Minimum əməkhaqqının artırılması qiymətlərə təsir edə bilərmi?

Fikrət Yusifov: “Bu addım həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək”; Natiq Cəfərli: “Bazara əlavə vəsaitin daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması və ”Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

Nazirlikdən o da bildirilib ki, özəl sektorda da minimum əmək haqqı 180 manatdan az müəyyən oluna bilməz: “Buna elektron sistem vasitəsilə nəzarət olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək”.

Minimum əməkhaqqının artımı ekspertlər tərəfindən də müsbət qiymətləndirilib. Lakin bu artımın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağı da istisna edilməyib.

Картинки по запросу Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son illər Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərarlar qəbul edilir: “Bu il də istisna təşkil etmədi. Cari ilin ötən dövrü ərzində artıq əhalinin sosial müdafiəsi ilə bağlı çox mühüm qərarlar qəbul edilib. Fevral ayının 8-də prezident İlham Əliyev əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir. Bu addım ölkə prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərdi. Son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. Dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalmalara səbəb olduğu 2016-cı il başa çatan kimi - yəni 2017-ci ilin yanvar ayında da belə addım atıldı.

Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı fəsadlara və ümumu iqtisadiyyatın 3,8 faiz azalmasına baxmayaraq prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə ”yox" demədi. Əgər o həmən dönəmdə buna “yox” desəydi, heç şübhəsiz, reallığı dərk etməyi bacaran hər bir Azərbaycan vətəndaşı prezidentin bu addımını başa düşərdi. Ancaq o, belə etmədi. İlham Əliyev ölkənin iqtisadi durumundakı çətinliklərə, maliyyə çətinliklərinə baxmayaraq, bu vəziyyətlərdə də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin yanında olduğunu bir daha göstərdi. 2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə başçısı eyni addımları növbəti 2018-ci ilin əvvəllərində də atdı. 2019-cu il iqtisadi yüksəliş ili olacaq və bu səbəbdən də cənab İlham Əliyev bu ilki əməkhaqqı artımlarının iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədi".

İqtisadçı alimin sözlərinə görə, minimal əmək haqının birdən-birə 38,5 faiz, yəni 50 manat artımına getmək bu məsələdə prezidentin ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir: “Son fərmanla Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaq. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək. Minimum əmək haqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə onda çalışan işçilərə bundan az əmək haqqı verə bilməz”.

Картинки по запросу Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə bu artımın bahalaşmaya və  inflyasiyanın artmasına səbəb olacağını istisna etmədi:“Azərbaycanda həmişə maaş və təqaüdlərin artması ilə paralel olaraq qiymətlər də artır, bu bahalaşmanı tətikləyən bir amil olur. Minimum əməkhaqqının artırılması ilə bazara əlavə manat kütləsi daxil olacaq, il ərzində təxminəm 450 milyon manata yaxın əlavə ödənişlər olacaq. Bazara əlavə vəsait daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər. Ancaq bu ənənəvi faktorlarla birləşəndə daha çox mənfi reaksiya doğurur. Çünki  Azərbaycanda noyabr ayından başlayaraq hər il yeni il öncəsi bir qiymət artımı müşahidə olunur, Novruz bayramı öncəsi də ikinci qiymət artımı baş verir. Bu il də fevral ayının sonu, mart ayınının əvvəllərindən başlayaraq növbəti qiymət artımı dalğası yaranacaq. Bu, həm bayramlardan öncə tələbatın artması ilə bağlıdır, həm də mövsümi olaraq yerli malların bazarlardan çəkilməsi ilə əlaqədardır. Çünki saxlanılma ilə bağlı problemlər həll olunmadığından, əsasən də kənd təsərrüfatı məhsulları bazardan çəkilir, xarici məhsulların üstünlüyü olur deyə, qiymətlər artır. Bütün bu amillərin birləşməsi və minimum əməkhaqqının artımı nəticə etibarilə bahalaşmaya səbəb olan faktora çevrilir. Bu dəfə də bahalaşma ola bilər - ehtimal çox yüksəkdir. Fevralın  sonundan başlayaraq mart ayında Novruz bayramına  qədər qiymət artımının yeni dalğasını müşahidə edəcəyik”.

 






Fikirlər