"...gedin əlinizdən gələni beş qaba çəkin"-Xətai rayonunda biabırçılıq davam edir

"...gedin əlinizdən gələni beş qaba çəkin"-Xətai rayonunda biabırçılıq davam edirEtiraf edirəm, səkkiz il ərzində nə qədər əlləşib vuruşduqsa, Xətai rayonunda bir ağacı məhvdən xilas edə bilmədik. O küçə, o məhəllə qalmadı ki, yaşıl terrora məruz qalmasın. Əfsanəvi zeytunluqlar pulgir şəxslərin əlləri ilə məhv edildi. Bu, əsl cinayət idi! Alimlər çoxdan sübut etmişdirlər ki, Abşeronun zeytun yağı keyfiyyətinə görə bütün əcnəbi ölkələrdə istehsal olunan yağdan qat-qat üstündür. Kimə deyirsən? Nə zeytun, nə yağ? Bəzi azğınlaşmış məmurlara pul lazım idi, pul! Yazdıq, həyəcan təbillərini çaldıq,... Məhəmməd Hadi küçəsindəki tutaş meşələri xatırladan yaşıllıq məhv edildi! Yazdıq, qələmimizlə od püskürdük,... Şirvani küçəsindəki ağaclar kəsildi, dükanlar yan-yana düzüldü!

Yazdıq, camaatdan imzalar yığdıq, lap yuxarılara müraciət etdik, xeyri olmadı, terror qonşu küçələrə adladı, vaxtilə cənnəti xatırladan Qaçaq Nəbi küçəsində ağac qalmadı. İcra başçısı Razim Məmmədov yəqin ki, səhabələrinin yanında qəh-qəh çəkib... Yəni qoy onlar yazmaqlarında olsunlar, biz də qırmağımızda.

Hər dəfə kəsilən ağacların yanından keçəndə ürəyimiz ağrıyırdısa, Razim ağanın əlaltılarının istehzalı baxışlarını da sezirdik. Rastıma gələnlər də xoş-beşdən sonra deyirlər:

-Niyə özünüzü incidirsiniz? Rayonun "xozeyini" əmr edib ki, heç kim qəzetə zada fikir verməsin.

... Bunun yalan, ya doğru olduğunu deyə bilmərəm. Amma bir məsələ həqiqətdir, biz yazdıqca ağacları daha çox qırıblar.

Qaçaq Nəbi küçəsinin 5-ci, 7-ci, 9-cu evlərinin yerləşdiyi ərazidə baş verənlər ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Uzun müşahidədən sonra qətiyyətlə deyirəm, bizim məhəllədə yaşıllığı planlaşdırılmış tərzdə məhv edən elə MKİS-dir. 7-ci evin arxasındakı bağ-bağatı nə qədər əlləşdik xilas edə bilmədik. Əvvəlcə bağın yarısını hansısa maqnata satdılar. O da bina ucaltmaq üçün yüzlərlə ağacı kəsdi.

İndi bağın ikinci yarısındakı ağaclar qəsddən məhv edilir. Hər yer zibil içində... olan-qalan ağaclara ya gecə vaxtı od vururlar, ya da bir bəhanə ilə budayıb qurudurlar.

Bu zir-zibilin içində eybəcər bir daş qalağı var, ortasına su qurnağı qoyulub, yuxarısına da qara daşdan lövhə pərçim edilib. Lövhənin üzərindəki yazıdan bəlli olur ki, bu əcayib "bulaq-abidəni" 1994-cü ildə Qarabağda döyüşlərdə həlak olmuş Məmmədov Şahin Səməd oğlunun xatirəsinə düzəldiblər

Bir neçə sınıq-salxaq oturacaq, avaraların domino oynamaq üçün qurduqları çardaq və dörd yanı basmış zibil... buranın ümumi mənzərəsi belədir.

Neçə il bundan əvvəl həmin qəzet vasitəsilə Razim ağaya müraciət eləmişdim, soruşmuşdum ki, Vətən yolunda qurban getmiş Məmmədov Şahin sizin qohumunuz olsaydı, onun xatirəsini belə təhqir edərdiniz? Cavab gəlmədi... Onun əlaltıları ilə dəfələrlə görüşəndə də eyni sözləri demişəm, a kişilər, torpaqları satırsınız, bunu başa düşdük, yaşıllığa qənim kəsilmisiniz, bu da öz işinizdir, amma şəhidin xatirəsinə belə təhqiramiz münasibət kişilikdən deyil... Axı o xarabazara dönmüş parkdan (daha doğrusu, viranədən) gündə nə qədər uşaq, cavan keçir.İndi görün onlar nə düşünürlər! "İndi mən də gedib döyüşdə həlak olsam, deməli, mənə də belə "hörmət" göstərəcəklər?", "Belə saymazlıq şəhidin yaxınlarının sinəsinə dağ çəkməkdir!", "Düşmən gülləsi ona yox, gərək bu rayonun pulgir satqın məmurlarına dəyəydi!" və i.a.

Razim Məmmədovun klinik səviyyədə olan hikkəsi

Səkkiz ildir Xətai rayonu fəlakət zonasına dönüb, o məhəllə arası sahə qalmayıb ki, iş adamlarına satılmasın. Yüzlərlə ağac kəsilir, sonra da gözdən pərdə asmaq üçün obyektin qarşısında balaca qazon düzəldib müxtəlif biçimli elektrik fanarları qoyurlar, bununla da məsələ bitir.

Səkkiz ildir rayonun sakinləri mətbuatla Razim Məmmədov arasında gedən qeyri-bərabər mübarizəni izləyirlər.

Zərbə sonra iqtidarın nüfuzuna dəyir. Cəzasızlıq hissindən tam arxayınlaşan məmur bir nəfərin yox, bütün cəmiyyətin inamını qırır, onun ruhunu öldürür. Kövrək atəşkəs rejimində yaşayan məmləkət də camaatı əbləhana əməllərlə iqtidardan incik salanlar məsuliyyətə cəlb olunmurlarsa, onda Sabir rəhmətlik demişkən, istiqbalımız lağlağıdır.

Vaxtilə bizim məhəllələrdə o sakin yox idi ki, işdən sonra həyətə düşüb ağaclara, bəzək kollarına qulluq eləməsin. Biri zir-zibili yığışdırar, digəri qurumuş budaqları kəsər, başqası gülləri sulayardı.

Razim Məmmədovun öldürücü nəfəsi bu rayona dəyən gündən hamının qol-qanadı sındı. 20-30 ilə ərsəyə çatmış bağ-bağat onu görürdün ki, bir gecədə məhv edildi. Hiddətlənən sakinlər hara şikayət edirdilərsə, bir şey çıxmırdı. Aylar həftələr ötürdü, əzab-əziyyətlərinin boşa getdiyini görən sakinlər, qələm sahibləri bir-bir susub kənara çəkilirdilər. Razim Məmmədova da elə bu lazım idi.

Xətai rayonunun sakinləri də tək-tük sınmayan jurnalistlərin yazılarını əsl futbol azarkeşi kimi izləyir, mübarizənin nə ilə qurtaracağını gözləyirlər.

Hansısa qüdrətli hamiyə arxalanan Razim Məmmədov bu səkkiz il ərzində bir dəfə də olsun, bütün qəbahət və nöqsanları açıb-tökən təmənnasız qələm sahibləri ilə nə dəyirmi masa arxasında görüşdü, nə də bir qəzetə əməlli-başlı cavab verdi. Mən isə susmadım. Axı niyə də susmalı idim?

Bu dövlətin qurulması üçün mənim kimi kişilər kiprikləri ilə od götürüblər, min əzaba qatlaşmışıq. Vaxtilə gözəlliyi ilə hamını heyran qoyan ağaclıqları məhv edənlərin qarşısından çəkilmək qorxaqlıq olardı. Minlərlə oğul ona görə qurban getmişdi ki, Razim Məmmədov kimi təsadüfi adamlar haradansa gəlib milyonlar qazansın, xalqla iqtidarın arasında keçilməz uçurum yaratsın?

Acınacaqlısı da bu idi ki, neçə min sakin, təyin olunmuş millət vəkili M.Mirələmovun "gül-camalını" görə bilmir. Seçki ərəfəsində camaata qızıl dağları vəd edən "millət vəkilli" sonradan elə itdi ki, biz bəni-adəm onun harada qeyb olduğunu bilmədi.

Bir hind toyuğu, dörd kilo mer-meyvə və yüz manat da pul

Günlərin bir günü, hansısa bayrama hazırlıq gedən vaxtda evimə zəng etdilər. Bəs hal-qəziyyə belədir, rayonun veteranlarına, əməkdar insanlara baş çəkirik, icazə versəydiniz sizə də gələrdik. Nə deyirəm, gəlin, qapım qonaq üçün açıqdır.

Başım daşdan-daşa dəydiyi üçün "lazımi idarədə" işləyən tanışıma xəbər verdim. Ehtiyat edirdim, çünki Razim Məmmədovun səhabələrindən nəcib əməl gözləmirdim.

Bəli, bir axşam qapım döyüldü icra hakimiyyətinin iki nümayəndəsi əllərində zənbil evə girdilər.

"Rəsmi xoş-beş" mərasimindən sonra qonağın biri buyurdu ki, rayonun ağsaqqallar və veteranlar şurasının (??) qərarı ilə tanınmış xəstə veteranlara sovqat paylayırıq, az da olsa maddi yardım göstəririk. Sizin üçün də yüz manat yardım, bir az da yaxşı mer-meyvə gətirmişik.

Mən soruşdum: - Bəlkə Razim ağa bu sovqatla ağzımı yummaq istəyir? Evimə, yaşayışıma diqqət edin, mənim əlimdəki imkanlar ondan minqat artıq olub. İstəsəydim milyonçu olardım... Min yüz manata satın almaq istəyən belə-belə olsun, bundan sonra da susan da!

Məxləs, kişilər and-aman elədilər ki, səhvim var, onlar ancaq şuranın (??) qərarını yerinə yetirirlər Razim müəllimin bundan heç xəbəri yoxdur. Öyrənə bilərsiniz, biz başqalarına da baş çəkmişik...

... On gün keçməmiş yarmarkada məmurların biri ilə üzləşdim

-Hə, necəsiniz Firuz müəllim? Sizi gördülər?

-Başa düşmədim, kim məni görməli idi?

-İdarədə deyirdilər ki, Sizi razı salıblar, daha bundan sonra yazmayacaqsınız...

...Elə bildim məni ilan çaldı. Üzümə məkrlə gülümsəyən məmura ancaq bunu deyə bildim:

-Arxayın olun, bundan sonra min qat kəskin, min qat tünd yazacağam, gedin əlinizdən gələni beş qaba çəkin.

... Əlbəttə ki, bütün olaylar barədə yazılarımı çap edən hörmətli redaktora və lazımi şəxslərə məlumat vermişdim. Sözümə də əməl etdim, o gündən qəzəb və nifrətimi bülövləyib daha da tünd, daha da kəskin yazdım. Amma, çifaidə, minlərlə ağac kəsildi, rayonun hər məhəlləsindən həyəcan dolu xəbərlər gəldi, "yaşıl terror" bir gün də olsa dayanmadı. Razim Məmmədov hikkə ilə bizlərə sübut etmək istəyirdi ki, onun üçün mətbuat da, ictimaiyyətin rəyi də, hətta hörmətli şəxslərin göstərişləri də heç bir əhəmiyyət kəsb etmir.

... Xətai rayonunda "massaj" salonlarının, pozğunluq yuvalarının, eyş-işrət yerlərinin dəqiq sayını deyən yoxdur. Buralarda nələrin baş verdiyini hamı bilir və bizim qəzetdə də mərdi-mərdanə bu əxlaqsızlığa qarşı, bu fəsadlara hamilik edənlərə qarşı mübarizəsini bir gün də dayandırmayıb.

Razim Məmmədov, ideoloji iş bər-bəzəkli salonlarda qorxudan ödünü udub oturan rayon məmurlarının qarşısında primitiv mədhiyyələrlə, uydurma "qələbə" raportları ilə çıxış etmək deyil.


Dövlətçiliyə, hörmətli prezidentə sədaqəti əməli işlə sübut etmək lazımdır. \\ gundelik-baki \\






Fikirlər