Şirməmməd Hüseynovun 80 yaşlı xanımı - FOTOLAR

Elmi-texniki jurnalistikanın əsas təmsilçilərindən biri, professor Şirməmməd Hüseynovun həyat yoldaşı, jurnalist Ülkər Hüseynovanın 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Ü.Hüseynovanın həyat və fəaliyyətindən danışaraq qeyd edib ki, o, Azərbaycan jurnalistikasının inkişafına çox böyük töhfələr verib: "Olduqca təvazökar insan olan Ülkər xanımın həyat yoldaşı Şirməmməd müəllimin bu qədər şux, həyat dolu insan olmasında böyük rolu var".

Bu ailənin Azərbaycan jurnalistikasında böyük məktəb olduğunu deyən Ə.Amaşovun sözlərinə görə, Ülkər xanım ölkəmizdə elmi jurnalistikanın əsasını qoyan qələm adamlarından biridir.

BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli jurnalistikanın bötüvlükdə bir cəmiyyət olduğunu bildirib: "Şirməmməd müəllimin ailəsi bu cəmiyyətdə böyük bir məktəbin yaradıcılarıdır. Onların övladları Fərəh və Lalə xanım bu gün Azərbaycan mədəniyyət və incəsənətinin görkəmli xadimləridir. Təbii ki, Şirməmməd müəllimin ailəsində böyüyüb məktəb keçməmək mümkün deyil".

Milli Məclisin üzvü, yazıçı Aqil Abbas bildirib ki, Ülkər xanımla "Elm və həyat" jurnalında 10 il birlikdə çalışıb: "O, yüksək savada, intellektə, böyük dünyagörüşünə sahib bir xanımdır. Bu illər ərzində mənimlə birlikdə Ülkər xanımın rəhbərliyi altında çalışan, bu sahənin incəliklərinə yiyələnən insanlar ondan çox şey öyrəniblər. Ülkər xanım bizə həm də analıq edib".

Tədbir zamanı Mətbuat Şurasının sədri Ə.Amaşov Ü.Hüseynovaya xüsusi diplom təqdim edib.

Qeyd edək ki, Ülkər Hüseynova 1937-ci ilin aprelin 24-də Şəki şəhərində anadan olub. 1955-ci ildə Bakıdakı 132 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1966-cı ildən "Elm və həyat" jurnalında işləyir. Əvvəl şöbə müdiri, 1993-1995-ci illərdə baş redaktorun müavini, 1995-1997-ci illərdə baş redaktor, hazırda isə redaktor müavini vəzifəsində çalışır. 45 il ərzində çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi 2004-cü ildə nəşr edilmiş "Elm və həyat"ın işığında" adlı kitabında toplanıb.

O, 2003-cü ildə Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın kimya sənayesi", 2006-cı ildə "Dahi qafqazlılar" seriyasından Lütfi Zadənin həyat yoldaşı xanım Fey Zadənin "Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim" əsərlərini ruscadan Azərbaycan dilinə tərcümə edib. 1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olub, institutla Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin "6,7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi" 3 cildlik kitabın tərcüməçi və redaktorlarından biri və "Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti"nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

Ü.Hüseynovanın təhsil aldığı 132 saylı orta məktəbin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən "Mənim fəxrim-məktəbim" adlı kitabı 2008-ci ildə işıq üzü görüb.

Ü.Hüseynova 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Vətən" Mediya Diplomuna (1993), 2 dəfə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomuna (2001, 2011), 2 dəfə (1995, 2001) Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Ü.Hüseynova 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub.

 

 



 






Fikirlər