İrəvan Bakının önəmli şərtlərini açıqladı: Əliyev Paşinyan ətrafında “çənbəri” daraldır

Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması da daxil olmaqla, bütün sadalanan tələblərin yerinə yetirilməsi Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini region ölkələrinin üzünə aça bilər… Ölkəmizin ərazisində erməni silahlı terrorçu dəstələrinin hələ də qalması yolverilməzdir və onların tərksilah edilməsi regionda təhlükəsizlik maraqları baxımından da olduqca vacib şərtlərdən biridir…

Ermənistanın xarici siyasət kursu bir çox önəmli suallar doğurur. Çünki, rəsmi İrəvanın atdığı addımlar, verdiyi bəyanatlar zamana görə dəyişir. Bir qayda olaraq, kəskin ziddiyyətlərlə diqqəti çəkir. Və bu, əslində, Ermənistanın xarici siyasət kursunun olmadığını da təsdiqləyir.

Rəsmi İrəvan adətən, Ermənistanın xarici himayədarlarının diqtəsi, təlimatları ilə hərəkət edir. Ona görə də, rəsmi İrəvanın davranışları da məhz təlimat müəlliflərinin maraqlarına uyğun olaraq, tez-tez dəyişir. Və nəticədə Ermənistan “sürüşkən xarici siyasət” modelinin girovuna çevrilməklə, öz gələcək taleyi barədə həlledici qərar vermək şansını itirir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uzanaraq, nəticədən uzaq qalması qətiyyən təəccüblü deyil. Yəni, rəsmi İrəvanın öz siyasi iradəsi ilə hərəkət etmək şansı olmadığından sülh prosesində kənardan verilən təlimatlara uyğun şəkildə yalnız əngəlləyici faktor rolunu oynaya bilir. Və bu, hazırda Cənubi Qafqazda sülhün və sabitliyin bərpa olunması qarşısında əsas problemlərdən biridir.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB) 

Təbii ki, belə qeyri-müəyyən situasiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü istənilən halda, sülh prosesində irəliyə doğru bir addım hesab oluna bilər. Ancaq hələlik, bu görüşün nəticələri barədə o qədər də geniş məlumat yoxdur. Və tərəflərin hansı mövzular üzrə prinsipial anlaşmaya yaxın olduğu qətiyyən məlum deyil.

Rəsmi Bakının verdiyi məlumata görə, görüşdə xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən dərhal çıxarılmasını növbəti dəfə tələb edib. Eyni zamanda, sülh sazişinin mətninin hazırlanması üzrə də müzakirələr olub. Əslində, bu, görüşün keçirilməsinin əsas səbəbi sayılırdı.

Ermənistan tərəfinin məlumatına görə, erməni nazir Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilərin hüquq və azadlıqlarının təmin edilməsinin vacibliyini qeyd edib. Hələlik, məlum deyil ki, rəsmi İrəvan "ermənilərin hüquq və azadlıqları" dedikdə, nələri nəzərdə tutur. Çünki, ermənilərin belə mövzularla bağlı dünyada qəbul edilmişdən fərqli, yalnız özlərinin başa düşə biləcəyi anlayışları var.

Məsələ ondadır ki, rəsmi Bakı Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin hüquq və azadlıqlarının məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin ediləcəyini dəfələrlə vurğulayıb. Rəsmi Bakı ölkə ərazisində yaşayan ermənilərə Azərbaycanın digər vətəndaşlarına aid olan bütün hüquq və azadlıqları verməyə hazırdır. Ancaq əgər, rəsmi İrəvan ermənilər üçün xüsusi imtiyazlar istəyirsə, bu, mümkün deyil. Çünki Azərbaycan dövləti öz vətəndaşları arasında ayrıseçkiliyə yol vermək niyyətində deyil.

Digər tərəfdən, rəsmi İrəvan Bakı və Xankəndi arasında da dialoqun qurulmasını təklif edir. Bunun da əsas məqsədi hələlik tam aydınlaşmayıb. Əgər, Ermənistan bu məsələni gündəmə gətirərkən, Azərbaycanın Qarabağ regionunun bir hissəsindəki "erməni problemi"ni Azərbaycanın daxili işi kimi qəbul edirsə, bu, başqa mövzudur.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB) 

Yox, əgər, rəsmi İrəvan Bakı və Xankəndi arasında bərabər səviyyəli danışıqlar formatı barədə düşünürsə, ermənilər bunu heç xəyallarına belə, gətirməsələr daha yaxşı olar. Çünki, rəsmi Bakı bununla heç vaxt razılaşmaz. Və Minsk Qrupunun həmsədrlərinin dəstəyi ilə Ermənistanın 30 il ərazində müxtəlif “hiyləgər oyunlar” icad etdiyi dövr artıq çoxdan arxada qalıb.

İndi əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasına nail olmaqdır. Həmin sülh sazişində Ermənistan Xankəndi və ətraf bölgə də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycana qarşı ərazi iddialarından birmənalı şəkildə imtina etməlidir. Yalnız bu halda, Cənubi Qafqazda sülh və sabitlik üçün real zəmin yaranmış olacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də yekun sülh sazişinin hazırlanması baxımdan, müəyyən addımlardan biridir. Çünki, noyabr ayında keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşünə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin hazırlanması istiqamətində müəyyən məsafənin qət edilməsi olduqca vacibdir. Və buna hansı səviyyədə nail olunacağı da ən qısa zamanda məlum olacaq.

Hələliksə, tərəflər qarşılıqlı olaraq, öz şərtlərini, tələblərini ön plana çıxartmağa çalışırlar. Son məlumatlara görə, rəsmi Bakının da Ermənistandan bir sıra ciddi tələbləri mövcuddur. Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyana məxsus olan qəzet Azərbaycanın Ermənistan qarşısında qoyduğu həmin tələbləri açıqlayıb.

s1oHmLCtucJIoQ2aafYq.jpg (24 KB) 

Erməni qəzetinin iddiasına görə, Qarabağda separatçı-terrorçuların qeyri-qanuni silahlı dəstələri oradan ya çıxarılmalı, ya da ümumiyyətlə, ləğv olunmalıdır. Qarabağı heç bir status olmadan, Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır. Ermənistan ərazisindən keçən dəhlizi açmadır. 1919-1920-ci illərin xəritələrinə əsasən, delimitasiya və demarkasiya prosesinə başlamalıdır. Və itkin düşmüş azərbaycanlıların taleyi haqqında dəqiq məlumat verməlidir.

Göründüyü kimi, tamamilə ədalətli və haqlı tələblərdir. Əgər, rəsmi İrəvan həqiqətən də sülh və sabitlik bəyanatlarında səmimidirsə, onda, Azərbaycanın tələblərini yerinə yetirmək Ermənistan üçün elə bir ciddi çətinlik törətməməlidir. Məsələn, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit olunmuş ərazisində erməni silahlı terrorçu dəstələrinin olması yolverilməzdir. Və belə qanunsuz terror dəstələrinin ləğv olunması regionda təhlükəsizlik maraqları baxımından da olduqca vacib şərtlərdən biridir.

Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması da daxil olmaqla, bütün sadalanan tələblərin yerinə yetirilməsi Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini region ölkələrinin üzünə aça bilər. Bu baxımdan, Paşinyan hakimiyyəti vaxt itirmədən, rəsmi Bakının tələblərini yerinə yetirməlidir. Və Ermənistan bundan sonra regionda hərbi-siyasi gərginliyi artıran təxribatlardan imtina etməlidir.

Elçin XALİDBƏYLİ,
 musavat.com






Fikirlər