BAKININ “PARİS GEDİŞİ”, 2-ci İsveçrə olmaq fürsəti – MÜHÜM GƏLİŞMƏ

İlham Əliyevin Fransa səfəri Ermənistanda təlaş yaratdı; Tramp Fransanı Azərbaycana tərəf itələyir - motiv; erməni politoloqlardan acı etiraflar:

“Ermənistanın durumu problematik, Azərbaycanın isə güclüdür və o, öz üstünlüyündən bizə qarşı istifadə edir...”

Azərbaycan prezidenti İlham Əliyev Fransaya rəsmi səfərdədir. Ölkə başçısının prezident Emmanuel Makronla təkbətək və geniş tərkibdə görüşü olacaq. Bu payız isə Makronun Azərbaycana və Ermənistana səfərləri planlaşdırılır. 

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri və ən böyük erməni lobbisinə malik dövlət olaraq, həmçinin Avropa Birliyinin aparıcı dövlətlərindən biri kimi Fransa ilə münasibətlərin müxtəlif sahələr üzrə inkişafı Azərbaycan üçün təbii ki, strateji önəm kəsb edir.

Xatırladaq ki, az öncə İlham Əliyev Makrona ünvanlandığı məktubda Dağlıq Qarabağ konfliktinin nizamlanması məsələsində həmsədr dövlət kimi Fransaya və şəxsən onun prezidentinə böyük ümidlər bəslədiyini xüsusi qeyd eləmişdi. “Biz münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc, ədalətli həllini böyük səbirsizliklə gözləyirik”, - deyə prezident vurğulamışdı.

Təxminən eyni vaxtda Fransanın Azərbaycana qarşı silah embarqosunu götürdüyü barədə xəbər yayılmışdı. Doğrudur, xəbər tam təsdiqini tapmadı. Ancaq dünyadakı mövcud geosiyasi reallıqlar belədir ki, hər bir dövlət, o cümlədən Tramp Amerikasının vaxtaşırı qəlizə saldığı Avropa dövlətlərindən biri kimi Fransa heç vaxt olmadığı qədər öz milli maraqlarından çıxış edir, yer aldığı bazarları qorumağa çalışır.

Belə bazarlardan biri silah bazarıdır. Ərazisinin bir hissəsi işğala məruz qalan Azərbaycan isə varlı ölkə kimi istənilən silah satıcısından silah alıb xeyri ona verə bilər. O sırada Fransanın olması da mümkündür və ikitərəfli əməkdaşlığa yalnız faydalar gətirə bilər. İlham Əliyevin Fransa ziyarəti və onun ikitərəfli əlaqələrə verəcəyi mümkün töhfələr belə görünür ki, ən çox bu üzdən Fransanın “kiçik bacısı” Ermənistanda xüsusilə qıcıq və narahatlıq doğurub. Bunu da unutmayaq ki, Fransa Qarabağdakı separatçı rejimin qanunsuz nümayəndəliyinin fəaliyyət göstərdiyi iri dövlətlərdəndir. 

*****

İlham Əliyev fransaya ile ilgili görsel sonucu

“Fransa ilə Azərbaycan arasında əlaqələrin qəfildən istiləşməsində ən böyük rolu o oynayır ki, ABŞ-ın demarşından sonra Avropa ölkələri özlərini daha təhlükəsiz hiss eləmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am saytına açıqlamasında erməni politoloq Anuş Sedrakyan son vaxtlar Bakı-Paris əlaqələrinin sıxlaşmasının səbəblərindən danışarkən deyib və ardınca Azərbaycan prezidentinin az öncə Makrona ünvanlandığı məktubda Qarabağla bağlı altını cızdığı sözlərə diqqət yönəldib.

Onun fikrincə, Azərbaycan iqtisadi resurs da daxil, hərbi məqsədlər üçün hər şeydən istifadə edə bilər: “Avropa ölkələri isə bütün münasib və qeyri-münasib yerlərdə özlərinə müttəfiqlər axtarırlar. Sual ortaya çıxır - niyə bu müttəfiq Ermənistan deyil? Ona görə ki, hazırda Avropa qarşısında hüquqi və ya demokratik planda problemlər yox, qaz, energetika, iqtisadiyyat, hərbi xarakterli problemlər dayanır. Amerika bazarı məhdudlaşandan sonra bazar uğrunda mübarizə gedir. Ona görə də biz Avropa tərəfdən elan edilən dəyərlərə uyğun gəlməyən hərəkətlər görürük. Bu, ABŞ-dakı son prezident seçkisindən sonra başlayan ümumi tendensiyadır. Hazırda genişmiqyaslı yerdəyişmələr baş verir və bu yerdəyişmələrdə də Azərbaycan öz yerini tapacaq, çünki bazara çıxarmağa resursu var. Ermənistana gəlincə, situasiya problematikdir. Biz Rusiyada bazar axtarırıq, amma mən bu qədər vaxtda bir dəfə də görmədim ki, Rusiya Ermənistana ağıllı bir təklif eləsin. Moskvanın verəcəyi yeganə şey - müharibəni qızışdırmamaqdır”.

Kayts Minasyan ile ilgili görsel sonucu

Digər erməni politoloq Kayts Minsyan Fransanın bu yaxınlarda Azərbaycana satdığı peyki xatırladaraq deyib ki, Bakı bu peyk vasitəsilə sərhəddə baş verənləri müşahidə edə bilər: “Bu, silahdır, ya yox? Fransızlar üçün yox, Azərbaycan üçün isə silahdır və Ermənistana təhlükədir. Fransızlar özlərinə haqq qazandırmaq üçün deyirlər ki, nəticə aydın deyil, peyk 10 metr fərqlə əşyaları fiksə edir. Bütün bunlar boş sözlərdir - peyklə tank və ya təyyarə əla görünür. Odur ki, erməni tərəfi öz problemlərini dəqiq qoymalıdır. Fransızlar tank və ya təyyarə satmırlar, ancaq peyk satmaqla erməni tərəfini zəiflədirlər. Bundan əlavə, Azərbaycan istənilən motivdən yararlanaraq, erməni-Fransa əlaqələrini zəiflətməyə çalışır. Azərbaycanın iqtisadiyyatı güclüdür və o, bu üstünlükdən Fransa və ya istənilən digər ölkə ilə əlaqələrdə istifadə eləmək istəyir”.

*****

Rəsmi Bakı sözsüz ki, bu hədəflərə həm də xarici siyasətin şaxələndirilməsi, başqa sözlə, balanslı xarici siyasət hesabına çatmağa çalışır - hansı imkanlar ki, Rusiyanın vassalı olan Ermənistanda yoxdur. Bu xüsusda az öncə Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin Brüssel səfərləri iki ölkənin Avropa üçün fərqli dəyərini üzə çıxardı. Paşinyan əli ətəyindən uzun Ermənistana qayıtdı, Azərbaycan isə Qarabağ məsələsi də daxil, özünə münasibətdə Avropada əlverişli anlaşmaya nail oldu, ölkəmizin qitə üçün energetik və geosiyasi dəyəri bir daha, xüsusi vurğulandı.    

İlham Əliyev fransaya ile ilgili görsel sonucu

“Azərbaycan aparıcı dünya mərkəzləri - ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və İran arasında ”qırmızı xətti" keçmədən çox məharətlə manevr edə bilir". “Yeni Müsavat”ın məlumatına görə, bu barədə polit-asia.kz. saytındakı təhlili məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Azərbaycan rəhbərliyi son illər Bakı-Tehran münasibətlərini yeni səviyyəyə qaldırmaq üçün az səylər göstərməyib. Bu günə Astara (Azərbaycan)-Astara (İran) dəmiryolunun inşası başa çatıb. Bakı üstəlik, İrana Astara-Rəşt dəmir yolunun tikintisi üçün yarım milyard dollar həcmində güzəştli kredit verib. Birgə avtomobil zavodu inşa edilib. Rəsmi Bakı habelə Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib”.

Məqalə müəllifinə görə, 11 aprel 2018-ci il seçkilərində 86% səs toplayan İlham Əliyev əslində Azərbaycanı regionda ikinci İsveçrəyə çevirəcək hədəflərə çatmaq üçün xalqdan kart-blanş alıb: “Bu fonda bütün siyasi və iqtisadi problemlərin həlli mümkün olacaq. Azərbaycan rəhbərliyi heç bir tərəfə boylanmadan və ABŞ-ın sanksiyalarına rəğmən, təkcə İran və ya Rusiya ilə deyil, istənilən ölkə ilə siyasi-iqtisadi əlaqələr qurmaq hüququnda təkid edəcək”.

İlham Əliyevin bu gün səfərə yollandığı Fransa o sırada öndə gələn dövlətlərdəndir.






Fikirlər