AŞ PA-da QARABAG qətnaməsinin qəbulunu Nuland əngəlləyibmiş – ŞOK iddia

AŞ PA-da Qarabağ qətnaməsinin qəbulunu Nuland əngəlləyibmiş – şok iddia Amerikadan Azərbaycana Qarabağ zərbəsi; Azərbaycan üçün olduqca mühüm əhəmiyyətli sənədin tormozlanmasında ABŞ-ın müstəsna rol oynaması haqda ciddi iddia var; günün sualı: Qarabağ təşəbbüskarlığı bütünlüklə Amerikaya keçsə, problem ədalətli həllini taparmı?.. 

 

Əksər təhlilçilərə görə, səbəblər ATƏT-in Minsk Qrupu həmsədrlərinin sessiya ərəfəsində verdiyi məlum ermənipərəst bəyanat, Azərbaycan tərəfinin yetərli diplomatik-siyasi fəallıq göstərməməsi və arxayınçılığı, erməni tərəfinin və erməni lobbisinin isə əksinə, sənəd əleyhinə quruma üzv ölkələrin siyasiləri səviyyəsində din amilini də qabartmaqla güclü kampaniya aparması olub. Cəmi 4 səsin çatışmaması bunu dolayısıyla bir daha təsdiq edir.
 
Yada salaq ki, Rusiyadan olan 18 nəfərlik nümayəndə heyəti sessiyada (səsvermədə) iştirak eləməyib. Aydındır ki, iştirak eləsəydi, ermənilərin mövqeyi daha güclü olacaqdı. Ayrı sözlə, bu, unikal bir şans idi ki, Qarabağa dair sənədin səsvermədən keçməsi üçün minimum fəallıq ortaya qoyulmaqla nəticəyə nail olunsun. Əfsus ki, ortaya qoyulmadı. Azərbaycan yalnız ikinci sənədin - Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu ilə təsəlli tapmalı oldu. 
 
Doğrudur, ikinci sənəddə də Ermənistan birmənalı şəkildə işğalçı kimi göstərilib və ondan işğal elədiyi ərazilərdən tezliklə çıxmaq tələb olunur. Ancaq bilavasitə Dağlıq Qarabağ münaqişəsinə və onun həlli prinsiplərinə həsr olunan  birinci sənəd qəbul edilsəydi, ölkəmizin məsələdə manevr imkanları daha güclü, dilimiz daha uzun olardı - o cümlədən ermənipərəst həmsədrlər qarşısında. Bununla həmçinin vasitəçiləri çox güclü fakt qarşısında qoya bilərdik. 
***
Bu arada AŞ PA-dakı sənədin keçməməsinin başqa yeni, ilginc detalları məlum olub. Həmin detalları ermənipərəst ABŞ konqresmeni Adam Şiff “Horizon Life” verilişi çərçivəsində “Asbarez” erməni nəşrinin baş redaktoru Ara Xaçatryana müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Dağlıq Qarabağa dair qətnamənin qəbul olunmamasında müstəsna rol oynayıb. 
 
“Hələ AŞ PA-da sənədin müzakirə olunmasından qabaq mən ABŞ Dövlət Departamentinə və regional səfirlərdən birinə müraciət eləmişdim. Müraciətdə qeyd eləmişdim ki, bu, Azərbaycanı müdafiə edən birtərəfli sənəddir. Həm səfir, həm də Nuland bəyan eləmişdilər ki, bunun üstündə işləyəcəklər”, - deyə konqresmen qeyd edib. 
Şiff əmin olduğunu bildirib ki, məhz bu səylərin nəticəsində Qarabağa dair qətnamə layihəsi keçməyib. “AŞ PA sessiyasına su ilə bağlı daha bir qətnamə layihə təqdim olunmuşdu - hansı ki, qəbul olunub. Ancaq hesab edirəm ki, qətnamələrdən daha destruktiv olanı keçməyib” - əlavə edib ermənipərəst Konqresmen.
***
Bu yerdə onu da qeyd edək ki, Adam Şiff Amerika erməni lobbisinə bağlı şəxs kimi ölkəmiz əleyhinə zaman-zaman başqa təşəbbüs və aktlarda da iştirakçı olub, müəlliflik edib. Azərbaycanı sevməyən, onun ərazi bütövlüyü və suverenliyinə əsla hörmət eləməyən bu adam - Adam Şiff yəqin ki, bundan sonra da öz anti-Azərbaycan əməlindən qalmayacaq. Lakin onun qətnamə ilə bağlı söylədikləri bəzi yeni və ciddi suallar ortaya çıxarır.   
Suallardan biri budur ki, əgər ABŞ dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğu bir sənədin qəbulunu ermənilərə görə əngəl yaradırsa, o zaman biz necə əmin ola bilərik ki, Qarabağa dair təşəbbüskarlıq günün birində bütünlüklə Rusiyadan onun özünə keçsə, Vaşinqton məsələnin həllində daha ədalətli mövqe tutacaq, necə deyərlər, Rusiyaya “rəhmət oxutdurmayacaq”?      
 
Xatırladaq ki, bir neçə il öncə BMT-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini özündə ehtiva edən Qarabağ sənədi səsə qoyularkən ABŞ məsələdə guya “neytral vasitəçi” imicini saxlamaq üçün Rusiya və Fransa ilə birgə bitərəf qalmışdı. Azərbaycan sözsüz ki, bunu da unutmayıb. Nulandla bağlı son iddia isə bir daha rəsmi Bakının Qarabağ ixtilafının həlli üçün başqa, daha effektli və ədalətli format axtarışına çıxmaqda nə qədər haqlı olduğunu göstərir.  
    
***
Əlavə edək ki, məlum olaylardan sonra Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın da təhsil olunduğu Minsk Qrupu həmsədrlərini konflikti həll eləmək istəyində olmamaqda ittiham eləmişdi. “Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki işğalçı Ermənistana təzyiq göstərmirlər, üstəlik, onu hər cür problemlərdən qoruyurlar. Baxın, onların təxribatçı hərəkətləri AŞPA-dakı son dinləmələrdə nəyə gətirdi”, - deyə prezident şərt formada bəyan eləmişdi.
 
Bu açıqlama Amerika diplomatiyasının “ağır topları”ndan sayılan Viktoriya Nulandın qətnamə əleyhinə işləməsi ilə bağlı iddialar kontekstində yeni və xüsusi aktuallıq kəsb edir. 






Fikirlər