MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…

Fizuli-Mamedov-foto-1096x500

Azərbaycanın siyasi həyatına fəal şəkildə qoşulmağa çalışan, lakin bunu “arxa qapıdan” etmək istədiyi üçün həmişə yamaq kimi görünən bir çox “siyasətçi”, “iş adamı” və s. var. Bu adamlar əsasən Rusiya tərəfdən gələn “şimal küləyinin” gücünə atmosferin Azərbaycana aid hissəsinə daxil olmağa cəhd edir, biraz toz-duman qaldırır, sonradan yenə elə həmin toz-torpağa qarışaraq, yoxa çıxır, gəldikləri yerə qayıdırlar.

Ən çox təəssüf doğuran məqam həmin külək gətirənlərin çox vaxt reallıq hissini itirmələri və özlərini layiq olduqlarından qat-qat yüksək mərtəbələrdə görmələridir. Bugünkü Azərbaycan reallığının isə ən acı tərəflərindən biri hər birimizin müqəddəs saymalı olduğumuz dəyərlərin belələri tərəfindən siyasi alətə, ucuz və şit reklam vasitəsinə çevrilməsi, çeynənməsidir.

Xüsusilə də Qarabağı, Xocalı faciəsini, şəhidlərimizi və onların əmanəti olan şəhid ailələrini siyasi alətə çevirmək cəhdi təkcə ikrah deyil, həm də “nədən bu günə düşdük” sualını və təəssüf hissi doğurur. Eyni zamanda, bunlara belə “cəsarətin” kimlər tərəfindən və niyə verildiyi barədə də düşünməyə vadar edir.

“Əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə Azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər… Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır…” Bunları öz adına müxtəlif pafoslu titullar qoşmağı sevən və əslində hansı işlə, hansı bizneslə məşğul olduğu müəmmalı qalan, buna baxmayaraq, özünü milyonçu və böyük xeyriyyəçi kimi təqdim edən Frenk Elkapone – Fizuli Məmmədov deyir.

Kimdir bu Fizuli Məmmədov və ya Frenk Elkapone?

Bu haqda danışmazdan öncə qeyd edək ki, Rusiyadakı “İntersever” şirkətlər qrupunun rəhbəri, ictimaiyyət arasında daha çox Frenk Elkapone kimi tanınan Fizuli Məmmədov siyasi iddiaları olan azərbaycanlı iş adamlarındandır. İllər öncə Fizuli Məmmədov kimi deyil, Frenk Elkapone kimi tanınmağa çalışan iş adamının sonradan italiyan adından imtina etməsi də məhz onun Azərbaycanda siyasi iddialara düşməsindən sonraya təsadüf edir. Görünür ona başa salıblar ki, Azərbaycanda Elkopone adı ilə kimsə onu ciddi siyasi fiqur kimi qəbul etməz, olsa-olsa şou aləmində özünə yer tapa bilər.

XU3AKq530ZX1tuw6UEMp3p6fyNzAka

Yeri gəllmişkən, Ordubadda anadan omub, böyümüş Fizuli Məmmədovun bir ara Frenk Elkoponeyə çevrilməsi ilə bağlı da müxtəlif iddialar mövcudur. Özü və ərafı tərəfindən yayılan məlumatlarda bunu onun 30-cu illərin qəhrəmanı olmuş Amerika qanqsteri Al Kaponeyə heyranlığı ilə bağayırlar. Ancaq belədirsə, niyə Alkaponi deyil, Elkapone soyadı götürdüyü və adını da dəyişdirdiyi sualı ortaya çıxır.

İş adamını hələ gənclik illərindən tanıyanların iddialarına inansaq, onun adını və soyadını əslində birinci nikahdan sonra şəxsi biznes maraqlarına görə dəyişdiyini söyləyə bilərik. Belə ki, azərbaycanlı iş adamının birinci həyat yoldaşının İtaliya əsilli olduğu və Elkapone soyadını daşıdığı bildirilir… Fizuli Məmmədovun qısa müddətdə varlanmasını onunla bağlayanlar da var. Hər halda gənc yaşlarında Rusiyaya köçən Fizuli Məmmədovun tez bir zamanda iş qurub, sahibkar kimi böyük pullar qazanmasını yalnız “gözüaçıqlığı” ilə bağlamaq inandırıcı görünmür. Bəzi iddialara görə SSRİ-nin dağılmağa başladığı, xariclə ticarətə icazə verildiyi dövrdə – 1989-cu ildə “İnterserver” şirkətini yaradan Fizuli Məmmədovun varlanmasında həyat yoldaşının vasitəsilə İtaliya ilə qurduğu ticarət əlaqələri əsas rol oynayıb. Mümkündür ki, adını da italyanlara daha isti münasibətlər qurmaq üçün dəyişib.

Yəni, şəxsi maraqlarına görə hətta adını və soyadını dəyişə bilən birinin Vətəninə, millətinə bağlılığına inanmaq bir qədər çətindirBelələrinin Vətənə xidmət haqındakı bəyanlarının da, bəzi xeyriyyəçi görüntüsü yaradan addımlarının da arxasında hansı məqsədlərin dayandığına baxmaq lazımdır.

İş adamının utanc verən özünüreklam tryukları və yalan çıxan vədləri

Ölkədə siyasi gərginliyin, qeyri-müəyyənliklərin yaşandığı illərdə birdən-birə ortaya atılıb partiya yaradan, böyük pullar xərcləyərək siyasi təşkilat qurmağa çalışan, ancaq uğursuzluğa uğrayan Fizuli Məmmədovun son bir-iki ildə yenidən fəallaşmasını da, əlbəttə, onda vətənsevərlik hissinin yenidən baş qaldırması ilə izah etmək mümkün deyil.

1qa

Qeyd edək ki, vaxtaşırı pafoslu çıxışları, vətən sevgisi haqda müsahibələri ilə ortaya çıxan bu şəxsin vətən yolunda hansısa misilsiz xidmətinin şahidi olmamışıq.Əvəzində, arxasında heç bir ciddi əməl olmayan və əslində utanc verən özünüreklam tryuklarına dair məlumatlara tez-tez rast gəlmək olub. Məsələn, bu ilin əvvəlində həmin bu F.Məmmədov guya İtaliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə yazdığına dair məlumat yaydırmışdı. Sonradan məlum oldu ki, onun həmin çox kiçik həcmli yazısı əslində İtaliyadakı bir internet resursunun sadəcə bloqunda yerləşdirilib və bunu istənilən oxucunun çox asanlıqla etməsi mümkündür. Yəni istənilən internet istifadəçisi dünyanın hər hansı bir nüfuzlu internet resursunun oxucular üçün nəzərdə tutulmuş bloqunda yazı yerləşdirə bilər. Deməli bu, məqalə yox, sadəcə ödənişsiz bloq yazısıdır, bir növ şərhdir və minlərlə istifadəçi belə yazı yerləşdirir ki, onların da demək olar oxucusu olmurBəs bunu Azərbaycan oxucusuna az qala böyük publisistik məqalə, yaxud Xocalı faciəsinin guya İtaliyada tanınması üçün atılan möhtəşəm addım kimi göstərmək hansı insani dəyərlərə sığır? Belə “vətənpərvər” iş adamının soyqırıma məruz qalmış insanların ağrı və acıları üzərindən özünü ucuz şəkildə reklam etməsi ən azından ayıb deyilmi?

Başqa bir fakt: Ötən ilin əvəlində F.Məmmədov Azərbaycan saytlarına açıqlamasında Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə 3 milyon manat ayıracağı barədə vəd verdi. Ancaq sonradan sözünü tutmadı. Yəni, məlum oldu ki, onun 3 milyonluq vədi özünə “xal” toplamaqdan başqa bir şey deyilmiş! Hər fürsətdə şəxsi istəklərini gerçəkləşdirməyə, özünü reklama çalışan iş adamının Cocuq Mərcanlının diqqət mərkəzində olduğu vaxtda bu açıqlamanı verməsinin başqa izahı yoxdur. Hər halda bu gün şəhid ailələrinə yardımdan danışan Elkaponedən sormaq lazımdır ki, ötən il Cocuq Mərcanlı ilə bağlı 3 milyon məsələsini niyə ortaya atmışdı? Və bu yardımı niyə göstərmədi?

Məqsəd çirkin siyasi qazancdır,  yoxsa  xeyriyyəçilik?

Demək istədiyimiz odur ki, bu şəxsin hansısa qaranlıq siyasi məqsədlər üçün belə ucuz vasitələrə əl atması faktına ilk dəfə rast gəlinmir. Digər təəssüf doğuran məqam isə Azərbaycan hökumətinin bir tərəfdən beləsinin Azərbaycanda “meydan sulamasına” imkan verməsi, digər tərəfdən isə şəhid ailələrinin maddi təminatı kimi həssas məsələdə çox məsuliyyətsiz davranmasıdır. Analoqsuz inkişafdan və sosial yönümlü strategiyadan danışan bir hökumətin bir neçə min şəhid ailəsinə 11 min manat vəsaiti vaxtında ödəyə bilməməsi, daha doğrusu bunu etmək istəməməsi belə “vətənpərvərlərin” Azərbaycan dövlətini aşağılamasına və şəhidlərimizin ruhunu incitməsinə yol açır.

“Qarabağ müharibəsi – yalnız şəhid ailələrinin ağrısı deyil, bütün Azərbaycan xalqının dərdidir və biz hamımız bu yaranı sağaltmalıyıq”. Bu şablon fikri də həmin “vətənsevər iş adamı” deyir. Bəli, doğrudan da Qarabağ hamımızın dərdidir. Ancaq bu dərdi başımıza kimlərin açdığını gözəl bilirik və bugün bir çoxlarının həmin güclərin qulluğunda duraraq, həm dövlətimizə, həm də şəhid ailələrinin ruhuna hörmətsizlik göstərməsi də başqa bir dərdimizdir.

1519045502_28190688_321475808375050_1188327346_n

Adamın şəhid ailələrinə köməyə necə “can atdığını” sübut edən daha bir fikri:“Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir”.Görəsən nə vaxtdan kiməsə, xüsusilə də şəhid ailələrinə iş adamlarının kömək etməsi üçün hökumətin sərəncamına ehtiyac yaranıb? Kömək etmək istəyirsənsə, get elə. Özü də elə et ki, nə hökumət bilsin, nə cəmiyyət, əgər, əlbəttə, doğrudan da məqsədin xeyriyyəçilikdirsə. Yoxsa, artıq neçə dəfə şahidi olmuşuq ki, bu adamın kiməsə yardım göstərməsi “milçəkdən fil düzəldilərək” təqdim və reklam olunur, pafosla şişirdilir. Ümumiyyətlə, məqsəd doğrudan da hansısa çirkin siyasi qazanc yox, xeyriyyəçilikdirsə, bunun reklam edilməsinə nə ehtiyac var? Və bu sual təkcə sözügedən şəxsə aid deyil…

Yaxud doğrudan da bu insanlara yardım etmək məqsədin varsa, bunu niyə hökumət sərəncamına bağlayırsan? Ən bisavad adam da bilir ki, heç bir özünə hörmət edən hökumət şəhid ailəsinin probleminin həlli üçün kiməsə ağız açmaz və bununla bağlı sərəncam verməz. Belə bir sərəncamın verilməyəcəyinə əmin olduğu üçün həmin bu şəxs tələb edir ki, sərəncam verilsin və mən 100 ailəyə 11 min manat ödəyim. Buna nə ad vermək olar? Ayıb deyilmi?!

Burada bir sual da yaranır. Hökuməti Qarabağ şəhidləri və onların ailələri kimi həssas nöqtə üzərindən vurmağa çalışan bu və bunun kimi adamlar kimin layihəsidir və kimlərə xidmət edirlər?

Fizuli Məmmədov hansı zamanlar və niyə fəallaşır?

Bu suala cavab vermək üçün Fizuli Məmmədovun Azərbaycanda fəallaşdığı, siyasi iddialara düşdüyü zamanlara diqqət yetirmək lazımdır. Onun ölkəyə siyasi iddialarla ilk qayıdışı 90-cı illərin sonlarına təsadüf edir. 1998-ci ilin gərgin keçən prezident seçkilərindən az sonra Azərbaycana qayıdan F.Elkapone Bakıya gələrək, burada öz siyasi partiyasını yaratdı – “Azərbaycan – XXI əsr”.

1524904492_5cb4c7a88001-660x330

O da mərhum prezident Heydər Əliyevdən sonrakı dövrə hazırlaşanların sırasına qoşuldu – 2000-ci parlament və 2003-cü il prezident seçkiləri ilə bağlı iddialarla çıxış etməyə balşadı. Onun Moskvadan xüsusi missiya ilə Azərbaycana göndərildiyini deyənlər də vardı. Məqsədin də Moskvaya bağlı yeni bir siyasi təşkilat qurmaq, hakimiyyətə təzyiq etmək olduğu bildirilirdi. Buna görə böyük pullar da ayrıldığı deyilirdi. Bu məlumatın nə qədər doğru olduğunu, niyə Elkoponenin seçildiyini bilmirik. Ancaq Elkopone Bakıya gələr-gəlməz siyasi partiya ilə yanaşı eyni adlı qəzet də təsis etdi. Təbliğatına, partiyasına nəhəng pullar xərcləyərək özünü cəmiyyətə siyasi fiqur kimi qəbul etdirməyə çalışdı. Müəyyən dövr belə bir görüntü yaratmağa nail də oldu. Pul iyi hiss edən bütün siyasi dəllalar, oyunbazlar Elkaponenin ətrafına toplaşdılar. Ancaq onun “stəkanda yaratdığı fırtınanın” ömrü çox olmadı. Heç bir ideoloj bağlılığı olmayanlar pul kəsilən kimi Elkaponenin ətrafından uzaqlaşdılar. Nəticədə 2003-cü il prezident seçkilərindən sonra uğursuz siyasi fəaliyyətinə nəhəng pullar xərcləyən biznesmen Rusiyaya qayıtdı.

Və bir də onun adı 2013-cü ildə, yenə ölkədə siyasi gərginliyin, qeyri-müəyyənliyin olduğu dövrdə ortaya çıxdı. Belə ki, məşhur “Milyarderlər İttifaqı”nın əsas fiqurları Abbas Abbasov və Söyün Sadıqov göstərilsə də, bu quruma gizli dəstək verən, onun aparıcı təmsilçilərilə sıx təmasda olanlar da az deyildi. Elə həmin bu Fizuli Məmmədovun da xüsusilə A.Abbasovla yaxın münasibətlərdə olduğu barədə məlumatlar var. Şahidlərin dediyinə görə, həmin o gərgin günlərdə F.Məmmədov Abbas Abbasovun Moskvadakı ofisindən çıxmazmış. Özü bunu təkzib edir. Ancaq bu iddiaların da boşuna ortaya çıxmadığı məlumdur. Maraqlıdır ki, 2013-cü il seçkilərindən az sonra Fizuli Məmmədovun Moskvadakı biznesini Avropaya köçürdüyü, İtaliyada biznes fəaliyyətini davam etdirdiyi xəbəri yayıldı… Bundan sonra uzun müddət “yoxa çıxdı”.

Ancaq ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda özünün geniş miqyasda piar kampaniyasını təşkil etməyə başlayıb. Gah xeyriyyəçi iş adamı, gah vətənpərvər diaspor rəhbəri, gah da millətçi siyasətçi kimi özünü təqdim etdirən Fizuli Məmmədovun məqsədinin nə olduğunu bu dəfə də söyləmək çətindir. Ancaq yenidən siyasi iddialara düşdüyü şübhə doğurmur. Bunu bu yaxınlarda onun sifarişi ilə yazılaraq Azərbaycan qəzetlərindən birində dərc olunan “Siyasi səhnədə o partiyanın yeri görünür – “Azərbaycan XXI əsr”…” başlıqlı yazıda əks olunan fikirlər də təsdiqləyir.

İş adamı özünü və partiyasını Azərbaycanın xilaskarı kimi təqdim etdirir

Belə ki, həmin yazıda “Azərbaycan XXI əsr” Xalq Vətənpərvərlər İttifaqı Partıyası ölkənin yeganə “XİLASKARI” kimi təqdim edilir. Eyni zamanda dolayı fikirlərlə hakimiyyətin bu partiyanın liderindən qorxduğu üçün, onun fəaliyyətinə imkan verilmədiyi kimi cəfəng iddialar irəli sürülür. Həmin yazıdan sitatlara diqqət edək:

123

– “Azərbaycan cəmiyyəti o qədər güclü parçalanıb ki, onu yalnız vətənpərvərlik hissinə dayanan milli məfkurə birləşdirə bilər. Digər hər hansı ideya vətəndaşların düşüncələrini ələ almaq istidarında deyil… Hələ ki nə hakimiyyət, nə də müxalifət aralarındakı düşmənçilik həddinə enən münasibətlərə yenidən baxaraq, potensiallarını Azərbaycanın problemlərinin açarı olan vətənpərvərlik məfkurəsini milli ideyaya çevirmək işinə yönəldə bilmirlər. 20 il öncə vətənpərvərliyi öz Proqramının məramı və məqsədi elan etmiş ‘’Azərbaycan XXI əsr’’ Xalq Vətənpərvərlər İttifaqı Partiyası (“Azərbaycan XXI əsr’’ XVİP) beşikdə boğulmasaydı, bəlkə də bu gün cəmiyyətimizin mənzərəsi fərqli ola bilərdi…”

– “Çoxları “Azərbaycan XXI əsr’’ XVİP-i ölkədəki siyasi proseslərin gedişatını dəyişdirə biləcək güclü vətənpərvərlik hərəkatı kimi qiymətləndirirdi... Partiyanın 5 illik fəaliyyəti dövründə Fizuli Məmmədov iş dünyasından siyasətə gələn isimlər arasında LİDER bacarığını uğurla nümayiş etdirə bilən siyasətçi statusu əldə etdi…”

Yazıda cəmi 5 il fəaliyyət göstərən “Azərbaycan XXI əsr” XVİP-in hətta bütün inzibati resurslarla YAP-ın belə 25 ildə əldə edə bilmədiyi qədər üzvlərinin olduğu iddia edilir.

Sitat: “Partiyanın xalqdan böyük dəstək qazanmasını rəqəmlər də təsdiq edir. Artıq 2000 ci ildə “Azərbaycan XXI əsr’’ XVİP-in üzvlərinin sayı yalnız Azərbaycanda 300 mindən çox idi. Bundan başqa, Rusiyada, digər MDB ölkələrində partiya Azərbaycan diasporlarının geniş dəstəyini qazana bilmişdi. Azərbaycandan kənarda, keçmiş postsovet məkanında yaşayan və işləyən təxminən 700 min həmvətənimiz “Azərbaycan XXI əsr’’ XVİP-in sıralarına qoşulmağa hazır olduqlarını bəyan etmişdilər. Azərbaycanın demək olar, bütün rayonlarında, həmvətənlərimizin kompakt yaşadığı bir sıra ölkələrdə partiyanın şöbələri açılmışdı…”

Fizuli Məmmədov siyasi lider olmaq həvəsinə düşüb?

Yazıda birbaşa olmasa da, “Azərbaycan XXI əsr’’ XVİP-in və Fizuli Məmmədovun siyasi səhnədən getməsinə görə rəsmi Bakı, ölkənin siyasi hakimiyyəti ittiham edilib.

“Km idi Azərbaycanın həqiqi vətənpərvərlərini bir çətir altında toplayıb, şəxsi biznesindən əldə etdiyi gəlirləri millətin kapitalına çevirmək istəyən Fizuli Məmmədovun qarşısını kəsməyə çalışan güc?”, - deyə sual edən yazı müəllifi və ona bu yazını sifariş edən Elkopone heç şübhəsiz Azərbaycanda belə qərarlarn hansı səviyyədə verildiyini bilməmiş deyil.

f36bbf58-48ac-4d9b-bdfa-d52b74d901c3

Yazının sonunda isə əsl məqsəd açıqlanır: “İnanırıq ki, vətənpərvərlik ideyasının yenidən institusional şəkildə Azərbaycan siyasətinə gəlməsi cəmiyyətimizin sağlamlaşmasına xidmət edər, ölkənin daha sağlam təməllər üzərində inkişafına böyük töhfələr verər”.

Beləliklə, Fizuli Məmmədovun son iki ildə fəallaşmasının, özünü xeyriyyəçi kimi cəmiyyətə sırımağa çalışmasının əsl məqsədi məlum olur. Yenidən siyasətə qaytımaq, siyasi LİDER olmaq həvəsinə düşüb. Ya da üzərinə yeni bir missiya qoyulub..

Belədə şəhid ailələrilə bağlı bu son açıqlamaların hansı küləklərin təsiri altında verildiyi və hansı qaranlıq siyasi məqsədlərə xidmət etdiyi barədə müəyyən təsəvvür yaranmış olur. Ümumiyyətlə, məlum ölkənin xüsusi xidmət orqanları ilə əlaqəsinə dair ciddi şübhələr olan bir çoxları var ki, taz-tez mətbuat səhifələrinə çıxaraq, ölkəmizin xarici siyasi kursu da daxil omaqla, başlarının ölçüsündən çox-çox böyük mövzularda “müdrik” açıqlamalar verirlər.
Diqqətli olmaq lazımdır. Unutmayaq ki, dumanlı havaları yalnız qurdlar sevmirlər…

AzPolitika.info

 
 

 






Fikirlər