Xətainin icra başçısı ittiham olunur - Razim Məmmədov yol üstündədir

Xətainin icra başçısı ittiham olunur - Razim Məmmədov yol üstündədir Bildiyimiz kimi, ölkəmizdə yaşıllıqların və ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, bir müddət əvvəl Milli Məclis "Yaşıllıqların mühafizəsi haqqında" Qanun qəbul etdi. Qeyd edək ki, qanun Azərbaycanda yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

Bu qanunla müəyyən edilən qaydalar meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlar istisna olmaqla ölkə ərazisindəki digər yaşıllıqlara tətbiq edilir. Sözügedən qanun yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi, mədəni-sağlamlaşdırma mühitin yaradılması və təmin edilməsi, yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, yaşıllıqların mühafizəsi sahəsində dövlət və ictimai nəzarətin aparılması, qanunvericiliyin pozulmasına görə məsuliyyəti və yaşıllıqların mühafizəsinin əsas prinsiplərini müəyyən edir.
Bundan başqa, cənab prezident İlham Əliyev aprel ayında keçirdiyi müşavirə zamanı ağac kəsənlərə sərt etirazını bildirərək həmin insanların cəzalandırılacağını söyləmişdi: "Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər". Bu sahədə həyata keçirilən çoxsaylı tədbirlərə və ölkə başçısının tənqidlərinə baxmayaraq, paytaxtın Xətai rayonunda "yaşıl soyqırım" səngimir ki, səngimir. Müxtəlif media orqanlarında, o cümlədən "Gündəlik Bakı" qəzetində rayon ərazisində aparılan yaşıl vandalizmlə bağlı saya gəlməyəcək qədər tənqidi məqalə dərc olunub. Təəssüf hissi ilə demək istəyirik ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bunların heç birinə məhəl qoymur. İcra başçısının imza atdığı işlər dövlətin yaşıllıqların mühafizəsi ilə bağlı yürütdüyü siyasətə uyğun gəlmir. Səsləndirilən iddialara əsasən başçı əhalinin istirahəti üçün nəzərdə tutulan parkları yerlə-yeksan etmək və ağacları kəsməklə məşğuldur. Rayonun Qaçaq Nəbi küçəsində isə vəziyyət daha dramatikdir. Sakinlərdən aldığımız məlumatlara görə, vəziyyət bu şəkildə davam edərsə, Qaçaq Nəbi küçəsi tamamilə səhralığa çevrilə bilər: "Rəsmi qurumlara müraciət etməkdən yorulmuşuq. Belə görünür ki, yüksək rütbəli məmurlar icra başçısı Razim Məmmədovla bacara bilmir. Bir neçə ay əvvəl yaşadığımız binaların həyəti zəbt olunaraq hasara alındı. Həmin vaxt sizin qəzetin çəkiliş qrupu da hadisə yerinə gəlmişdi. Sonradan öyrəndik ki, "Qismət-M" MMC şirkəti burda göydələn tikəcək. Tikinti işləri başlamamışdan əvvəl isə ərazidəki yüzlərlə ağac məhv edildi. Nə qədər çalışsaq da, bu özbaşınalığın qarşısını ala bilmədik. Şirkətin nümayəndələri bizə icra başçısının razılığı ilə buranı aldıqlarını dedilər. Hazırda hündürmərtəbəli binanın tikinti işləri davam edir. Ağır texnikaların və fəhlələrin səs-küyündən evimizdə rahat otura bilmirik. Birtəhər də olsa bu şəraitə dözürük. Bu günlərdə isə eşidirik ki, şirkət binamızın həyətindəki digər yaşıllıq sahələrini də ələ keçirmək istəyir. Axı görəsən, icra başçısının və şirkət rəhbərliyinin niyyəti nədir? Onlar bizi yaşadığımız yerdən didərgin salmaq istəyirlər?". Sakinlərin dediyinə görə, Razim Məmmədova qədər Qaçaq Nəbi küçəsi başdan-başa ağaclarla əhatə olunub: "O Xətai rayonuna icra başçısı təyin ediləndən sonra isə minlərlə ağac "soyqırım"a məruz qaldı. Əvvəllər bu ətrafda bir dənə də olsa ticarət obyekti yox idi. Bu gün isə Xətaidə obyekt əlindən tərpənmək mümkün deyil. İcra başçısı qarşısına çıxan hər yeri, hətta piyadalar üçün nəzərdə tutulan səkiləri, orta məktəblərin həyatyanı sahələrini, vətəndaşlara xidmət edən parkların ərazisini belə satıb. Çox dəhşətli vəziyyət yaranıb, çıxılmaz vəziyyətdə qalmışıq. Hara şikayət ediriksə xeyri olmur. Razim Məmmədov vətəndaşları saymır. Onun qəbuluna düşüb dərdimizi deyə bilmirik. Gözümüzün qabağında illərdir əziyyət çəkib boya-başa çatdırdığımız ağacları kəsirlər. Bizim üçün belə mənzərələri izləmək xoş deyil. Etirazımızı bildirəndə deyirlər ki, gedin öz işinizlə məşğul olun icra başçısının işinə qarışmayın. Prezident Razim Məmmədovu Xətai İcra Hakimiyyətinə başçı təyin edib ki, əhalinin problemləri ilə maraqlansın. O isə ağacları kəsib yerini satmaqla məşğuldur. Sizdən xahiş edirik ki, bir gün vaxt ayırıb bura gəlin. Yaşıllıqların başına elə oyun gətiriblər ki, adam dəhşətə gəlir. İcra hakimiyyətinin bir qrup səlahiyyətli şəxsi mənzil-istismar sahələrinin rəislərinə ağacların dibinə müxtəlif kimyəvi maddələr töküb onları məhv etməyi tapşırıb. Hər yerdən əlimiz üzülüb. Təkcə arxa-dayağımız, güvənc və ümid yerimiz cənab prezidentdir. Biz ondan xahiş edirik ki, vətəndaşları yuxarılardan incik salmaq istəyən və yaşıllıqları məhv edən Razim Məmmədovu tutduğu vəzifədən kənarlaşdırsın. Əgər Razim müəllim işdən çıxarılsa, Xətaidə problemlər nisbətən səngiyər".

Növbəti saylarımızda Xətaidə aparılan "yaşıl soyqırım"la bağlı böyük reportaj hazırlayacağıq. Bizi izləyin.
(gundelik-baki)






Fikirlər