Türkiyə mediası Azərbaycan bayrağından yazır - FOTOLAR
Bakıdakı Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayrağımız ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. AzerTaym.az Oxu.Az-a istinadən xəbər verir ki, bu hadisə Türkiyə mediasında da əks-səda doğurub. İHA xəbər agentliyi bununla bağlı xəbərində bayrağın parametrləri barədə məlumat paylaşıb: "36 metr eni və 72 metr uzunluğu olan böyük ölçülü bayrağın çəkisi 500 kiloqramdan çoxdur. İki gün əvvəl, noyabrın 6-da rəsmi olaraq "Ginnesin rekordlar kitabı"na düşən bayraq Azərbaycanın Zəfər Günündə ölkə Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə qaldırılıb". NTV telekanalı da hadisəni işıqlandırıb və bayraqla bağlı öncəki rekordu da qeyd edib. "Dövlət Bayrağı Meydanındakı 162 metrlik bayraq dirəyi 2010-cu ildə Ginnes Rekordlar Təşkilatı tərəfindən dünyanın ən hündür bayraq dirəyi kimi təsdiqlənmişdi. Daha sonra Tacikistan, Səudiyyə Ərəbistanı və Misirdəki (201.9 m) bayraq dirəkləri bu rekordu yeniləmişdi". "Haber Global" da Azərbaycan bayrağı haqqında geniş məlumat təqdim edib.