600 minlik ittiham edən öz bacısına da pul “atıb”

600 minlik ittiham edən öz bacısına da pul “atıb”Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən qalmaqallı məhkəmə prosesi ilə bağlı bu işdə dönüş yaradacaq yeni xüsusatlar üzə çıxıb.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevin icra başçısı təyin etdirəcəyi vədi ilə ondan 600 min manat aldığını iddia edən və adı işdə zərərçəkən kimi keçən Ramazan Səlimovun bacısı Meyransa Babaəli qızı Səlimzadə Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək qardaşının dələduzluq əməllərini açıb.

M.Səlimzadə hakimlər Mübariz Məmmədov, Sevindik Əzizov və Faiq Mahmudova ünvanladığı müraciətində qardaşının sabiq hakim H.Əliyevə ünvanlanan ittihamlarını şübhə altına alan faktları açıqlayıb, üstəlik özünün də qardaşının əməllərindən zərər çəkdiyini göstərib.

Virtualaz.org saytının müxbiri M.Səlimzadə ilə əlaqə saxlayaraq ona bir neçə sualla müraciət edib. M.Səlimzadə müsahibəsində sensasion faktlar açıqlayıb.

-Meyransa xanım, sizin məhkəməyə qardaşınız barədə ifşaedici müraciət göndərdiyiniz deyilir. Bu, bir qədər gözlənilməz oldu. Axı belə situasiyalarda ailə üzvləri, yaxın qohumlar bir-birini adətən müdafiə edir. Siz də məntiqlə qardaşınızı müdafiə etməli idiniz...

-Düzdür, mənim açıqlamalarım məntiqlə əslində tamam başqa tərzdə olmalı idi. Yəni mən doğma qardaşım olan Ramazanı müdafiə etməli, onun haqqında deyilən dələduz hərəkətlərinin yalan olduğunu bildirməli idim. Ancaq təəssüf ki, baş vermiş hadisələrin şahidi kimi bildirirəm ki, bu gün qardaşımın etdiyi dələduzluq hərəkətləri haqqında eşitdiklərinizin hamısı tamamilə doğrudur.

Mən hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində işinə baxılan, guya 600000 manat rüşvət verib icra başçısı təyin olunmaq istəyən, lakin “aldadılaraq” pulu əlindən alınan Ramazan Səlimovun doğma bacısıyam. Bu işlərin necə olduğunu yaxşı bilirəm. Üstəlik həmin dələduzluq hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərdən biri də elə mən özüməm.

-Qardaşınız sizin də pulunuzu mənimsəyib, yoxsa söhbət mənəvi zərərdən gedir?

-Söhbət həm maddi, həm də mənəvi zərərdən gedir. Ramazan Səlimovun dələduzluq hərəkətləri barədə geniş məlumat verməzdən əvvəl öncə ailəmiz haqda danışmaq istəyirəm. Çünki atamızın minbir əziyyəti nəticəsində ailəmizin qazandığı təmiz ad Ramazanın murdar hərəkətləri nəticəsində silinməz şəkildə ləkələnib. Məni ən çox ağrıdan da budur.

Biz ailədə 6 uşaq olmuşuq, ögey bacı-qardaşımız yoxdur. Qardaşlarım Rafiq və Faiq uzun müddət yüksək vəzifələrdə çalışmış sakit, mədəni adamlardır. Mən və digər bacılarım da daim atamızın miras qoyub getdiyi təmiz adı yaşatmağa çalışmışıq.

Ramazan isə arvadı Gülnarə ilə birlikdə elədiyi dələduzluq hərəkətləri səbəbindən bütün bacı-qardaşları tərəfindən qardaşlıqdan silinib. Çünki Ramazan ya bizim özümüzü, ya da ətrafımızda olan insanları dələduzluq edərək aldadıb.

Ramazanın dələduzluq hərəkətləri ucbatından qardaşlarım Rafiq və Faiq bir çox gözəl dostlarından uzaqlaşmağa məcbur olublar. Çünki Ramazan onların bir çoxunu dələduzluqla aldadaraq pullarını mənimsəyib. Rafiq və Faiq Ramazanın hərəkətləri səbəbindən bu gün də cəmiyyətdən gizlənirlər.

Ramazan haqqında onu bildirmək istəyirəm ki, bu insanın ali məktəbdə oxuduğu vaxtdan bu günədək yeganə peşəsi dələduzluq edərək insanların pullarını mənimsəmək olub. Məhz bu səbəbdən onun heç vaxt daimi iş yeri olmayıb. Bəzən görürdün ki, Ramazan aylarla yoxa çıxır, heç kimlə görüşmür. Onda dərhal başa düşmək olardı ki, Ramazan yenə kimisə aldadıb, pulunu əlindən alıb.

Bu insan hətta doğma anamızın yas məclisinə də gəlmədi. Həmin dövrdə də kimisə aldadaraq pulunu və yaxud əmlakını əlindən aldığı üçün gizlənirdi. O vaxt yasa gələn qohumlara, tanışlara utandığımızdan Ramazanın xaricdə işlədiyini və bu səbəbdən yas məclisinə gələ bilmədiyini deyirdik.

-Qardaşınızın bu cür xasiyyətinin olduğunu bildiyiniz halda bəs necə oldu ki, aldandınız? Axı özünüz deyirsiniz ki, onu tanıyırdım, amma məni də aldatdı. Bu necə oldu? Niyə aldandınız?

-Deyim hadisənin necə olmağını. Ramazanın bütün qanunsuz hərəkətlərinə, fırıldaqçılığına baxmayaraq ailədə ondan üz döndərən sonuncu insan mən olmuşam. Çünki nə qədər əsəbiləşsəm də doğma qardaşım olduğundan ona ürəyim yanırdı, yazığım gəlirdi. Axı necə olsa da doğma bacı-qardaşıq. Həqiqətən Ramazan bədbəxt insandır, çünki onun heç vaxt normal həyatı olmayıb. O, həmişə kimlərdənsə qaçıb gizlənir, daim kimlərsə onu axtarır, tapanda da vəhşicəsinə döyürlər.

600 minlik ittiham edən öz bacısına da pul “atıb”

Ancaq Ramazana yazığımın gəlməsi mənə çox baha başa gəldi. 2008-ci ilin aprel ayında Ramazan bərk döyülmüş vəziyyətdə yaşadığım evə gəlib yalvararaq məndən onu gizlətməyi xahiş etdi. Danışdıqlarından mənə məlum oldu ki, Ramazan Eldar Abdullayev adlı şəxsi aldadıb. 40000 ABŞ dolları pulunu alıb qaytarmadığı üçün onu yaxşıca əzişdiriblər.

Bir müddət sonra Ramazan haradansa 20000 ABŞ dolları gətirib məndən Eldar Abdullayevin evinə getməyimi, pulu ona verməyimi və qalan 20000 dolları da qaytarmaq üçün vaxt almağımı yalvara-yalvara xahiş etdi.

Həmin vaxt Ramazan mənə deyirdi ki, əgər o, özü gedib Eldar Abdullayevə pul versə, Eldar onu görən kimi əsəbiləşib yenə vəhşicəsinə döyəcək, sonra da tutduracaq. Ancaq əgər mən onun qapısına gedib xahiş eləsəm, qadın olduğum üçün o, mənə heç bir söz deməz.

Bu səbəbdən də Ramazan mənə yalvarır, pulu aparıb Eldara verməyimi, ondan Ramazan barədə polisə etdiyi şikayəti geri götürməsini və pulun qalanını qaytara bilməsi üçün ona vaxt verməsini rica etməyimi xahiş edirdi.

Mən isə qardaşımın yenidən döyülüb-söyülməsinə və həbs olunmasına razı ola bilməzdim. Ürəyim dözmədi. Bu səbəbdən də ağlımla deyil, hisslərimlə hərəkət edərək Ramazanın xahişini yerinə yetirdim. Eldar Abdullayevin evinə getdim və ona yalvararaq qardaşımla işi olmamasını, borcunu qaytarması üçün Ramazana vaxt verməsini və onun barəsində polisə etdiyi şikayəti geri götürməsini xahiş etdim.

Həmin vaxt Eldar Abdullayevin evində Ramiz adlı şəxs də var idi. Danışıqlarından mənə məlum oldu ki, Ramazan Ramizin də 6300 ABŞ dolları məbləğində pulunu alıb, hədə-qorxulardan sonra 1300 ABŞ dollarını geri qaytarıb, qalan 5000 dollarını isə borclu qalıb.

Biz aramızda belə razılığa gəldik ki, mən gətirdiyim 20000 dolların 5000 dollarını Ramiz adlı şəxsə, qalan 15000 dollarını da Eldara verim. Elə də etdik, mən pulları həmin şəxslərə verdim.

-Pulu belə bölmək qərarını özünüz verdiniz, yoxsa qardaşınızla məsləhətləşəndən sonra?

-Məsləhətləşəndən sonra. Eldar Abdullayev pulu alandan sonra mənə dedi ki, onların ərizəsi əsasında Xətai Rayon Polis İdarəsində Ramazan barəsində başlanmış işin bağlanması üçün gərək o, Ramazanın aldığı 40000 dolları geri qaytarması barədə polisə ərizə yaza. Ancaq Ramazan pulun yalnız 15000 dollarını qaytardığı üçün o, həmin ərizəni yaza bilməz, çünki iş bağlanandan sonra Ramazan onun öz ərizəsini əsas göstərib qalan 25000 dolları ödəməyəcək.

Eldar həmin ərizəni yalnız mən onunla 25000 dollar dəyərində beh müqaviləsi bağlayacağım təqdirdə yaza biləcəyini bildirdi. Dedi bunu ona görə edir ki, əgər Ramazan onun pulunu qaytarmasa, pulu məndən tələb edə bilsin.

Mən Eldardan icazə alıb evdən çölə çıxdım. Ramazana zəng etdim. Eldarın dediklərini ona çatdırdım. Ramazan telefonda yenə mənə yalvararaq Eldarın dediyi beh müqaviləsini imzalamağımı xahiş etdi. Mənə narahat olmamağı məsləhət gördü, tezliklə əlinə pul gələcəyini və Eldarın borcunu dərhal ödəyəcəyini dedi.

Mən də Ramazanın doğma bacısı və ona kömək edən yeganə insan olduğum üçün digər şəxslərdən fərqli olaraq mənimlə səmimi olduğunu düşünüb dediklərinə inandım. Elə həmin gün mənimlə Eldar Abdullayev arasında guya mənim Mərdəkan qəsəbəsində 8 sot torpaq sahəsini 48000 dollara satmağım və həmin pulun 25000 dollarını beh şəklində almağım barədə müqavilə imzalandı. Halbuki mənim elə bir torpaq sahəm ümumiyyətlə yox idi. Bundan sonra Eldar və Ramiz adlı şəxslər Ramazana qarşı olan şikayətlərini geri götürdülər.

Elə həmin vaxtdan Ramazan 180 dərəcə dəyişərək Eldarla mənim aramda olan beh müqaviləsinin ona aid olmadığını və pulu özümün ödəməli olduğumu dedi.

-Nə deyib ödəmirdi? Buna necə izah verirdi?

-Heç nə. Sadəcə ödəmirdi. Nəinki pulu ödəmirdi, heç bunu boynuna da götürmürdü. Sanki heç belə söhbət olmamışdı. Heç sonra mənimlə üz-üzə gəlmək, sözümü dinləmək də istəmirdi. Zənglərimə cavab vermirdi. Sonradan mən onun kirayə qaldığı evlərin yerini taparaq,- Ramazan Mərdəkandakı evi Nərminə xanıma satandan sonra bu günədək kirayələrdə yaşayır,- Eldar Abdullayevə olan borcunu ödəməsini tələb etsəm də Ramazan və ailəsi məni görən kimi evin qapısını bağlayırdılar.

Sonda mən məhkəmə qərarına əsasən Eldar Abdullayevdən almadığım 25000 dollar pulu ödəməli oldum. İndi həmin pul mənim yeganə gəlir mənbəyim olan əməkhaqqımdan tutulur.

-Qardaşnızın borcunu indi də siz ödəyirsiniz?

-Hə. Borcun 10000 dolları artıq əməkhaqqımdan tutularaq Eldar Abdullayevə ödənilib.

-Amma qardaşınız ayrı şey deyir. Qarşı tərəf də bildirir ki, guya siz onunla intriqa apararsınız, onu şantaj edirsiniz. Bunu deyərkən nəyə əsaslanır?

-Mənə ən pis təsir edən də budur ki, haqsız ola-ola mənə böhtan atır. Ramazanın vəkili İradə Cavadova saytlara haqqımda şər-böhtan xarakterli məlumat verərək guya mənim Ramazanla ədavətimin olduğunu, guya 2009-2010-cu illərdə tamamilə başqa bir şəxslə mənim aramda məhkəmə çəkişməsi olduğunu, Ramazanın da mənə yardım məqsədilə pul verdiyini, mənim isə onu şantaj edərək pulunun digər hissəsini də ona ödətdirməyə çalışdığımı bildirib. İradə Cavadovaya cavab olaraq bircə onu deyə bilərəm ki, mən Ramazanın doğma bacısı, bütün qanunsuz hərəkətlərinə baxmayaraq ona kömək etmək istəyən şəxs olduğum halda məni heç bir aidiyyətim olmayan 25000 dolları ödəməyə məhkum edibsə, yəqin ki, sonda İradə Cavadovaya məndən bir neçə qat artıq məbləğdə “hörmət” edərək yola salacaq. Onu da deyim ki, məni məhkəməyə müraciət etməyə vadar edən səbəb İradə Cavadovanın haqqımda dediyi yalanlardır.

-Dediniz ki, 6 bacı-qardaşsınız. Onu da dediniz ki, onların hamısı Ramazandan üz döndərib. Onları da aldadıb, yoxsa başqa səbəb var?

-Yox, Ramazanın fırıldaqlarının qurbanı olan tək mən deyiləm. Ramazan məndən savayı digər bacımızın - Zemfiranın qızı Səriyyəgili (ailədə o qızı Mehriban deyə çağırırıq) də aldadaraq pullarını alıb. Səriyyənin həyat yoldaşı İran vətəndaşıdır. Adı da Fərhad Talebidir. Ramazan ondan 20000 dollar almışdı ki, guya onların Buzovna qəsəbəsindəki evlərini Prezident Aparatında işləyən səlahiyyətli şəxslər vasitəsilə özəlləşdirəcək.

-Bəs bu işin axırı, 20 min dolların taleyi necə oldu? Pulu sahibinə qaytardımı?

-Fərhad Talebi həmin işlə bağlı şikayət vermişdi. Bacım Zemfira mənə zəng edib dedi ki, Ramazan kürəkənim Fərhadın pulunu aldadıb aldığı üçün Fərhad da hər gün qızı ilə dalaşır.

Mən bacım Zemfira ilə Fərhadın yanına gedərək xahiş etdik ki, Ramazana onların pulunu qaytarması üçün möhlət versin. Fərhad isə dedi ki, həmin pulu ofisdə işləyən iranlı tanışlarından alıb. Hansı ki, Ramazan onları da aldadaraq külli miqdarda pullarını mənimsəmişdi. O, həmin iki iranlını aldadaraq deyib ki, guya Qobustan rayonuna işıq idarəsinə rəis gedəcək, rəis olandan sonra onlardan şunur alacaq.

Ümumiyyətlə, bir şey deyim ki, Qobustan və Siyəzən rayonları Ramazanın “fəaliyyətində” xüsusi önəm daşıyır. Uzun illərdir ki, o, hər zaman ətrafındakı insanları Qobustan, yaxud Siyəzən rayonlarına icra başçısının müavini və ya həmin rayonların işıq, su, qaz idarələrinin rəisi təyin olunacağı vədi ilə aldadır. Bəzən də əksinə, müxtəlif şəxsləri dələduzluq yolu ilə aldadaraq guya onlara borc pul verməsi barədə müqavilələr bağlayır. Daha sonra həmin şəxslərdən hüquq-mühafizə orqanlarına şikayət edərək guya ondan vəzifəyə qoyulacağı adı ilə pul aldığını bildirərək həmin insanlardan külli miqdarda pullar alır.

Xatirimdədir ki, Ramazan 2007-2008-ci illərdə Rövşən və Əsgər adlı şəxsləri də aldatmış, həmin insanlara Siyəzən Rayon İcra Hakimiyyətinin başçısının müavini təyin olunmaq üçün 10000 dollar verdiyini deyərək yalandan şikayət etmişdi.

Ramazanın dələduzluğunun şahidi olan insan kimi dəfələrlə gördüyüm budur ki, hazırda dələduzluq ittihamı ilə üzləşən Həsən Əliyev də Ramazanın ənənəvi dələduzluq epizodunun qurbanıdır.

-Məhkəməyə müraciət etməkdə məqsədiniz nədir? Sizə dəyən maddi zərəri ödətdirmək istəyirsiniz?

-Məqsədim odur ki, bu adamı hamı tanısın. Hazırda baxılan cinayət işi ilə bağlı bildiyim məlumatları məhkəmə ilə bölüşüb göstərmək istəyirəm ki, qardaşım yalan danışır. Düzdür, Ramazanın Nərminə adlı xanıma Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsini satması barədə deyilənlər doğrudur. Amma Nərminə xanımın da məhkəməyə göndərdiyi məktubda yazıldığı kimi (həmin məktubu mən internetdə oxumuşam), həmin bağı qardaşım 1 milyon 100 min manata yox, 40000 dollara satıb. Mən bunu məhkəmədə şahid kimi ifadə verərək təsdiq etməyə hazıram.

Onu da deyim ki, Ramazanın həmin bağı satmasına səbəb yenə onun dələduzluq hərəkətləri olub. Belə ki, həmin vaxtlar Ramazan Mərdəkan qəsəbəsində yaşayan adını unutduğum qonşularından birini aldadaraq onun külli miqdarda pulunu almışdı. Həmin şəxs də Ramazandan pulunu tələb edirdi. Ramazan pulu qaytara bilmədiyindən o, hər gün Ramazanın evinin qapısınıa gəlir, hətta evinin pəncərələrinin şüşəsini daşla sındırırdı. Ramazan da həmin insanla bacara bilmədiyi üçün məcbur olub yaşadığı bağı satdı, qonşusundan aldığı pulu qaytardı.

Mən bütün bunlar barədə məhkəməyə ərizə ilə müraciət etmişəm. Ramazanın dələduzluğu barədə Baş Prokurorluğa da müraciət edəcəyəm.

Hakimlərdən də xahiş edirəm məni şahid qismində də məhkəməyə dəvət edərək Ramazanın dələduzluq hərəkətləri barədə məlumat verməyimə şərait yaratsınlar. Deməyə sözüm çoxdur. Bu adam ailəmizin adını batırıb, hamımıza problem yaradıb, əzab-əziyyət yaşadıb. Buna görə cavab verməlidir.


Virtualaz.org






Fikirlər