Paşinyan Putinə vədlərindən yayınır: Bakının İrəvana təzyiqləri Kremlin təhdidlərindən önə çıxır

Paşinyan hakimiyyəti Ermənistanın ABŞ və Qərbin siyasi dəstəyini itirməsini və buna paralel olaraq, Azərbaycanın hərbi potensialı qarşısında təkbaşına qalmasını istəmir; Bu səbəbdən də, böyük ehtimalla rəsmi İrəvan tədricən Rusiyanın maraqlarının girovuna çevrilmək təhlükəsindən yayınmağa üstünlük verə bilər...

Rusiyanın cəhdləri boşa çıxmağa başlayıb. Kreml Ermənistanı nəzarətdə saxlamaqda artıq çətinlik çəkir. Paşinyan hakimiyyəti “sürüşkən siyasət” kursuna sadiq qalmaqda davam edir. Və belə vəziyyətdə Kremlin rəsmi İrəvanı öz təsir dairəsində saxlaması o qədər də asan məsələ deyil.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərinin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə həlledici səviyyədə təsir göstərə biləcəyi ehtimal olunurdu. Əsas iddialar ondan ibarət idi ki, erməni baş nazir Kremldə Rusiya prezidenti Vladimir Putinin təzyiqləri qarşısında davam gətirə bilməyəcək. Və nəticədə rəsmi İrəvan Brüssel anlaşmalarından uzaqlaşmaq məcburiyyətində qalacaq.

Əslində, bu ehtimallar ilk mərhələdə özünü böyük ölçüdə doğrultdu. Belə ki, Kremldə erməni baş nazirə həqiqətən də təzyiq göstərildi. Hətta prezident V.Putinin “Dağlıq Qarabağda çoxlu problemlər var. Biz həmin problemləri və Dağlıq Qarabağın təhlükəsizlik məsələlərini baş nazir Nikol Paşinyanla müzakirə edəcəyik” deməklə, Kremlin mümkün təzyiqlərinin məzmununu təxmin etməyə imkan verirdi. Sonradan erməni baş nazirin yaxın ətrafından sızan məlumatlardan aydın oldu ki, Kreml rəsmi İrəvandan Brüssel anlaşmalarından imtina edilməsini, Azərbaycanla sülh danışıqlarında üçtərəfli formatın içərisində qalınmasını, ABŞ və Qərbin vasitəçiliyinə qarşı çıxılmasını tələb edibmiş.

ermeni-separatchiler.jpeg (220 KB)

Təbii ki, Rusiyanın for-postu olan Ermənistanın baş naziri N.Paşinyan da Kremlin tələbləri ilə razılaşıb. Moskvadan qayıtdıqdan sonra verdiyi ilk açıqlamalarında baş nazir N.Paşinyan hətta Kremlin təlimatlarına sadiqliyini də nümayiş etdirməyə çalışdı. O, “Dağlıq Qarabağı” Azərbaycana təhvil verməyə hazırlaşmadığını, rəsmi Bakı ilə sülh sazişinin mətnini ictimai müzakirələrə çıxaracağını vurğuladı. Və bu, əslində, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesinin əvvəlcə uzadılması, sonrasa ümumiyyətlə, pozulması təhlükəsindən xəbər verirdi.

Ancaq son vaxtlar rəsmi İrəvanın mövqeyində yenidən fərqli meyillər müşahidə edilməyə başlayıb. Belə ki, Paşinyan hakimiyyəti Kremlin tələblərinə sona qədər sadiq qalmağa həvəsli olmadığını biruzə verir. Böyük ehtimalla rəsmi İrəvan yalnız özünün “sürüşkən siyasət” kursuna sadiqdir. Ermənistanın xilas edilməsi prosesini həm geopolitik, həm də Ukrayna savaşı ilə bağlı yaranmış vəziyyət üzərindən yürütməyə çalışır.

Məsələ ondadır ki, Ermənistan KİV-ləri öz mənbələrinə istinadən, Paşinyan hakimiyyətinin Ukrayna savaşının mümkün nəticələri ilə bağlı ciddi tərəddüdlərinin olduğunu iddia edirlər. Həmin iddialara görə, rəsmi İrəvan Rusiyanın Ukrayna savaşında qalib gələ biləcəyinə artıq ciddi şəkildə şübhə edir. Ona görə də, Azərbaycanla sülh sazişinin hazırlanması prosesini Rusiyanın regional maraqlarına qurban verməkdən çəkinir.

Çünki, bu halda, Ukrayna savaşında məğlub olub, zəifləmiş Rusiyanın Cənubi Qafqazdan çəkilmək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Belə olacağı təqdirdə, Brüssel anlaşmalarından imtina etmiş Ermənistan özündən müqayisəedlməz səviyyədə güclü Azərbaycanla və rəsmi Bakının NATO üzvü olan müttəfiqi Türkiyə ilə təkbaşına qala bilər. Bu isə Ermənistanın gələcək taleyi üçün böyük təhlükə deməkdir.

f711b80691530f846ecd40a6ab0e02d0.jpg (293 KB)

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Brüssel görüşündə Paşinyan hakimiyyətinin rəsmi Bakı tərəfindən irəli sürülən beş prinsipi qəbul etdiyini vurğulayıb. Azərbaycan lideri bildirib ki, sülh sazişi məhz həmin beş prinsip əsasında hazırlanacaq: “Bu, Ermənistan üçün demək olar ki, son şansdır”.

Göründüyü kimi, rəsmi İrəvan üçün geopolitik şərtlərin tələbləri daha da qəlizləşməyə başlayıb. Hər halda, rəsmi Bakı ən qısa zamanda sülh sazişi imzalanmasa, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağını və bu mövqeyini açıq şəkildə elan edəcəyini artıq bəyan edib. Sərhədlərin delimitasiya və demarkasiya olunmadığı bir şəraitdə, özünün müdafiə etmək üçün hərbi potensialı olmayan Ermənistan üçün bunun nə demək olduğunu yəqin ki, Paşinyan hakimiyyəti yaxşı anlayır.

Maraqlıdır ki, rəsmi Bakının sərt xəbərdarlığı artıq öz təsirini göstərməyə başlayıb. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefon danışığında Brüssel anlaşmalarının icrası ilə bağlı məsələlər müzakirə edilib. Sülh sazişinin hazırlanması, eləcə də, sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyaların formalaşdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Belə anlaşılır ki, rəsmi İrəvan Rusiyadan nə qədər qorxsa da, ABŞ və Qərbin də tövsiyyə etdiyi kimi, Azərbaycanla ikitərəfli təmaslara geri dönmək məcburiyyətində qalıb. Halbuki, Kreml erməni baş nazirdən Brüssel anlaşmalarına uyğun olan ikitərəfli təmaslardan imtina olunmasını, əvəzindəsə, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli müzakirələrə qayıdılmasını tələb etmişdi. Bu, baxımdan, baş nazir N.Paşinyanın tədricən Kremldə verdiyi vədlərdən yayınmağa çalışacağını düşünmək olar.

Üstəlik, Kremlin “sehirli çubuğu” ilə hərəkətə gətirilmiş revanşıst erməni müxalifətinin “çevriliş şüarları” ilə Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyalarının da uğursuz olması rəsmi İrəvana Brüssel anlaşmalarına qayıdış cəsarəti verməyə başlayıb. Böyük ehtimalla indi Paşinyan hakimiyyəti Rusiyadan daha çox Brüssel anlaşmalarından imtina edəcəyi təqdirdə, ABŞ və Qərbin dəstəyini itirə biləcəyindən çəkinir. Və bu, Paşinyan hakimiyyəti üçün Ermənistan cəmiyyətində dayaqları zəif olan Rusiyayönümlü revanşist müxailifətin “çevriliş təhdidləri”ndən daha təhlükəli ola bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti üçün indi ABŞ və Qərbin səhnəarxası xəbərdarlıqları və Azərbaycanın Brüssel anlaşmalarının icrasına yönəlik təzyiqləri daha keçərlidir. Rəsmi İrəvan ABŞ və Qərbin siyasi dəstəyini itirmək və buna paralel olaraq, Azərbaycanın hərbi potensialı ilə təkbaşına qalmaq istəmir. Bu baxımdan, hazırda rəsmi Bakının təzyiqlərinin Paşinyan hakimiyyətinə təsiri Kremlin təhdidlərindən daha çoxdur. Və böyük ehtimalla rəsmi İrəvan tədricən Rusiyanın maraqlarının girovuna çevrilmək təhlükəsindən yayınmağa üstünlük verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər