Maaş və pensiyalarda artımla bağlı BƏDBİN PROQNOZLAR

İqtisadçılar  2018-ci ilin may ayında bunu mümkün sayırlar, çünki...

Azərbaycanda minimum əmək haqqı, pensiyaların minimum məbləği və yaşayış minimumu həddi tədricən artırılacaq. Bu məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur. Bununla yanaşı, əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri ad sahiblərinin təqaüdlərinin, fərdi təqaüdlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bəs görəsən, gələn il əmək haqqı və pensiyalar nə qədər artırıla bilər? Bununla bağlı konkret rəqəm varmı?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkə qanunvericiliyinə görə, hər il rəsmi inflyasiya qədər indeksləşmə aparılır: “Minimum əmək haqqı  və təqaüdlərin indeksləşməsi həyata keçirilir və buna uyğun olaraq da büdcədən maliyyələşən qurumlarda əməkhaqqı və ümumiyyətlə, təqaüdlərin yenidən hesablanması işi aparılır. Bu günə olan rəsmi inflyasiya rəqəmi 13,8 faizdir. Noyabrın sonu və dekabrda da rəsmi rəqəm çox böyük ehtimalla 13-14 faiz arasında olacaq. Dəqiq bilinən odur ki. bu faiz üzərindən indeksləşmə aparılacaq. Lakin büdcədə maaş və pensiyaların artımı üçün əlavə vəsait nəzərdə tutulmayıb. Ola bilər ki, neftin qiyməti indiki səviyyədə qalsa, may ayında büdcəyə yenidən baxılarkən maaş və pensiyalar artırıla bilər. Bu, Azərbaycanda mövcud olan pis bir ənənədir ki, büdcəyə il ərzində yenidən baxılır. Əslində normal proqramı olan hökumətlərdə belə tez-tez büdcə dəyişiklikləri olmur. Amma bizdə büdcə neftdən çox asılı olduğu üçün hər dəfə neft qiymətlərinə görə korreksiya edilir. Əgər neft qiymətləri indiki səviyyələrdə uzun müddət qalsa, əmək haqqı və pensiyalar artırıla bilər. 2018-ci ilin seçki ili olduğunu da nəzərə alsaq, ola bilər ki, büdcəyə müəyyən dəyişikliklər olsun və əlavə artımlar nəzərdə tutulsun”.

Image result for İqtisadçı ekspert Rəşad Həsənov

İqtisadçı ekspert Rəşad Həsənov isə gələn il əmək haqlarında artım olacağını proqnoz etmir: “2018-ci il dövlət büdcəsi layihəsində əmək haqlarının ödənişi ilə bağlı xərclər cəmi 2,5 faiz, yəni 104 milyon manat artıb və 4 milyard 200 milyon manata çatdırılıb. Bu 2,5 faiz artım və ümumi əmək haqqı ödənişinin 104 milyon manat artırılmasının strukturuna nəzər salsaq, görürük ki, bu artımın 70 milyon manatı məhz Azərbaycanın 26 bölgəsində müəllimlərin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi nəticəsində onların əmək haqlarının artırılmasına  yönəlmiş xərclərdir. Bundan əlavə,   34 milyon manat vəsait qalır. İndiki halda əgər dövlət strukturlarında əhəmiyyətli ixtisarlar getməzsə, bu sektorda çalışanların sayı azaldılmazsa, düşünmürəm ki, əmək haqlarının artırılması mümkün olsun”.

R.Həsənov gələn ilin may ayında büdcəyə yenidən baxılması zamanı əmək haqqı və pensiyaların artırılmasının mümkünlüyünü də vurğuladı: “Ancaq burada digər bir faktor da var. Bu da ondan ibarətdir ki. büdcədə neftin qiyməti bir barel üçün 45 ABŞ dollarından götürülüb. Qlobal neft bazarındakı hazırki trend isə onu göstərir ki, qiymət bundan yüksək olacaq, böyük ehtimalla 55-60 ABŞ dolları olacaq. Bu isə 2018-ci ilin may ayında dövlət büdcəsinə yenidən baxılmasına gətirib çıxara bilər. Böyük ehtimalla 2018-ci ilin birinci yarısında  dövlət büdcəsinə yenidən baxılarkən əmək haqlarının artırılması ilə bağlı bir sıra qərarlar qəbul ediləcək”.

R.Həsənov bildirdi ki, yeni qanunvericiliyə görə, pensiyaların  orta aylıq əmək haqqına uyğun illik indeksasiyası həyata keçirilməlidir: “2017-ci ildə əhalinin hər nəfərinə düşən orta aylıq əmək pensiyasının məbləği təxminən 209 manat proqnozlaşdırılır. 2018-ci ildə bu göstərici 3,5 faiz arta bilər. 2018-ci ilin dövlət sosial müdafiəsinin büdcəsində orta aylıq əmək pensiyası məbləğinin 216 manata çatdırılması nəzərdə tutulub. 2017-ci ilin iyul ayının 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanuna görə, pensiyaların  orta aylıq əmək haqqına uyğun illik indeksasiyası həyata keçirilməlidir. Düşünürəm ki, ən yaxşı halda pensiyalar  indeksasiya olunacaq. Ancaq pensiyanın baza hissəsinin və sairin artırılması böyük ehtimalla baş tutmayacaq.

Onu da nəzərə almaq lazımdır ki, həm Maliyyə Nazirliyinin, həm də Prezidentin Ehtiyat Fondu üçün 300 milyon manata yaxın vəsait nəzərdə tutulub. Böyük ehtimalla bu vəsaitlərdən də müəyyən qədər istifadə etməklə, eyni zamanda dövlət büdcəsində neftin bahalaşması hesabına daxilolmaların artmasının yaratdığı üstünlüklərdən istifadə etməklə, 2018-ci ildə müəyyən qədər orta aylıq əməkhaqlarının və pensiyaların məbləğinə dəyişiklik edilə bilər".

Ekspert vurğuladı ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq: “Əmək haqlarının indeksasiyası, ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulan bir öhdəlik deyil. Zaman-zaman əmək haqlarının artırılması ilə bağlı dövlət başçısı tərəfindən sərəncamlar imzalanır. Minimum əmək haqqı məbləğinin müəyyənləşdirilməsi öhdəliyi olsa da, əmək haqlarının ümumi məbləğinin artırılması ilə bağlı indeksasiya tələbi qanunvericilikdə yoxdur. Qanunvericilikdə əmək pensiyalarının ineksasiyası inflyasiya dərəcəsinə görə aparılırdı. Ancaq yeni qanunda  əmək pensiyalarının orta  aylıq əmək haqqının artım tempinə uyğun indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq”.






Fikirlər