Yeni Azərbaycan Partiyasının YARADILMASINDAN 25 İL ÖTÜR
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 25 il ötür. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib. 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib, ona olan ümumxalq inamı bir daha təsdiq edilib. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilib. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, Yeni Azərbaycan Partiyası sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçib. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatıb, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynayıb. 2000-ci il noyabrın 12-də Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırıb. Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabrın 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul edib. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilib. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycanın Baş naziri İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 2004-cü il dekabrın 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atıb. Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilən III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilib. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilib. MNTK-ya 17 nəfər üzv seçilib. 2005-ci il noyabrın 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə edib. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilib. Qurultay tarixi qərar alaraq, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürüb. 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilib. Yeni Azərbaycan Partiyası dekabrın 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürüb (29 maddəyə). Milli Məclis YAP-ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul edib və 2009-cu il martın 18-də referendum keçiriliməsi barədə qərar qəbul edib. Yeni Azərbaycan Partiyası dekabrın 31-də "Yeni Azərbaycan" təşəbbüs qrupunu yaradıb və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası aparıb. 18 mart 2008-ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə edib. YAP 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanıb və ölkəmizin yerli özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoyub. 2010-cu ilin ən mühüm siyasi kampaniyası heç şübhəsiz, 7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu. Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və öz mövcud potensialını səfərbər edərək, 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad, demokratik və şəffaf seçkilərdə partiyamız növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Milli Məclisdə 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi. Yeni Azərbaycan Partiyası 2011-ci il dekabrın 21-də növbəti beynəlxalq konfransa ev sahibliyi edib. “Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda 33 ölkədən, o cümlədən Fransa, Kanada, Türkiyə, Rusiya, Çin və digər aparıcı dövlətlərdən 65 nümayəndə iştirak edib. Ölkə praktikasında analoqu olmayan bu tədbir geniş ictimai rezonansa səbəb olub, YAP-ın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm və əlamətdar hadisəyə çevrilib. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci il iyunun 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımışdan mühüm əhəmiyyət daşıyıb. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq edilib. Həmçinin, 2012-ci ilin noyabrın 21-də Bakıda ICAPP Daimi komitəsinin 18-ci iclası keçirilib. Daimi komitənin iclasında ICAPP-ın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən noyabrın 22-23-də Bakı şəhərində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına hazırlıq işlərinin vəziyyəti, eləcə də təşkilatın qarşısında duran digər vəzifələr müzakirə edilib. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci il noyabrın 22-23-də Bakıda "Gülüstan" sarayında öz işinə başlayıb. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda iki gün və 4 plenarda davam edən Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Tədbirin sonunda qurumun Qadınlar və Gənclər qollarınn 2013-cü ildə Bakıda birinci forumlarının keçirilməsi haqqında razılığa gəlinib və “Bakı bəyannaməsi” qəbul olunub. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı xüsusi olaraq vurğulanıb. YAP-ICAPP əməkdaşlığı çərçivəsində 2013-cü il aprelin 4-6-da Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun birinci iclası keçirilib və mühim qərarlar alınıb. İclasın sonunda Bakı Bəyannaməsi qəbul edilib. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində əlamətdar hadisə, heç şübhəsiz, onun növbəti – V Qurultayının keçirilməsi olub. 2013-cü il iyunun 7-də keçirilən Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti 5 illik müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülüb və Qurultay nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib. V Qurultayın işində partiyanın təşkilati məsələlərinə baxılıb. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilib. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanıb və qəbul edilib. YAP 23 dekabr 2014-cü ildə bələdiyyə seçkilərində, 1 noyabr 2015-ci ildə isə parlament seçkilərində qalib gəlib. (Trend)