“Məmmədağa İbrahimovun nəvələri girov götürülüb”

Azad İsgəndərli: “Bazar isə Vaqif Şixaliyev tərəfindən işğal olunub”
“Məmmədağa İbrahimovun nəvələri girov götürülüb”

“Məsələ belədir ki, “Təzə Bazar”MMC-nin şəriklərindən biri olan, hüquqları tərəfimizdən müdafiə olunan Məmmədağa İbrahimov digər şəriki Vaqif Şixəliyevlə işləməyin mümkün olmadığını görüb Məhkəməyə Bazarın bölünməsi ilə bağlı rəsmi müraciət edib. Və Məhkəmə də Bazarı “A” və “B” hissələrinə bölərək şəriklərə təqdim edib”. Bu sözləri tanınmış hüquq müdafiəçisi Azad İsgəndərli “Təzə Bazar” məsələsi ilə bağlı məsələyə münasibət dildirərkən deyib.
O bildirib ki, məhkəmə bölgüsü ilə razı olmayan Vaqif Şixəliyev həmin qərardan Appellyasiya məhkəməsinə şikayət verib. “Bundan sonra Vaqif Şixəliyev bazara gələrək bazarın həm təsisçisi, həm də 20 ildən artıq direktoru olan Məmmədağa İbrahimovun işlərinə maneçilik törətməyə başlayıb. Vəziyyəti belə gördükdə M.İbrahimov Nəsimi rayon Məhkəməsinə müraciət edib və Nəsimi rayon məhkəməsi İş mahiyyəti üzrə Appellyasiya məhkəməsində baxılıb qurtarmayana qədər Vaqif Şixəliyevin və ona yaxın adamların “Təzə Bazar”MMC-nin daxili işlərinə və direktor M.İbrahimovun fəaliyyətinə müdaxilə etməməklə bağlı qərardad çıxarıb. Və bu qərardaddan qeyzlənən Vaqif Şixəliyev noyabrın 7-si 2012-ci il , səhər saat 9 radələrində bir qrup silahlı dəstə ilə Bazara basqın edərək M.İbrahimovun iş otağının qapısını sındıraraq ələ keçirmiş, bir neçə nəfəri döymüşlər və bir çox qeyri-qanuni hərəkətlər etmişlər. Yaralananlar və xəsarət alanlar vardır”. Məlumatlara görə, “qoçu dəstəsi”nin üzvləri Vaqif Şixəliyevin Daxili İşlər Nazirliyinin strukturlarında mühüm vəzifələrdə çalışan qardaşları, Sumqayıt MERO-nun rəisi Polad Şixəliyevin, Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi Fizuli Şixəliyevin və oğlu, Bakı şəhəri Baş Polis İdarəsinin 5-ci bölməsinin rəisi Anar Şixəliyevin işçilərindən ibarət olub. Azad İsgəndərli deyib ki, o, bu barədə məlumatları mətbuatdan oxuyub. “Amma hal şahidləri ilə görüş zamanı onlar mənə “basqınçı”ların üstündə “Makarov” tipli tapançaların olduğunu söylədilər. Belə olan vəziyyətdə mən də həmin qənaətə gəlmişəm, çünki Azərbaycanda bu gün Allaha min şükürlər olsun ki, polis əməkdaşlarından başqa üstündə “Makarov” tipli silah gəzdirən yoxdur. Buna görə də Daxili İşlər Naziri Ramil müəllim Usubova hamımız borcluyuq”.
Bazarda şəriklərin yumruqlaşması barədə yayılan xəbərləri də təkzib edən hüquq müdafiəçisi deyib ki, basqın zamanı Məmmədağa İbrahimov 4 gün imiş xəstəxanada olub. “Ümumiyyətlə Bazarda dava olmayıb. Bazarda bir tərəf digər tərəfə hücum çəkib, döyüb və xəsarət yetirib. 3-4 gün öncə məlumat yaydılar ki, Məmmədağa İbrahimov və Vaqif Şixəliyev qudadırlar. Və “bazar” davası ilə bağlı Vaqif Şixəliyev öz gəlinini evindən qovaraq 2 azyaşlı uşağı girov götürmüş və gəlininə demişdir ki, “Atan nə zamana qədər bazarı mənə verməyib sən də uşaqlarını görməyəcəksən”. Bəli doğrudur. Hal-hazırda uşaqlar girovdadırlar”.
Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiklərini vurğulayan Azad İsgəndərli bunu dəfələrlə təkrarlayıblar. “Vəkil kimi mən özüm 10–dan artıq rəsmi müraciət etmişəm. Məmmədağa İbrahimov isə 100-dən artıq ölkənin bütün direktiv orqanlarına müraciət edib. Lakin bir nəticə yoxdur”.
“Təzə Bazar”dakı son vəziyyətlə bağlı danışan hüquq müdafiəçisi qeyd edib ki, hal-hazırda Bazar Vaqif Şixəliyevin nəzarəti altındadır və gecə səhərə qədər orada qanunsuz hərəkətlər edilir. “Uzun sözün qısası Bazar rəsmən işğal altındadır. Vaqif Şixəliyevin bazarda bütün fəaliyyətinə Nəsimi rayon məhkəməsi tərəfindən qadağa qoyulmasına baxmayaraq Bazar yenə təkrar edirəm Vaqif Şixəliyevin nəzarəti və işğalı altındadır. Hələ bir üstəlik də Nəsimi rayon Polis şöbəsi Vaqif Şixəliyevi qorumaq məqsədilə ona polis maşını və post patrul xidmətinin əməkdaşlarını təyin edib”. O daha sonra məhkəmə qərarının icra olunmamasının səbəblərini də açıqlayıb. “Məsələ ilə bağlı mən Nəsimi rayon Məhkəmə qərarlarının İcraçı Qrupunun əməkdaşları ilə görüşə dəfələrlə getdim, məni qapıdan içəri buraxmadılar. ”Təzə Bazar” MMC eşidən kimi qaçırlar. Ədliyyə Nazirliyi İcra Baş idarəsinin rəisi Xanlar Zeynalova 50-yə yaxın rəsmi ərizələr və teleqramlar vurulmağına baxmayaraq hələ də bir nəticə yoxdur”.
Baş verənlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etməyəcəyini deyən Azad İsgəndərli bunu iş metodlarına uyğun olmadığını vurğulayıb. “Mən hər zaman yaranmış olan problemləri öz hökumət nümayəndələrimizlə həll etməyə daha üstünlük verirəm. Amma ölkə mətbuatı bu problemi şişirtdikləri üçün artıq ATƏT-in Bakı Ofisi reaksiya verib məsələyə. Mən inanıram ki, yaranmış problemlə bağlı nə Ramil Usubovun, nə də Xanlar Zeynalovun şəxsən olaraq xəbərləri yoxdur. Belə problemləri adətən daha aşağı vəzifədə çalışanlar yaradırlar”.
Hüquq müdafiəçisi sonda bildirib ki, president bu məsələyə reaksiya verəcək və haqq ədalət öz yerini tapacaq. “Bu gün isə mən Vəkil olaraq problemin həllinin tapılması üçün Milli Təhlükəsizlik Naziri Cənab Eldar Mahmudova, Daxili İşlər Naziri Cənab Ramil Usubova , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına rəsmi müraciət etmişəm və Hal şahidlərinin dindirilməsi zamanı çəkilmiş video diskləri yolladım. Ümid edirəm ki, məsələ daha da böyüməmiş, çox yaxın bir zamanda cinayətkarlar öz lazımi cəzasını alacaqlar!”






Fikirlər