Əlilliyi OLAN ŞƏXSLƏR: fiziki məhdudiyyətdən SOSİAL İNTEQRASİYAYA

Dəstək olaq, amma əngəl olmayaq ...

“Bizlər üçün həyat çox çətindir. Əgər bir məqsədimiz yoxdursa, yaşamağın da mənası olmur. Sağlam insanlar üçün hər şey əlçatandır. Ancaq biz ən adi işdə belə çox böyük çətinliklərlə üzləşirik. Bu mənada, boccia idman növü mənim həyatımda çox şeyi dəyişdi. İndiyədək elə bilirdim ki, heç kimə lazım olmayan, əlindən heç bir iş gəlməyən adamam. Ancaq bu idman növü üzrə hər dəfə respublika birincisi olaraq həyata daha da möhkəm bağlandım. Özümü təsdiq etdim, var olduğumu hiss etdim”.

Bu sözlərin müəllifi uşaq yaşlarından əlil arabasına məhkum olan, Boccia idman növü üzrə 4 qat ölkə çempionu, 25 yaşlı Sona Ağayevadır.  1993-cü il iyulun 14-də Sabirabad rayonunda anadan olan qəhrəmanım serebral iflic xəstəsi olduğundan heç zaman ayağa durub yeriyə bilməyib. Həmyaşıdlarından fiziki baxımdan geri qaldıqca həyatdan küsən, özünə qapanan Sonanı boccia idman növü ilə tanışlığı yenidən aktiv həyata qaytarıb: “Kənd yerində, kiçik bir cəmiyyətdə böyüdüyüm üçün əlilliyim mənə böyük bir dərd idi. Ətrafıma baxırdım ki, hamı sağlam, hamı ayaq üstə... Bir nəfər də mənim kimi insan yox idi. Elə bilirdim ki, yer üzündə yeganə əlil mənəm. Daha sonra 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldim və burada ilk olaraq xalçaçılıq peşəsinə yiyələndim. Daha sonra hazırda Boccia İdman Federasiyasının baş katibi olan  İlham Məhərrəmovun dəvəti ilə bu idman növündə məşqlərə başladım”.

“Qalib gəldikcə bəzən əlilliyimlə fəxr edirəm...”

Qəhrəmanım peşəkar  idmana başladığı ilk gündən qələbələri ilə hər kəsi təəccübləndirməyi bacarıb: “İlk gəlişimdə birincilik qazandım və daha sonra milli komandaya daxil oldum. Növbəti yarışlarda da 4 dəfə ardıcıl olaraq birinci yerin qalibi oldum. Noyabrın 22-də keçirilən V ”Seni Cup" turnirinin də qalibi oldum. Boccia mənim üçün böyük bir uğurdur. İdmançı adını daşımaq çox qürurverici hissdir. Hər dəfə qalib olmaq, Azərbaycan himninin sənin üçün səslənməsi o qədər gözəldir ki, sözlə izah edə bilmirəm. Bu uğurlarıma görə məşqçim İlham Məhərrəmova borcluyam".

Sona artıq əvvəlki kimi, fiziki məhdudiyyətli olmağını özünə dərd etmir: “Onlarla fiziki məhdudiyyətli gəncləri gördükcə anladım ki, mən tək deyiləm. İndi bunu özümə dərd etmirəm. Hətta əlilliyimlə fəxr etdiyim vaxtlar da  olur. Çünki əli-ayağı sağlam olan, ancaq ömrünü  lazımsız işlərə sərf edən, mənasız həyat yaşayan çox insanlar görürəm”.

Qeyd edək ki, boccia idman növü dünya paralimpiya tarixində 34  ildən çoxdur ki, mövcuddur. 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib. 34  il ərzində populyarlıq qazanan boccia idman növü 50 ölkədə tətbiq olunur . Azərbaycan idmanı üçün yenilik olan bocciada  bütün ağır kateqoriyalı, yəni uşaq serebral iflici, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya bilirlər. Professional idmançı olmaqla yanaşı, boccia idman növü fiziki güclə bərabər zehni əmək də tələb edir. Buna görə həm də reabilitasiya xarakteri daşıyır.

“Boccia ilə  həyata yenidən başlamışam”

Boccianın paralimpiyaya qazandırdığı idmançılardan biri də fiziki məhdudiyyətli olan 24 yaşlı Zaur Veysəlovdur. O , bu ilin 22 noyabr tarixində Abşeron rayonunda keçirilən V “Seni Cup” turnirində BS4 kateqoriyası üzrə Ukraynanın  boccia  üzrə idman ustası Artyom Kolinkoya qalib gələrək dostluq yarışının birincisi olub.

Qəhrəmanım sosial adaptasiya ilə bağlı çətinlikləri aşmasında bu idman növünün böyük rol oynadığını qeyd edir.  1994-cü ildə Göyçay rayonunun Ləkçıplaq kəndində doğulan Zaur 12 yaşına kimi tam sağlam olub. Lakin sonradan yaranan əzələ zəifləməsi onun normal yeriməsinə maneə yaradıb. Əlil arabasına məhkum olan yeniyetməyə  miopatiya diaqnozu qoyulub. Boccia ilə 1 saylı Saglamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldikdən sonra tanış olub. İlham Məhərrəmovun dəvəti ilə məşqlərə başlayan Zaur 5 ay öz üzərində çalışdıqdan sonra milli  komandaya cəlb olunub. Bu ilin oktyabr ayında İtaliyadakı çempionata qatılan qəhrəmanım komanda şəklində bürünc medala sahib olub.

Zaur deyir ki, boccia onun həyatında dönüş nöqtəsi olub: “Boccia idman növündə özümü təsdiq etməyim məni çox dəyişdi. Əvvəllər daha çox evdə olur, özümə qapanırdım. Burada isə artıq aktiv həyata başlamışam, fiziki məhdudiyyətli gənclər arasından çoxlu dostlarım var. Sanki həyata yenidən başladım. Bütün  fiziki məhdudiyyətli gəncləri Boccia ilə məşğul olmağa dəvət edirəm”.

Həm sosial , həm də fiziki reabilitasiya üçün boccia ...

Boccia idman növünün ölkəmizdə inkişaf tarixçəsinə gəlincə, bu haqda bizə Azərbaycan Boccia İdman Federasiyasının baş katibi, Arabaçı TV-nin rəhbəri, Qarabağ qazisi İlham Məhərrəmov məlumat verir. Əvvəlcə, bu paralimpiya növünün özəllikləri ilə tanış olan İlham Məhərrəmov 2013-cü ildə Milli Paralimpiya Komitəsinə müraciət edərək boccia idman növünü təbliğ etməyə başlayır. Bu işdə ona ən böyük dəstəyi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva verir: “Komitənin dəstəyi ilə boccianın təbliğinə başladıq, bu idman növü üzrə milli komanda yaratdıq. Təşkilatlanmaq və daha da inkişaf etmək üçün bizim maddi dəstəyə ehtiyacımız var idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu ilin mart ayında Azərbaycan Boccia İdman Federasiyasını yaratdıq. Bir ay öncə isə İtaliyada keçirilən açıq regional çempionata qatıldıq. Orada 15 Avropa ölkəsi arasında bir qızıl, 3 bürünc medal qazandıq. Ölkəmizdə isə ilk dəfə 2013-cü ildə ”Seni" firmasının dəstəyi ilə  respublika  turniri keçirdik. Bu ilin noyabrın 22-də isə həmin firmanın dəstəyi ilə artıq V “Seni Cup” turniri keçirildi. Yarışda ölkəmizin müxtəlif regionlarından olan 70-ə yaxın fiziki məhdudiyyətli idmançı iştirak etdi. Bildiyiniz kimi, boccia idman növü 5 kateqorioya üzrə həyata keçirilir. Hər kateqoriya üzrə 3 nəfər olmaqla,  ümumilikdə 15 nəfər qalib oldu. Ukraynanın  boccia idman növü üzrə idman ustası Artyom Kolinko da turnirə qatılmışdı. BS4 kateqoriyası üzrə bizim çempionumuz Zaur Veysəlov onu məğlub edərək dostluq yarışının qalibi oldu".

5 ildir ki, İlham Məhərrəmov məhz fiziki məhdudiyyətli şəxsləri bu idman növünə  cəlb edir.  Hazırda 5 kateqoriya üzrə 17 regiondan 100 dən çox fiziki məhdudiyyətli şəxs bu idman növü ilə məşğul olur. Boccia idman növünün üstünlüyü odur ki,onunla  nəinki ayağını, hətta əllərini hərəkət etdirə bilməyənlər də məşğul ola bilər. İndi bu gənclərin ən böyük arzusu  2020-ci ildə keçiriləcək Tokio Paralimpiya oyunlarında iştirak etməkdir.

İlham Məhərrəmovun sözlərinə görə, əlillərin cəmiyyətə inteqrasiya etməsində, sosial həyata başlamasında boccia idman növü ən gözəl vasitədir: “Fiziki məhdudiyyətli insanlar bizim mərkəzə gəldikdən sonra qısa müddətdə biz onlarda müsbət istiqamətdə baş verən dəyişiklikləri görə  bilirik. Boccia ilə məşğul olmağa başladıqdan iki həftə sonra həmin insanların rəngi durulur, üzü gülür, həyata marağı artır, insanlarla kinlə-nifrətlə deyil, mehribancasına danışırlar. Bizə qatılan gənclər var ki, bir neçə gündən sonra özləri bunu etiraf edirlər. Bildirirlər ki, biz ilk dəfə burada özümüzü cəmiyyətə yararlı insan kimi hiss etdik. Valideynləri də etiraf edir ki, həmin uşaqlar evdə yalnız televizor və ya kompüter qarşısında günlərini keçirir, sosial həyatdan tamamilə uzaq olurlar. Bununla da, özlərinə qapanırlar, doğmalarına qarşı aqressiv davranırlar, həm ətrafdakıların psixologiyasına mənfi təsir edir, həm də özləri psixoloji zərbə alırlar”.

Qeyd edək ki, hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 620 min nəfər yaxındır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən həmin insanların həm sosial təminatı, məşğulluğunun təmin edilməsi, eləcə də fiziki və peşə rebilitasiyasına cəlb edilməsi istiqamətində iş aparılır. Əlilliyi olan şəxslər mərhələli şəkildə dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman pereparatları ilə təmin edilir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2017-ci ildən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” icra olunur. Eləcə də, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 260 nəfərə yaxın fiziki məhdudiyətli gənc müxtəlif  hazırlığı kurslarına cəlb olunub.

Ölkəmizdə fiziki məhdudiyyətli vətəndaşların hüquqları “Əlillərin sosial müdafiəsi haqqında” qanunla qorunur. Bundan başqa, Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 13 dekabr 2006-cı il tarixli Konvensiyasını 2 oktyabr 2008-ci ildə ratifikasiya edib.

Ancaq təbii ki, qəbul edilən dövlət proqramları, qanunlar və fiziki məhdudiyyətli vətəndaşların reabilitasiyası üçün görülən tədbirlər bu işin bir hissəsidirsə, ən önəmli məqam cəmiyyətin onlara münasibətinin dəyişməsidir. Biz işlətdiyimiz ifadələrdə, davranış və yanaşmalarımızda həssas olmalı, hətta baxışlarımızla belə onları incitməməli, cəmiyyətdən uzaq salmamalıyıq. Onların da cəmiyyətin bərabərhüquqlu üzvləri olduğunu unutmamalı, sosial adaptasiya prosesində dəstəyimizi əsirgəməməliyik.

Dövlət və vətəndaş cəmiyyəti də öz növbəsində fiziki məhdudiyyətli vətəndaşların təhsilə cəlb olunmasını, ali və orta ümumtəhsil müəssisələrində onların rahat hərəkətini təmin etməlidir, müvafiq infrastrukturun yaradılmasına, müxtəlif peşə bacarıqlarına malik olanların işlə təmin edilməsinə  çalışmalıdır. Eləcə də fiziki məhdudiyyətli vətəndaşların nəqliyyat problemi həllini tapmalı, metroda, avtobusda, qatar stansiyalarında əlil arabaları ilə təhlükəsiz hərəkəti üçün şərait yaradılmalıdır. Onlara əlil, əngəlli deyə xitab və bu cür yanaşma aradan qalxmalıdır. Çünki bu insanlara əngəl olan fiziki məhdudiyyətləri yox, bizim kəskin baxışlarımız, üzücü sözlərimiz, hündür pilləkənlər və bordyorlar,  pandussuz küçələr və sairdir. Cəmiyyəti onlar üçün də yaşanılacaq bir yerə çevirməliyik. Və bu işdə hər kəs maraqlı olmalıdır. Ən azı ona görə ki, heç kim əlillikdən sığortalanmayıb.

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 3 Dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim edilir.






Fikirlər