Arif Hacılının Zukerberqə qarşı məhkəmə hədəsi - nəticə VERƏCƏKMİ?

Osman Gündüz: “Bu məsələdə Azərbaycan hökumətinin əli olmasına inanmıram”

Müsavat Partiyasının başqanı Arif Hacılının facebook profilinin 3 gün bloklanması sosial şəbəkələrin əsas müzakirə mövzularından biri oldu. Profilinin bağlanmasından daha çox partiya başqanının facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqi məhkəməyə verməklə hədələməsi müzakirəyə çevrildi. A.Hacılı öz twitter səhifəsində status paylaşaraq, profilinin hakimiyyətin sifarişi ilə bağlandığını iddia edərək, şəxsi hesabının açılmayacağı təqdirdə Mark Zukerberqi məhkəməyə verəcəyini bəyan etdi. Onun bu addımı həm gülüş obyektinə çevrildi, həm də təqdirəlayiq hesab olundu.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında hansı hallarda facebook hesabının bağlanması barədə bunları dedi: “İnternet resursunun, xüsusilə qlobal resursların hər birinin bəlli qaydaları var. Hansı ki, bizim əksəriyyətimiz o qaydaları oxumuruq. Sadəcə, ora daxil olub, istifadə edirik. Məsələn, qaydalardan biri odur ki, 13 yaşdan aşağı şəxs ondan istifadə edə bilməz. Yaxud məsələn, müsavat.com saytı bəlli bir qayda müəyyən edə bilər ki, təhqiramiz ifadələr şərhlərdə yazılsa, bloklama olacaq, yaxud giriş əngəllənəcək. Əslində bunlar normal prosedurlardır. Hər bir informasiya resursunun özünün sahibi, onun tərəfindən də müəyyən edilən bəlli qaydalar var. Təbii ki, bu qaydalardan istifadə zamanı kənara çıxılırsa, tədbirlər də görülür. Addımlarda ola bilər profil bir müddətliyə bağlansın, yaxud xəbərdarlıq gəlsin.

Qlobal resurslara hökumətlər tərəfindən də sorğular daxil olur. Bu resurslar hər il hökumətlər tərəfindən daxil olan sorğular əsasında məlumatlar dərc edirlər. Məsələn, google.az dərc edə bilər ki, ötən il bizə Rusiyadan 10 min sorğu daxil olub. Bu sorğularda facebookdan istifadə edənlərin bəziləri barəsində tədbirlər görülməsi də xahiş oluna bilər. İstisna etmirəm ki, Azərbaycan hökuməti tərəfindən də qanunvericiliyə uyğun şəkildə dövlətçilik əleyhinə olan fəaliyyətlə, terrorçuluqla bağlı müraciətlər edilir. Türkiyənin belə problemlərinin olduğunun hamımız şahidiyik. Müraciətlərin bəzilərinə facebook əməl edir, ya hesabı bağlayır, ya da bir müddətliyə bloka salır. Amma bəzi hallarda da əməl edilmir. Məsələn, facebook alman hökumətinin müraciətinə əməl edir, amma Türkiyə hökumətinin deyil. Halbuki müraciətlər eynidir. Bəzən bu resurslarda da ikili standartlar olur”.

Image result for Osman Gündüz

O.Gündüz məhkəmə perspektivlərindən də danışdı: “Ola bilər ki, qanunsuz şəkildə profil bağlansın. O zaman məhkəməyə müraciət etmək mümkündür. İnformasiya, ifadə azadlığının pozulması kimi məsələlər var. Boşuna şəxsi hesab qapadıla bilməz. Vəkillə danışıb, bu məsələni məhkəmə müstəvisində həll etmək mümkündür. Bu cür məhkəmələr az olmayıb. Məsələn, bir milyonluq səhifədə bir də görürsən ki, hər hansı məlumat paylaşılır, müəllif hüquqları pozulur. O zaman müraciət edib, səhifəni bağlatmaq olur. Biz qaydalara əməl etmirik. Profilin kimsə tərəfindən bağladıldığını da demək doğru deyil. Görünür, avtomatlaşdırılıb. Məsələn, filan profillə bağlı yüz şikayət daxil olduqda bir saatlıq, çox müraciət daxil olarsa bir günlük, yaxud mindən çox müraciət olduqda, bütövlükdə bağlansın. Çox şeyi avtomatlaşdırılmış sistem həll edir. Bu cür şeylərdə insan amili sıfıra endirilir. Hökumətlər səviyyəsində müraciətlər tək Azərbaycana aid ola bilməz. Amerikadan tutmuş, Azərbaycana qədər bütün ölkələr tərəfindən qlobal resursların sahiblərinə hər il yüzlərlə, minlərlə müraciətlər daxil olur, bunun da hesabatları verilir. Açığı, düşünmürəm ki, Arif Hacılının profili ilə bağlı müraciət olunsun. Çünki o resursların sahibləri bu cür hesabatları dərc edirlər. O zaman dərc olunanda kiminləsə bağlı müraciətin olduğu üzə çıxar. Bu da həmin hökumətə şərəf gətirən iş olmaz. Ona görə bu halı istisna edirəm. Siyasi motivlərlə bağlı Azərbaycan hökumətinin müraciət etməsinə inanmıram. Amma hakimiyyətə yaxın qrupların facebook qaydalarına uyğun şəkildə kampaniya təşkil etdiklərini istisna etmək də olmaz. Çünki belə metodlardan az istifadə olunmayıb”.

 






Fikirlər