BDU-da Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub - FOTO

BDU-da Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub - FOTOBu gün Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

"AzerTaym.az Modern.az-a istinadən xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin tələbə-müəllim heyətinin və müxtəlif qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. O, yubilyarı təbrik edərək, ona uğurlar arzulayıb. Ş. Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açan rektor qeyd edib ki, Azərbaycan mətbuat tarixinin patriarxı Ş.Hüseynov hamının müəllimidir. Bu yubileydə iştirak etmək elmə, jurnalistikaya qiymət vermək deməkdir. Rektorun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi qürurverici hadisədir.
BDU-nun Jurnalistika faküləsinin dekanı Şamil Vəliyev çıxış edərək Ş.Hüseynovun həyat və yaradıclığı ilə bağlı məlumat verib. O, bildirib ki, Şirməmməd Hüseynov son 30 ildə mətbuat tədqiqatçılığında çox mühüm və maraqlı bir üsulu yaratdığını və inkişaf etdirdiyini bildirib. Şirməmməd Hüseynovun vətənpərvərliyi, demokratizmi, düzlük və cəsarəti haqqında fikirlərini bölüşən Şamil Vəliyev qeyd edib ki, görkəmli alim 800-dən çox elmi-publisistik məqalənin, 25-dən çox kitab və monoqrafiyanın müəllifidir. Sovet senzurasının ən qatı nəzarət çağında belə o, öz tədqiqatlarında Azərbaycan vətəndaşı olduğunu, bu əsərlərin gələcək nəsillərə ünvanlandığını heç vaxt unutmayıb.


BDU-da Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub - FOTOJurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətləri ilə bağlı tədqiqatlardakı spesifik məqamlardan, onları səciyyələndirən milli təəssübkeşlik xüsusiyyətlərindən, dövlətçilik ənənələrimizə sədaqət ruhunu yaşatmalarından söz açıb, tariximizin zənginləşməsinə layiqli töhfə olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətlərinə toxunub. Azərbaycan jurnalistikasında müəllimliyi, tədqiqatçılığı və publisistikanı yeni məktəb səviyyəsinə yüksəldən Şirməmməd Hüseynov yaradıcılığı peşəkar jurnalist nəslinin söykəndiyi ən etibarlı mənbə kimi qiymətli olduğunu deyən Cahangir Məmmədli ölkə ictimaiyyətinin də Şirməmməd müəllimin yaradıcılıq fəaliyyəini yüksək qiymətləndirdiyini bildirib.

Sonra təbrik nitqi ilə çıxış edən qonaqlar Ş. Hüseynovun həyat və yaradıcılığından, Azərbaycan mətbuat tarixinin tədqiqində əvəzedilməz rolundan danışdılar. AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, millət vəkili Fazil Mustafa, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, AMEA-nın Şərqşünaslıq İnstitunun əməkdaşı Solmaz Rüstəmova-Tohidi, İctimai Televiziyanın əməkdaşları adından Flora Xəlilzadə, Şirməmməd müəllimin tələbələri adından professor Zöhrab Zeynalov, Krım azərbaycanlıları adından Rəhim Əliyev Şirməmməd Hüseynov haqqında maraqlı fikirlər söyləyib, təbrik nitqi ilə çıxıb ediblər.

Tədbirin sonunda Şirməmməd Hüseynov çıxış edərək apardığı tədqiqatlardan danışıb, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.


BDU-da Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub - FOTO






Fikirlər