İlginc xəbərdarlıq: Vəziyyət gərginləşir, Kremlin vurulması istisna edilmir

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib. Bunun ardınca isə Fransa və Böyük Britaniya da SCALP/ “Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verdiyini açıqladı. Bütün bunların fonunda Rusiya Ukraynaya intensiv raketlər endirməyə başlayıb. Digər tərəfdən diqqətçəkən məqam isə Kanada Baş naziri Castin Trüdonun verdiyi açıqlama oldu. O, artıq Ukrayna müharibəsinin bitdiyini qeyd edib.

Bir-biri ilə ziddiyyət təşkil edən proseslər nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, sözügedən icazənin verilməsini Ukrayna uzun müddətdir ki, gözləyirdi:

“Bu, rəsmi Kiyevin Kremli vuracağı anlamına gəlmir. Rusiyanın daxilində Ukraynaya qarşı hücumların olduğu hərbi obyektləri vurmağı hədəfləyir. Vəziyyət daha da gərginləşərsə, bu zaman Kremlin vurulması istisna edilmir. Bir neçə dəfə sözügedən proseslə bağlı icazənin verilməsi məsələsi gündəmə gəlmiş, lakin yekun nəticə çıxmamışdı. İndi belə bir qərarın qəbul edilməsi özlüyündə müəyyən narahatlıqlara səbəb oldu. Belə ki, Tramp tərəfdarı olan konqresmen Taylor Qrin Baydenin bu qərarının Üçüncü Dünya Müharibəsinə səbəb olacağı haqqında sosial media hesabında paylaşım edib”.

Elşad Həsənov

Politoloqun sözlərinə görə, Baydenin ardınca Fransa və Böyük Britaniyanın Ukraynaya Rusiyanın daxilinə SCALP raketləri ilə zərbələr endirməsinə icazə verməsi artıq həmin dövlətlərin hazırlıq içərində olmasından xəbər verir:

“Görünür, müharibə qızışaraq çox gərgin mərhələyə daxil olur. Rusiya da Ukraynanın demək olar ki, bütün şəhərlərinə atəş açdı. Ukrayna şəhərlərinin əsas enerji mənbələrini məhv etdi. Çox böyük dağıntılar oldu. Verilən məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən şiddətli raket zərbələri məhz elə dünən endirilib.

Dünya dövlətləri prosesi yaxşı görürlər. Bir neçə gün öncə Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə sözügedən məsələ ilə bağlı telefon danışığı aparıb. Putinin normal danışıqları başa düşmədiyini, güc yolu ilə danışmağın lazım olduğunu vurğulayırlar”.

Elşad Həsənov vurğulayıb ki, həmin icazələr böyük müharibənin başlamasını istisna etmir:

“Digər ölkələr də müəyyən qədər təsir görəcək. Kanadanın müharibənin bitməsini elan etməsi isə absurddur. Hazırda müharibə gərgin formada davam edir. Doğrudur, Donald Tramp hakimiyyətə gəldikdən sonra müharibəni bitirəcəyini vəd etdi, lakin buna hələ 2 aya yaxın vaxt var. Buna qədər çox məsələlər həll edilə bilər. Co Bayden strateji addım atdı”.

 






Fikirlər