İki icra başçısının karyerasının bitdiyi nöqtə... - Dəyişiklik gözlənilir

İki icra başçısının karyerasının bitdiyi nöqtə... - Dəyişiklik gözlənilirŞəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Nazim Veysov vəzifədən çıxarılandan sonra bir sıra yüksək rütbəli məmurlar təşvişə düşdü. Ümumiyyətlə, hər dəfə bu cür islahatlar aparılan zaman digər məmurlar narahat olmağa başlayırlar.
Yayılan məlumatlarda kadr islahatlarının davamlı olacağı və yaxın vaxtlarda daha bir neçə icra başçısının tutduğu vəzifədən çıxarılacağı bildirilir.

Redaksiyamıza daxil olan məlumatlara görə, karyerası ipdən asılı olan məmurlardan biri də Sabirabad RİH-in başçısı Nazim Mehdi oğlu İsmayılovdur. Məlumatınız olsun ki, Nazim İsmayılov 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə işləyib. 2006-2011-ci illərdə Şamaxı rayonuna rəhbərlik edib. Prezidentin 2011-ci ilin aprel ayının 21-də imzaladığı sərəncamla Sabirabad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatda vurğulanır ki, Nazim İsmayılov üç il ərzində rayonda sosial-iqtisadi vəziyyətin normal səviyyəyə çatdırılmasından ötrü təqdirəlayiq işlər həyata keçirməyib: "Sabirabad rayonu bərbad vəziyyətdədir. İcra başçısı yerli sakinlərin ümidini doğrulda bilmədi. Rayonun keçmiş rəhbərliyinin dövründən qalan problemlərin yetərli hissəsi bu günə kimi həllini tapmayıb. Bölgələrdə abadlıq-quruculuq işlərinin həyata keçirildiyi bir vaxtda Sabirabadda sosial problemlər xirtdəyə çıxır. Dövlət büdcəsindən bəzi layihələrin, əsasən təmir-bərpa işlərinin yerinə yetirilməsi üçün ayrılan büdcə vəsaitləri başqa səmtlərə yönəldilir. Amma Nazim İsmayılovdan soruşan yoxdur ki, büdcənin milyonlarını hara xərcləmisən? Təmir-bərpa işlərində dəhşətli yeyinti hallarına yol verilib. Maliyyə Nazirliyinin və Hesablama Palatasının rəsmiləri bu məsələləri araşdırmalıdır".
Vurğulayaq ki, Nazim İsmayılovun özbaşına əməlləri və xoşagəlməz fəaliyyəti mətbuatda dəfələrlə tənqid atəşinə tutulub. Sakinlər müxtəlif dövlət qurumlarına müraciət edərək icra başçısından şikayətlərini dilə gətiriblər. Lakin başçı özbaşına əməllərindən qalmır: "Kəndlərdə vəziyyət daha acınacaqlıdır. Yolların çoxu sıradan çıxıb və kommunal problemlər vətəndaşların əsəbini tarıma çəkib. Buna rəğmən, icra hakimi vətəndaşları narahat edən problemləri həll etmir. O özündən və yaxın çevrəsindəki insanlardan başqa heç kimi fikirləşmir. Onun rayon ərazisində saya gəlməyəcək qədər ticarət obyekti var. Özü var-dövlət, bolluq içində yaşayır, amma yerli əhali yeməyə çörək tapmır. Sabirabadda işsizlik problemi hökm sürür. Bu səbəbdən sakinlərin əksəriyyəti işləmək üçün başqa rayonlara gedirlər. Nazim müəllim rayona rəhbərlik etdiyi dövrdə Sabirabadın mərkəzindəki, eləcə də kəndlərdəki boş torpaq sahələrinin hamısını satıb". Mənbənin sözlərinə görə, yerli əhalinin etimadını doğrultmayan başçıdan rəsmi instansiyalara ünvanlanan şikayətlərin ardı-arası kəsilmir: "Məhz buna görə icra hakiminin vəzifədən çıxarılmasının vaxtı çatıb. Onun yaxın günlərdə görəvdən alınması gözlənilir".

Mənbə vurğulayır ki, gələcək karyerası sual altında olan digər məmur Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir. Bildirmək istəyirik ki, Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyəti dövründə Lənkəran rayonunun "Avrora" sovxozunda aqronom, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini işləyib. Prezidentin 01 iyul 2011-ci il tarixli sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bəzi icra başçıları kimi Məhərrəm Quliyev də kreslonun, daha doğrusu, vəzifənin təsiri ilə xeyli dəyişib.
Bizə çatan məlumatlara görə, icra hakimi vəzifəyə təyin olunduğu ilk vaxtlarda erməni ilə üzbəüz yerləşən rayonun sakinlərinə şirin vədlər verib. Amma aradan üç il keçməsinə baxmayaraq, icra başçısı vətəndaşları çilədən çıxaran problemləri aradan qaldırmayıb: "İcra başçısının qəbuluna düşmək çətin məsələdir. Məhərrəm Quliyevin qəbul günləri sadəcə, kağız üzərindədir. Başçının müavinləri və köməkçisi şikayəti olan vətəndaşların onun yanına girməsinə imkan vermir. Ümumiyyətlə, hansısa problemi olan şəxsləri icra hakimiyyətinin binasının yaxınına buraxmırlar. Ağstafada hər sahədə problem mövcuddur. Yerli idarə və müəssisələrin rəhbərləri vətəndaşları incitməklə, həmçinin büdcə vəsaitlərini mənimsəməklə məşğuldur. Son aylar ərzində başçıdan aidiyyəti dövlət orqanlarına ünvanlanan şikayətlərin sayı xeyli artıb. Elə bu səbəbdən Məhərrəm Quliyevin yaxın günlərdə vəzifədən çıxarılması gözlənilir".

Mövzu ilə bağlı bütün tərəfləri dinləyə bilərik.
(gundelik-baki)






Fikirlər