“AzərEnerji" ASC-nin Reabilitasiya Proqramı və yeni HƏDƏFLƏR

Картинки по запросу “Azərenerji” ASC

Ölkənin enerji təhlükəsizliyi yeni və daha etibarlı səviyyəyə qalxır

Bu gün dünyada enerji təhlükəsizliyi məsələsi ön plana çıxır. Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil”. Prezident İlham Əliyevin bir neçə il öncə çıxışında səsləndirdiyi bu sözlər ötən ilin iyul ayında baş verən qəza zamanı da bir daha təsdiqini tapdı.

2018-ci ilin 3 iyul tarixində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış nəticəsində respublikanın əksər ərazilərinə elektrik enerjisinin verilməsi  müvəqqəti olaraq dayandı. Bu hadisədən sonra “Azərenerji” ASC-də baş verən rəhbərlik dəyişimi, yeni Reabilitasiya Proqramının icrasına başlanılması, itirilmiş güclərin bərpası və əks-qəza avtomatlaşdırması istiqamətində görülən işlər sonrakı dövrdə ölkənin enerji ilə təminatında problem yaşanmasının qarşısını aldı.   Ölkənin milli təhlükəsizliyindən iqtisadiyyata, sənaye istehsalından tutmuş bir çox digər sahələrə təsir edən enerji təhlükəsizliyi məsələsi ASC qarşısında əsas prioritet olaraq qoyuldu.

Yenidənqurma və itirilmiş güclərin bərpası

Teymur Abdullayev ile ilgili görsel sonucu

Ötən 1 il ərzində görülən işlərlə bağlı açıqlama verən “Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev  qeyd etdi ki, Azərbaycan İES ən müasir səviyyədə yenidən qurulur: Ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sisteminin çökməsinə səbəb olan Mingəçevir şəhərindəki ”Azərbaycan" İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün ölkə prezidenti İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır".

T.Abdullayevin sözlərinə görə, bu günədək Reabilitasiya Proqramı çərçivəsində “Azərenerji ”ASC" tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb: “Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı, hidrogen istehsal edən elektroliz, oksigen qurğularında da təmir işləri aparılıb. Ümumilikdə, Reabilitasiya Proqramı çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək".

Ölkənin enerji təhlükəsizliyi necə təmin edilir?

Qurum sözçüsü onu da vurğuladı ki, “Azərenerji” ASC həmçinin  “Cənub” Elektrik Stansiyasının etibarlılığını yüksək səviyyəyə çatdırıb: “Ötən ilin iyul ayının 3-də baş verən qəza nəticəsində enerji sisteminin çökməsi, Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan ”Cənub" Elektrik Stansiyasındakı 2 ədəd 330 kv-luq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb. Eyni zamanda hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sistemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək .

Qeyd edək ki, “Azərenerji” ASC-nin ötən ilin payızından sonra Reabilitasiya Proqramı çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işlər nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-ya qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub".

T.Abdullayev həmçinin diqqətə çatdırdı ki,  “Azərenerji” ASC Şüvəlandakı “Şimal-1" elektrik stansiyasında itirilmiş 30 mvt gücü bərpa edib. O cümlədən  sistem əhəmiyyətli 17 yarımstansiyanı, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərini yenidən qurur.

Azərbaycan elektrik enerjisi  ixracatçısı kimi...

Vahid Əhmədov ile ilgili görsel sonucu

“Azərenerji” ASC-də son 1 ildə görülən işləri dəyərləndirən  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  itkilərin azalmasını və ixracın artmasını müsbət hal kimi qiymətləndirdi:  ““Azərenerji”nin ən başlıca  problemi hər zaman itkilər idi və itkinin həcmi qəbuledilməz dərəcədə böyük idi. Bunu adətən köhnə avadanlıqlar və köhnə xətlərlə əlaqələndirirdilər. Qurumun yeni rəhbəri Baba Rzayevin dövründə isə  bu sahədə işlər görüldü. Transformatorlar, xətlər dəyişdirildi, bir qismi yenidən çəkildi. Reabilitasiya Proqramı çərçivəsində müəyyən işlər görüldü, yeni stansiyaların tikilməsi istiqamətində ciddi iş aparıldı və hazırda da davam edir. Bütün bunların nəticəsi olaraq , itkilərin qarşısı xeyli alındı. İtkilərin azalması həm də dövlət büdcəsinə daxil olacaq vəsaitlərin itməsinin qarşısını aldı. Bu istiqamətdə çox ciddi iş aparılır. Nəticədə,  Azərbaycan elektrik enerjisi idxal etsə də, ixracımız daha çoxdur və itirilmiş güclərin bərpasından sonra ixracımız kəskin artır. Həmçinin ölkənin enerji təhlükəsizliyi təmin olunub və hər hansı fasilələr yaranmır". 

Vahid Əhmədov onu da qeyd etdi ki, “Azərenerji” ASC-nin hazırki prezidenti Baba Rzayevin daha öncə rəhbərlik etdiyi qurumlarda da müsbət fəaliyyəti olub və bu mənada cari fəaliyyətindən də gözləntilər böyükdür: “2006-cı ildə Baba Rzayev ”Bakıelektrikşəbəkə"ni qəbul edəndə itkilər 16,98 faiz idi, 2015-ci ildə təhvil verdikdə isə itkilər 7,9 faizə düşdü. 2015-ci ildə isə “Azərişıq” ASC-ni 16 faiz itki ilə qəbul etdi, hazırda itkilər 10,8 faizdir. Bu proqrama uyğun olaraq işlər aparılır. İtkilər kəskin azalıb".

Neft Araşdırmaları  Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban da hesab edir ki, 2018-ci ilin sentyabrından, “Azərenerji” ASC-də rəhbərlik dəyişəndən sonra ötən dövrdə xeyli müsbət dəyişikliklər aparılıb: “Rəhbərlik dəyişdikdən sonra həm də ”Azərenerji" ASC-yə vəsait ayrıldı və elektrik stansiyalarının modernizasiya edilməsi və təmir işlərinə yönəldildi. İstər istilik elektrik stansiyalarında, istərsə də  hidroelektrik stansiyalarında güclərin bərpa edilməsi ilə bağlı rəsmi məlumatları da əldə edə bildik".

“Enerji mübadiləsində müsbət saldo hər zaman Azərbaycanda olub”

İlham Şaban ile ilgili görsel sonucu

İ.Şabanın sözlərinə görə, hazırda itirilmiş güclərin bərpası ona görə gündəmdədir ki, əvvəlki rəhbərlik dövründə elektrik stansiyaları heç də rəsmi olaraq qeyd edilən gücü ilə işləmirdi: “Əvvəlki rəhbərlik dövrü Azərbaycanın generasiya sistemində yeni stansiyaların tikintisi ilə yadda qaldı. Ancaq elektrik stansiyası tikməklə iş bitmir, ona vaxtında texniki qulluq edilməsə, lazımi qaydada  idarə edilməsə, o özünün layihə gücü qədər elektrik enerjisini istehsal etmək gücündə olmur. Qəzaların səbəbi də məhz bu kimi hallardır. O dövrdə elektrik stansiyaları heç də rəsmi olaraq qeyd edilən gücü ilə işləmirdi.  Nə ”Azərbaycan" İstilik Elektrik Stansiyası 2400 meqavat gücündə deyildi , nə də “Cənub” Elektrik Stansiyası yazıldığı kimi 780 meqavat istehsal gücündə deyildi Hər zaman qeyd edilirdi ki, Cənubi Qafqazda bundan böyük istilik elektrik stansiyası tikilməyib, ancaq reallıqda İES 30-35 faiz gücü ilə işləyirdi. İctimaiyyətdə isə elə bir rəy yaranmışdı ki, elektrik enerjisi istehsalı nəinki daxili tələbatı ödəyir, hətta bunu ixrac etmək də mümkündür. Çünki burada müəyyən manipulyasiyalar edilirdi. Azərbaycanda  SSRİ dövründə də, müstəqil olduğu illərdə də hər zaman idxal və ixrac enerjisi olub. Bu paralel rejimdə işləyib. Hazırda Ermənistan istisna olmaqla, Rusiya, Gürcüstan, İran və Türkiyə ilə günün müxtəlif zamanlarında elektrik enerjisi ixrac və  idxal olunur.  Müsbət saldo hər zaman Azərbaycanda olub.  Hazırda Azərbaycanda enerjinin ixracı üzərində iş aparılır, kommersiya müqavilələri bağlanmalı və şirkətlər ölkəmizdən elektrik enerjisini almalıdırlar. “Azərenerji”də idarəetmə dəyişdikdən sonra  biz görürük ki, ölkənin ən əsas istilik elektrik stansiyası necə planla qurulur. Bu, qısa müddətdə həll edilən məsələ deyil, qarşıdakı dövrdə də enerji sistemi bir neçə il davam edən modernizasiya işlərindən sonra ölkənin enerji təhlükəsizliyi təmin ediləcək".

Onu da qeyd edək ki, 2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur.  “Azərenerji” ASC-dən  verilən məlumata görə, ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisinin istehsalı da artırılıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur. Bu statistikanı son dövrlərdə aparılan  işlərin nəticəsi kimi də dəyərləndirmək olar.

P.S. Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür. (Yeni Müsavat”)

 
 






Fikirlər