Nəcməddin Sadıkovu həbsdən kim qoruyur – Tural Abbaslı istinad verir

“Uzun müddətdir ki, keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun həbsi məsələsini qaldırmışıq. Düşünürəm ki, Vətən müharibəsindən sonra orduda yoxlamalar aparılmalı idi, çünki müharibə oradakı boşluqları ortaya çıxardı. Bundan sonra Sadıkov həbs olunmalı idi”. 

Bu sözləri Globalinfo.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı millət vəkili Fazil Mustafanın Milli Məclisin bu gün keçirilən iclasında keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun mühakimə olunmasını istəməsi haqda danışarkən deyib.

O bildirib ki, N.Sadıkov, az qala, son 30 il ərzində qərargah rəisi olub və ordudakı bütün yeyintilər, çatışmazlıqlar, hətta bəzi xəyanətlər onunla bağlıdır:

“Tərtər işi” hadisələrindən sonra belə Nəcməddin Sadıkovun ortalıqda rahat şəkildə gəzməsi cəmiyyətdə təəccüb və hiddət doğurdu. Amma ola bilər ki, onu hansısa siyasi qüvvələr qoruyur. Sadıkov haqqında istintaq işləri başlamalı və o, mütləq həm “Tərtər işi”nə, həm də ordudakı yeyintilərə görə həbs olunmalıdır”.

T.Abbaslı deyib ki, maaşla milyonçu olmaq qeyri-mümkündür:

“Necə ola bilər ki, maaşla dolanan generalın milyonları var? Əgər bu adam doğrudan da maaşla yaşayan biri olubsa, bəs bu milyonlar hardandır? Yox, maaş deyil, ordunu talayıbsa, o zaman ağır cəza almalıdır. Hər zaman demişəm, təkrar edirəm, Nəcməddin Sadıkov “5-ci kolon”un Azərbaycan ordusundakı rəhbəri idi. Bu isə siyasi xəyanətdir. Partiya və müxalifət olaraq bu cür insanların həbsinin tərəfdarıyıq”.

 






Fikirlər