Səlim Müslümov Tacikistanın BAŞ NAZİRİ ilə görüşdü

Səlim Müslümov Tacikistanın baş naziri ilə görüşdü

Tacikistanda səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb. 

 

Bu barədə musavat.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Görüş zamanı Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs olunub, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin  möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun xidmətləri vurğulanıb. 

 

   K.Rasulzoda ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dost münasibətlərinə əsaslandığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Baş nazir əməkdaşlıq əlaqələrinin əmək və məşğulluq sahəsində də gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.  K.Rasulzoda Azərbaycan nümayəndə heyətinin ölkəsinə bu səfərinin,  əmək və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan Sazişin müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. 

 

   S.Müslümov Azərbaycan və Tacikistanın ikitərəfli münasibətlərinin inkişafının iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın gücləndirilməsinə də şərait yaratdığını bildirib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar kursunun ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, əmək, məşğulluq, sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında, müasir innovativ yanaşmalara uyğun təkmilləşdirilməsinə də şərait yaratdığını vurğulayıb. O, respublikamızda bu sahələrdə görülən işlərlə bağlı dost ölkə olan Tacikistanla da fəal və səmərəli təcrübə mübadiləsinin aparılması üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb. 

 

   Nazir iki ölkənin müvafiq nazirlikləri arasında əmək bazarının tənzimlənməsi, əhalinin məşğulluğunun təminatı, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, peşə hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdirilməsi və digər əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini bildirib.

 

   Görüşdə qeyd olunan sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 






Fikirlər