Niyə bundan sonra, hörmətli Əbülfəs MÜƏLLİM!

ebulfes-qarayev

Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də danışıb. Nazir deyib:

Biz bu məsələ ilə bağlı açıqlama vermişik. Bu gün mütəxəssislərimiz gedib yerində baxıblar, heykəlin saxlanılması və qorunması ilə bağlı lazımi işlər görülür. Bu işlər bitəndən sonra heykəl, təxminən elə öz yerində, bir qədər yerindən kənarda bərpa olunacaq. Bizim mütəxəssislər də bu prosesə nəzarət edəcəklər. “Azəravtoyol” ASC-nin işçiləri cəzalandırılıblar, mən onların rəhbərliyi ilə danışmışam. Rəhbərlik gələcəkdə bütün bu işlərin müvafiq qaydada razılaşdırılmasına tapşırıq verib. Biz bundan sona bütün layihələrə nəzarət edəcəyik”.

Niyə bundan sonra, hörmətli Əbülfəs müəllim! Bakı Slavyan Universitetinin tarixi mozaikası dağıdılanda münasibət bildirsəydiniz, belə hallar baş verməzdi. Təhsil naziri Mikayıl Cabbarov Slavyan Univesitetinin rektoruna xəbərdarlıq edəndə siz susdunuz. Məgər çox böyük zəhmət hesabına başa gəlmiş, bir universitetin simvolu sayılan, tarixi mozaika mədəniyyət nümunəsi deyildi? Siz mədəniyyət məsələlərində sonuncu danışmamalısınız. Əvvəlcə məsələyə münasibət Sizdən gəlməlidir. Bu məsələdə gec də olsa danışdınız. Ancaq mozaika məsələsini vecinizə də almadınız. Müşfiqin heykəlinin arxasında gözəl bir kitab mağazası da var idi, onu da satdılar. Harmoniya elə onda pozuldu. Deyirsiniz “Azəravtoyol” şifahi şəkildə müraciət edib, lakin layihələrini təqdim etməyiblər. Onlar sizə şifahi şəkildə müraciət edəndə siz fikrinizi cəmləyib ana dilimizdə onlara cavab verənə qədər heykəli dağıdıblar. Ay barbarlar! Mədəniyyət nə sizlikdir, nə də onlarlıq…
Əlac Mikayıl Müşfiqin “Gecə düşüncəsi”şeirindən bir parçanı xatırlamağa qalır:

Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Etibar Əliyev, təhsil eksperti

 






Fikirlər