04.04.2014. - “Görüş” restoranında nə baş verir?

04.04.2014. -  “Görüş” restoranında nə baş verir?Təzadlar”a daxil olan şikayətlərdə həm də “Görüş” restoranı ilə bağlı MTN-nin araşdırma aparması xahiş olunur...

“Təzadlar”ın ötən sayında Bakının Səməd Vurğun-104 ünvanında (Bakı Sirki binasının tinində) yerləşən və Vaqif Şıxəliyev adlı iş adamına məxsus olduğu bildirilən “Görüş” restoranında baş verənlərdən söhbət açılmışdı. Yazıda bu obyektdə bəzi tanınmış şəxslərin burada gizli foto və kameralara tuş gəlməsi, sonradan bu kadrlardan həmin şəxslərə qarşı başqa təsir və ya təzyiq vasitəsi kimi istifadə olunması və s. kimi qanunsuz hərəkətlər qeyd edilmişdi.

Dünən redaksiyamıza bu başıbəlalı və qalmaqallı restoran və onun sahibi barədə daha maraqlı məlumatlar söyləyən oxuculardan biri dəhşətli faktlar açıqladı:

“Bəli, bu obyektdə baş verənlər həm də onun sahibi, iş adamı Vaqif Şıxəliyevə məxsus olan və Sabirabad rayonunda yerləşən “Şəfəq” və “Dostluq” istirahət mərkəzlərində baş tutur... KİV-lərdə və saytlarda oxudum ki, bu obyektlərdən “Şəfəq”də hətta bir müddət əvvəl DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib və obyektin sahiblərindən ikisi məsuliyyətə cəlb olunub. Mən də Sabirabad rayonundanam. Rayona çatar-çatmaz, magistral yolun sağında “Dostluq” istirahət mərkəzi var. Bu restoran-mərkəz də Vaqif Şıxəliyevə məxsusdur. Özüm bir neçə dəfə burada olmuşam, sadəcə, deyilənlərin şahidi olmaq üçün. Çünki eşitdiklərimə inanmamışam. Amma sonra gördüm və bir daha ailəmlə həmin obyektə getmədim, yolüstü çay belə içməyi özümə rəva görmədim... Dünən oxuyanda ki, Bakıdakı “Görüş”də də belə hallar baş verir, təəccüblənmədim. Çünki bu obyekt də adlarını yuxarıda qeyd etdiyim istirahət mərkəzlərinin sahibinindir... Siz çox vacib bir məsələyə toxunmusunuz. Bəli, insan etibar etdiyi yerdə onun şəklinin gizli çəkilməsi ilə qarşılaşırsa, bu onun həyatı ilə oyun oynamaqdır... Amma yaxşı olardı ki, siz qəzet olaraq Milli Təhlükəsizlik Nazirliyinə müraciət edin, bu obyektdə araşdırma aparılsın, gizli və qanunsuz quraşdırılmış avadanlıq aşkar olunsun, günahkarlar cəzalandırılsın... Belə çıxır ki, həqiqətən də “Görüş” restoranı indi Hacı Məmmədovun “Qara bulaq” istirahət mərkəzinin keçmiş funksiyasını yerinə yetirir. Yəni, yaxşı yazmısınız, deməli, Hacı Məmmədovun “osminoq”u hələ də fəaliyyətdədir, ənənəvi peşəsini “Görüş”də məharətlə yerinə yetirir”.

***
Xatırladırıq ki, məlum şikayətlə bağlı əməkdaşımız “Görüş” restoranında olmuşdu, bir neçə kabinetə baxış keçirmişdi və şübhəli nöqtələrə rast gəlmişdi. Lakin restoran sahibi olan Vaqif Şıxəliyevlə bu məsələ ətrafında görüşüb mövqeyini öyrənə bilməmişdi. Odur ki, biz yenə də sahibkar Vaqif Şıxəliyevin də mövqeyini dərc etməyə hazırıq. Bununla belə, redaksiya aidiyyəti dövlət qurumlarına rəsmi məktub hazırlayaraq məsələyə yerində aydınlıq gətirilməsini xahiş edəcək.

Mövzuya qayıdacağıq.


“Təzadlar”ın Araşdırma Qrupu






Fikirlər