“Bizim məmurların etdiyini Çin məmuru etsəydi...”

“Bizim məmurların etdiyini Çin məmuru etsəydi...”“...Onları əsgərə yox, dar ağacına yollayardılar”

Bu günlərdə Çində tənbəl məmurlara qarşı maraqlı və qeyri-adi cəza növü tətbiq edilib. Belə ki, inzibati dairələrdən biri yaxşı işləməyən dövlət qulluqçularını hərbi tipli düşərgələrdə təkmilləşmə kursları keçməklə cəzalandırıb.

Məlumata görə, Çindəki bu düşərgələr kiçik qanun pozuntularına görə cəza çəkənlər üçün təkmilləşmə kurslarını nəzərdə tutan daha geniş islah-təlim şəbəkəsinin tərkib hissəsidir. İndiyədək düşərgəyə 1,668 rəsminin göndərildiyi bildirilir.
Maraqlıdır, Çin nümunəsinin Azərbaycanda da oxşar formada tətbiqi mümkündürmü? Ümumiyyətlə, harınlamış, rüşvət və korrupsiyaya qurşanmış Azərbaycan məmurunu bir həftəlik hərbi təlimlə islah etmək olarmı?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən hüquqşünas Aslan İsmayılov hesab edir ki, öz vəzifə borcunun öhdəsindən layiqincə gələ bilməyən, rüşvət və korrupsiyaya qurşanan məmurlara qarşı ən effektiv mübarizə onların qanun qarşısında məsuliyyətə cəlb edilməsidir:

“Çin Xalq Respublikasının məmurları Azərbaycan məmurlarının etdiyini etsələr, onları bir həftəlik əsgərliyə yox, dar ağacına yola salar, dara ağacından asarlar. Tənbəl, səriştəsiz, rüşvətxor məmurlara qarşı fərqli quruluşlar fərqli üsullarla mübarizə aparır. Mən bu cür cəza növünün tərəfdarı deyiləm. Mən onun tərəfdarıyam ki, qanunu pozan məmur qanun qarşısında cavab versin. Qalan heç bir üsul effekt vermir”.






Fikirlər