Qüds MÜSƏLMAN gənclərinin PAYTAXTI oldu

Fələstində “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib; Fələstin prezidentindən Azərbaycana böyük jest

Fevralın 6-da axşam Fələstinin mərkəzi Ramallah şəhərində “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. Təşkilatın yaydığı məlumat-açıqlamada qeyd olunur ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələrə baxmayaraq, 10-u nazir olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndəsi iştirak edib. Açılış mərasimində eyni zamanda “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradıldığı elan edilib və şuranın ilk işçi iclası keçirilib.

Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimini Fələstinin gənclər və idman naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov elan ediblər. Proqramın rəsmi təşkilatçısı olan İƏT GF-nin sədri Elşad İskəndərov deyib ki, Qüdsün islami kimliyinin hədəfə alındığı bir vaxtda, müsəlmanların ilk qibləsi olan bu şəhərin “Gənclər Paytaxtı” elan edilməsi əməldə İslam həmrəyliyinə töhfədir. E.İskəndərov, İƏT ölkələrini bu işdə əməldə həmrəylik nümayiş etdirməyə dəvət edib.

Açılış mərasimində çıxış edən Fələstin dövlət rəhbəri Mahmud Abbas layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə  hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətini yüksək qiymətləndirib. M.Abbas bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında “Qüds - Gənclər Paytaxtı” proqramına üzv ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın gənclər və idman maziri Azad Rəhimov çıxışında keçən ilin prezident İlham Əliyev tərəfindən ölkəmizdə İslam Həmrəyliyi ili elan olunduğu, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat verib, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd edib, Qüds - İƏT Gənclər Paytaxtı proqramının uğurla həyata keçməsi üçün Azərbaycanın lazımi dəstək verəcəyini bildirib.

mahmud-azad.jpg (71 KB)

Açılış mərasimində həmçinin Türkiyə, İordaniya, Küveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış edib, eləcə də Türkiyə prezidenti R.T.Ərdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunub. 

Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı elan olunub. 

Bundan başqa, açılış mərasimində Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dövlət nişanı olan “Qüds Ulduzu” ordeni ilə təltif edib. M.Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin E.İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğulayıb.

mahmud-elsad.jpg (62 KB)

Təltifetmə mərasimi zamanı M.Abbasa təşəkkür edən E.İskəndərov bu qiymətin Azərbaycan dövlətinin təşəbbüsü ilə yaranan və prezident İlham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi kursuna uyğun həyata keçirilən beynəlxalq fəaliyyətdə İƏT Gənclər Forumunun bütün əməkdaşlarının zəhmətlərinə verilən yüksək qiymət adlandırıb.

Xatırladaq ki, “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlayıb. 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası “gənclər paytaxtı” elan olunub. 2018-ci il Qüds şəhəri “İslam Dünyası Gənclər Paytaxtı” elan edilib. ABŞ, İsrail və onun müsəlman ölkələrindəki lobbi qrupları son ana qədər layihənin baş tutmasına mane olmağa çalışıblar. Ancaq bütün cəhdlərə baxmayaraq layihə baş tutub.“Yeni Müsavat”

 






Fikirlər