"Telekanallardakı Bədii Şura heç nə ETMİR

"Telekanallardakı Bədii Şura heç nə etmir"

Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli efirlərdən şikayətlənib.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, tədbirlərdən birində media nümayəndələrinin suallarını cavablandıran bəstəkar bayağı mahnılardan söz açıb:

"Müğənnilər gündəmin nəbzini repertuarlarına saldıqları ucuz və bayağı mahnılarla zənginləşdirirlər. Etirazlara baxan yoxdur. Gəlin birləşib efirləri baykot edək. Bayağı mahnılar efirləri zəbt edib. Əvvəl konsertlərə necə maraqla baxırdıq. Onlar şou-proqram, toy fikirləşmirdilər.

Bu haqda çox danışdım, amma gördüm, fikir verən yoxdur. Əgər musiqimizi qorumuruqsa, o deməkdir ki, özümüzü də qorumuruq. Bəsit musiqilər efirdə səsləndikcə kənardan gələnlər də elə bilirlər ki, bizim musiqimiz elə bundan ibarətdir".

N.Mirməmmədli türkiyəli şoumen Cem Yılmazın Bakı səfərindən söz açıb. O, aktyorun dediyi "Bir həftə Bakıda qalsam, Xalq artisti olaram" sözlərinə əsəbiləşdiyini etiraf edib.

Bəstəkar telekanallarda yaradılan Bədii Şuranın heç bir xeyrinin olmadığını bildirib:

"Bədii şuraların fəaliyyəti hələ ki görünmür. İstəmirəm dava, savaş, qalmaqal olsun. Bu sadəcə adi vətəndaşın sözüdür.

Övladlarım TV kanallarda səsləndirilən musiqiləri dinləmir, müğənniləri də izləmir. Biz yorulmuşuq".

Bayağı ifaçı adlandırılan müğənnilər Damla və Şəbnəm Tovuzlu ilə bağlı suallara Mirməmmədli "Hər iki müğənninin səs tembrləri bir-birindən fərqlidir. Yəni öz yeri var. Amma onların repertuarını qınayıram. Eyni tip mahnılar ifa olunur. Peşəkar bəstəkarlara müraciət etsinlər" cavabını verib.






Fikirlər