DİREKTORUN KABİNETİNDƏ GÖRÜNMƏMİŞ QA LMAQAL

 image here

İnstitutun direktor müavini Nəcəf Museyibli: «Direktor Maisə Rəhimova Əli İnsanovun yaxın adamı olan Abuzər Ələkbərovun əsassız iddialarını dəstəklədiyindən bu gün Elmi Şuranın iclası pozuldu, hamı kabinetini tərk etdi»
  Nəcəf Museyibli: «2005-ci ildə dövlət çevrilişinə cəhd cinayəti ilə tutularaq hələ də həbsdə olan Əli İnsanovun mafiya üzvü Abuzər Ələkbərov institutda at oynadır, direktor Maisə Rəhimova isə ona «gözün üstə qaşın var» demək istəmir"
Ötən həftəsonu (06.10.2017) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda görünməmiş qalmaqal yaşanıb. Belə ki, institutun Həmkarlar Təşkilatının sədri Abuzər Ələkbərovun əsassız iddiaları nəticəsində institutun Elmi Şurasının iclası pozulmuş, EŞ-nin üzvləri etiraz əlaməti olaraq iclası tərk etmişlər. Bu barədə «Təzadlar»a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Museyibli özü məlumat verib.
Bəs institutda, ümumiyyətlə, nə baş verir? Məlum qalmaqallı hadisənin səbəbkarı olan Abuzər Ələkbərov kimdir, niyə direktor Maisə Rəhimova onu bu qədər başa çıxarıb ki, o, Elmi Şuranın iclasını belə pozur, qalmaqal yaradır, alimlərə hörmətsizlik edir?
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Museyibli «Təzadlar»a geniş müsahibə verdi:

-Nəcəf müəllim, institutda nə baş verib?
-Mən mətbuat üçün rəsmi qaydada açıqlama verərək bildirirəm ki, bizim institutda keçmiş səhiyyə naziri, 2005-ci ildə dövlət çevrilişinə cəhd cinayəti ilə tutularaq hələ də həbsdə olan Əli İnsanovun mafiya üzvü Abuzər Ələkbərov institutda at oynadır, direktor isə ona «gözün üstə qaşın var» deyə bilmir. O, institutun direktoru Maisə Rəhimovanı da ələ alıb, istədiyini edir.
- Abuzər Ələkbərov nə işə baxır, kimdir o?
-Abuzər Ələkbərov, əslində, institutda sektor müdiri olsa da, heç bir işə baxmır. O, həm də institut Həmkarlar Təşkilatının 20 ildir sədridir. Həmin vəzifəni də saxta yolla mənimsəyib. Belə ki, neçə illərdir təşkilatın heç bir umumi iclası qanuni əsaslarla, hamının iştirakı ilə keçirməyib. Bu ilin sentyabrın 27-də də sədr seçkisi ilə bağlı guya ümumi iclas keçirdi. Təsəvvür edirsinizmi, 250 nəfər üzvü olan təşkilatın ümumi iclası direktor Maisə Rəhimovanın kabinetində keçirilirdi. Axı həmkarların ümumi iclası direktorun kabinetində necə keçirilə bilərdi? Qanunla iclasda yetərsay olması üçün üzvlərin üçdəikisi iştirak etməli idi. İclasda isə cəmi 51 nəfər olmuşdu. Sonra A.Ələkbərov AMEA rəhbərliynə hesabatın protokolunu göndərdi, həm də AMEA-nın Həmkarlar Komitəsinin sədrinə də saxta məlumat verdi ki, guya o, yenidən sədr seçildi. Belə yalan məlumatlarla hər dəfə özünü həmkarın sədri kimi təsdiqlətdirir. Amma direktor hər şeyi Abuzər Ələkbərovun istəyi üzrə yoluna qoyur. 20 il ardıcıl olaraq bir institutda həmkarların sədri necə olmaq mümkündür? Başqa namizəd yoxdurmu? İnstitutun direktoru Maisə Rəhimova da onu dəstəkləyir. Bu gün isə görünməmiş hadisə oldu. Elmi Şuranın iclası pozuldu, hamı direktorun kabinetini nümayişkəranə tərk etdi. Əslində A.Ələkbərov Elmi Şuranın iclasını əvvəllər də qalmaqal salaraq pozmuşdu.
-İclasda hansı məsələ müzakirə edilirdi ki, belə qalmaqal yaşanıb?
-Tarix üzrə fəlsəfə doktoru olan cavan alim Anar Ağalarzadənin Fransadakı Sen Jermen muzeyindən Azərbaycana aid elmi məlumatlar əsasında yazdığı elmi əsərin çap üçün müzakirəsi keçirilirdi. Abuzər Ələkbərov isə hamıya hörmətsizlik nümayiş etdirərək bu müzakirəni açıq şəkildə pozmağa çalışırdı və buna da nail oldu.
ETNOQRAFİYA İNSTİTUTU DİREKTORUNUN KABİNETİNDƏ GÖRÜNMƏMİŞ QALMAQAL-YENİLƏNDİ
-Niyə, məqsədi nə idi?
-Abuzər Ələkbərov tələb edir ki, bu əsərdə onun da müəllifliyi ilə olmalı imiş. Bununla da belə bir gənc alimin işinə badalaq vurmağa çalışırdı. Guya həmin kitabın çapı zamanı ondan icazə alınmalı imiş. Halbuki Anar Ağalarzadə Fransaya rəsmi qaydada şəxsən dəvət alıb, gedib orada çalışıb. 
Mən Abuzər Ələkbərova sual verdim ki, əgər sən bu layihənin rəhbəri idinsə, niyə ötən 5-6 ildə bir-iki vərəq elmi məqalə yazmamısan? Halbuki XIX əsrin sonlarında həvəskar fransız arxeoloqu Jak De Morqan və onun qardaşı Henri Morqan Lerikdə arxeoloji qazıntı aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və İlk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb, tapılan materiallar, o cümlədən keramika məmulatları, bəzək əşyaları, silahlar və s. Fransaya aparılıb və hazırda Sen-Jermen muzeyində mühafizə olunmaqdadır. Bu işi indi həyata keçirməyə çalışan gənc alim cənub ekspedisiyası üzrə elmi iş yazırsa, araşdırma aparırsa, bunu alqışlamaq lazımdır. A.Ələkbərov isə bu işə mane olur. A.Ələkbərov belə bir absurd iddiadadır ki, Parisdə saxlanılan və artıq Fransa hökumətinin mülkiyyətində olan arxeoloji materiallar barədə kimsə çap işi həyata keçirirsə A.Ələkbərovdan icazə alınmalıdır. Təəsüflər olsun ki, institutun direktoru elmdən uzaq olan A.Ələkbərovun bu cəfəng arzusuna əməl etmək fikrindədir.
A.Ələkbərova cənub bölgəsinin orta əsr abidələri üzrə doktorluq mövzusunun təsdiqindən onilliklər keçməsinə baxmayaraq bu mövzuya aid heç bir arxeoloji qazıntı işləri aparmamış və AAK-ın tələblərinə uyğun olaraq heç beş məqalə də çap etdirməmişdir. Amma həmin bölgənin tədqiqatları üçün uzun illər ərzində ayrılan 150 min manatdan artıq dövlət vəsaitini mənimsəməklə məşğul olmuşdur. Mən bu vəsaitlərin yoxlanması üçün müvafiq dövlət qurumlarına müraciət hazırlayıram. Elmdə A.Ələkbərovu arxeoloq kimi tanıyan yoxdur.
-Bəs direktor Maisə Rəhimova belə intriqaya niyə əncam çəkmir?
-Direktor Elmi Şuranın sədridir. Hər halda o, hər şeyi bilir və ondan tələb etdik ki, adi bir məsələnin gündəliyə salınması saatyarım müzakirə edilə bilməz, qoy məsələni səsə qoyub qərar qəbul edilsin. Amma Abuzər Ələkbərov tələb edirdi ki, yox, bu məsələ səsə qoyula bilməz və s. Direktor da onu müdafiə etdi. İclasın iştirakçıları da etiraz əlaməti olaraq iclası tərk etdilər. Bu indiyədək görünməmiş bir qalmaqallı hadisə idi. Onu deyim ki, direktorla Abuzər Ələkbərovun yaxın münasibətlərini hamı bilirdi, amma daha bu qədərini yox. Həm elmdə, həm də Həmkarlar Təşkilatında görünməmiş saxtakarlıqlarla məşğul olan birisini necə müdafiə etmək olar? İnanırıq ki, AMEA rəhbərliyi bu məsələyə dair qəti sözünü deyəcək.
-Açıqlamaya görə təşəkkür edirik.
AZAD
P.S.Təəssüflər olsun ki, həmişə olduğu kimi, institutun direktoru Maisə Rəhimovanın telefonu susduğundan onun bu barədə mövqeyini hələki öyrənə bilmirik…

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi