AZƏRBAYCANLI NAZİR “ƏLİ BALTALI” TUTULDU – Hüseynqulu Bağırov Quba meşələrində nə iş görür? (FOTO, VİDEO)

AZƏRBAYCANLI NAZİR “ƏLİ BALTALI” TUTULDU – Hüseynqulu Bağırov Quba meşələrində nə iş görür? (FOTO, VİDEO)Qubadan Qəçrəşə uzanan yolun kənarında geniş meşə massivi zəbt olunub. Bir il əvvələ qədər yaşıllıq olan, təxminən 5 kilometrlik bu meşə zolağı hazırda daş, dəmir hasarlarla mühasirəyə alınıb və içəriyə kənar şəxslərin girişi qadağan edilib.

AzPolitika.info-ya verilən məlumata görə, yerli sakinlərin şikayəti əsasında ərazidə olmuş bir qrup jurnalist, “yaşıl soyqırım”ın arxasından sensasiyalı bir ismin boylandığını üzə çıxarıb. Məlum olub ki, hektarlarla yaşıllığı ələ keçirən bir başqası yox… elə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun özüdür.

Jurnalistlər öyrəniblər ki, ekologiya naziri sözügedən ərazini hasarlatdırıb, bacısı Düriyyə Bağırovanın adına rəsmiləşdirib. Ancaq faktiki bu yerin sahibi nazirin özüdür və o, yaşıllıqları məhv edərək, yerində qolf meydançası tikdirməyə hazırlaşır. Ərazidən axan çayın qarşısını kəsən nazir burada süni göl yaradıb və balıq saxlayır. Qubada Hüseynqulu Bağırovun ağac kəsmə əməliyyatları haqda hər kəs eşidib, bircə icra başçısının bu məsələdən məlumatlı olub-olmaması bilinmir. Bu əraziyə kənar şəxslərin girişinə qadağa qoyulması da birbaşa nazirin göstərişidir. Belə ki, H.Bağırov şəxsən özü tez-tez zəbt etdiyi əraziyə gələrək gedən işlərlə maraqlanır, tapşırıqlarını verir. Nazir deyib ki, burada övladlarının və özünün istirahəti üçün qolf meydançası salmaq niyyətindədir. Ona görə də, ərazi dəmir hasarlarla əhatələnib və meşə zolağına giriş mümkün deyil.

Bununla belə, jurnalistlər çəkiliş apara bilmək üçün gizlicə hasarı aşa biliblər. Əraziyə əsas giriş qapısı qıfıllı olduğundan içəridə iş getdiyi kənardan hiss olunmur. Nazir yaşıl qətliamı hasar arxasında həyata keçirir. Üstəlik, nazir etdiyi bu qanunsuzluğa kimsə şahid olmasın deyə, massivə nəzarət üçün təhlükəsizlik kameraları quraşdırıb. Sakinlər deyir ki, H.Bağırov həmin kameralar vasitəsi ilə Bakıda, nazir kreslosunda oturub özünün şəxsi meşə massivinə nəzarət edir. Nə qədər qəribə görünsə də, nazirlik qanunsuz ağac kəsilməsinə görə ayrı-ayrı şəxsləri cərimələyir, H.Bağırovun öz əməli isə ört-basdır edilir. Nazirin özəl meşəyə sahiblik ehtirası yaxınlıqdakı evlərin yolunu da kəsib. Bundan başqa, qonşuların evlərinin qarşısı nazirin ucaltdığı hasarlarla bağlanıb.

Qubada danışırlar ki, bunu bir başqa məmur etsəydi, başa düşmək olardı. Ekologiya nazirinin təbiətə düşmən kəsilməsi isə ikiqat ağırdır. Qubada danışırlar ki, H.Bağırovun rayonda bir neçə villası, meşə zolağı var. Amma görünür, nazir həmin malikanələrlə qane olmayıb və daha böyük bir ərazini zəbt etmək fikrindədir.

Quba sakini Tahir İsabalayev deyir ki, nazir yerli adamdır: “Hüseynqulu müəllim yerli adamdır. Bütün nazirlərin burada bağ-bağatı var. Hüseynqulu müəllimin niyə olmasın? Qoy bir meşə də onun olsun. Köhnə ağacları kəsib, yerində yenilərini əkər”.
Arif Həsənəliyev həmyerlisinin sözünü kəsir. Deyir ki, H.Bağırov 5 kilometrlik ərazidə ağacları kəsməklə yanaşı, sakinlərin mal-heyvanının çaydan su içməsinin qarşısını da alıb: “Heyf o ağaclardan ki, məhv edildi. Bu ərazinin qabağında çay var. Necə gözəl bir mənzərəni xarabalığa qoydular. Əksinə, o yaşıllığı daha da artırmaq olardı. Təzə ağaclar əkə bilərdilər, yaşıllığa cavanlaşdırardılar. Gəl ki, nazir Qəçrəş massivində ağacları dibindən kəsdirdi. Özü də Hüseyn müəllimin Qubada neçə yerdə ev-eşiyi, villası var. Onun nə ehtiyacı var ki, bu ərazini işğal edib? Bir adam ayağını ora qoya bilməz. Əraziyə müşahidə kameraları da yerləşdirib ki, gəlib-gedəni izləsinlər”.

Hüseynqulu Bağırovun mövqeyini dərc etməyə hazırıq.

Jurnalistlərin çəkdikləri kadrları təqdim edirik:


AZƏRBAYCANLI NAZİR “ƏLİ BALTALI” TUTULDU – Hüseynqulu Bağırov Quba meşələrində nə iş görür? (FOTO, VİDEO)
AZƏRBAYCANLI NAZİR “ƏLİ BALTALI” TUTULDU – Hüseynqulu Bağırov Quba meşələrində nə iş görür? (FOTO, VİDEO)
AZƏRBAYCANLI NAZİR “ƏLİ BALTALI” TUTULDU – Hüseynqulu Bağırov Quba meşələrində nə iş görür? (FOTO, VİDEO)






Fikirlər