Gərginlik pik həddə: nüvə müharibəsi başlayacaqmı? – Politoloq
Rusiya lideri Vladimir Putinin Federal Məclisə müraciəti, ardınca ABŞ Prezidenti Cozef Baydenin Polşadakı çıxışı müharibənin gedişatı ilə bağlı gərgin müzakirələrə səbəb olub. Xüsusilə Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırması beynəlxalq mütəxəssislər tərəfindən III Dünya müharibəsi ehtimalını yenidən gündəmə gətirib. Son prosesləri Globalinfo.az-a şərh edən politoloq İlqar Vəlizadə nüvə müharibəsi ehtimalının gücləndiyini bildirib: “Bir müddət öncə ABŞ-ın Baş Qərargahlar rəisi nüvə müharibəsi mümkünlüyünü ön plana çəkərək Rusiya-Ukrayna müharibəsinə danışıqlar masasında son qoyulacağını bildirdi. Son hadisələr nüvə müharibəsini qaçılmaz edir. Bunun qarşısını isə yalnız danışıqlar yolu ilə almaq mümkündür. ABŞ-ın siyasi dairələri də düşünürlər ki, hazırkı müharibəni o səviyyəyə çatdırmaq olmaz, çünki bu, qlobal fəsadlara səbəb ola bilər. Amma mövcud hadisələr göstərir ki, tərəflər bu xətti keçməyə yaxındırlar. Məsələn, rəsmi Vaşinqtonun Kiyevə ciddi ölçüdə silah yardımı, Ukraynanın müqaviməti artırması, Rusiyanın hücumları gücləndirməsi müharibəni daha da şiddətləndirir”.
İ.Vəlizadə Trampın mövcud vəziyyətdən istifadə edərək Baydenin əleyhinə üstünlük qazanmağa çalışdığını söyləyib: “Belə vəziyyətdə Amerikadakı sülh və müharibə tərəfdarları açıq şəkildə bəlli olur. Rusiyada isə demək olar, sülh tərəfdarları qalmayıb, onlar müxtəlif yollarla ölkəni tərk edirlər. Qaydalar sərtləşdirilib, sülh çağırışı edənlər qanunu pozmuş hesab olunur. Amerikadakı sülh tərəfdarları düşərgəsinə liderliyi isə Donald Tramp edir. Onu məqsədi bu düşərgədə liderliyini qoruyub saxlamaq, C.Baydenə daxili siyasətdə müəyyən dərəcədə qarşı çıxmaqdır. Həmçinin ABŞ elitasının bir qismi müharibənin davam etdirilməsini istəmir. Onlar nüvə ssenarisinin real ola biləcəyinin fərqindədirlər”. Politoloq münaqişənin Dünya müharibəsinə çevrilmə ehtimalını da dəyərləndirib: “Trampla Putinin kifayət qədər yaxın münasibəti var. D.Tramp bu vasitə ilə Putini nüvə silahından istifadə mövzusundan çəkindirməyi bacaracağını fikirləşir. Amma ABŞ və Rusiyanın yaxın zamanda müharibənin taleyi ilə bağlı ciddi dəyişiklik etməyə çalışacaqlarını düşünmürəm. Hər iki tərəfdən sərt çıxışlar daxili auditoriya amili nəzərə alınaraq səsləndirilir. Hazırkı vəziyyət isə iki tərəf üçün də məqbul sayılmır”.