və digərlərinin izahatlarının alınması, həmçinin Həsən Əliyevin ərizəçiyə verdiyi qəbzi, müqavilənin materiala əlavə olunması təmin edilməmiş, Ramazan Səlimova qaytarılan 250.000 manat pul niyə sənədləşdirilməmişdir?” sualına
Cavid Quliyev belə cavab verib: “Bu hallar təhqiqatçı tərəfindən təhqiqatın qeyri-obyektiv və natamam aparılmasını təsdiqləyir və məhz bu səbəbdən də onun qərarını mən əsassız hesab edib ləğv etmişəm”.

Cavid Quliyev həmçinin bildirib ki, təhqiqat orqanı tərəfindən hakim Həsən Əliyevin dindirilməsinə razılıq alınması barədə mənə ona müraciət olunmayıb. Halbuki Şövqi Ismayılov ifadəsində bildirib ki, Həsən Əliyev hakim vəzifəsində işlədiyindən onun izahatını almaq üçün razılıq tələb olunub. Amma belə bir razılığın alınmasına rayon prokurorluğu cəhd göstərməyib.






Fikirlər