Milyarder qardaşı deputat olmaq üçün nələrə əl atır? - Göyçayda əcəb işlər keçir...

Milyarder qardaşı deputat olmaq üçün nələrə əl atır? - Göyçayda əcəb işlər keçir...
Göyçay “AzNar” QSC-nin baş direktoru Fərəc Əhmədovun 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınıb.

 

Qeyd edək ki, F.Əhmədov Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşıdır. Həmin dairədən deputat olan Şəmsəddin Hacıyevin seçkilərə qatılmaması, hakim partiyanın Elman Nəsirovun namizədliyini irəli sürməsi milayrderin qardaşını ürəkləndirib.

AFN.az xəbər verir ki, Fərhad Əhmədov Rusiyanın ən varlı iş adamlarından sayılır. 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb. İlk vaxtlar F.Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi. Hazırda 1,3 milyard dollar sərvəti olduğu ehtimal edilir.

Əldə etdiyimiz məlumata görə, milyarderin qardaşının deputatlıq arzusu ürəyində qala bilər. Belə ki, bir müddət öncə mətbuatda yayılan məlumatların millət vəkilliyi yolunda əsl sipərə çevrilməsi ehtimalı var. Fərəc Əhmədovla eyni dairədən namizədliyini verən Vidadi İskəndərov milyarderin qardaşı ilə bağlı maraqlı məlumatlar paylaşıb. Onun sözlərinə görə, Fərəc Əhmədov deputat olmaq üçün 5 milyon manat rüşvət təklif edib: “Məndə olan məlumatlara görə, Fərəc Əhmədov 5 milyon manat rüşvət verib özünü deputat seçdirmək istəyib. Lakin niyyəti baş tutmayıb”. Vidadi İsgəndərli iddia edir ki, Fərəc Əhmədovun təklifi hələ də gündəmdədir. 

QSC rəhbərinin bir müddət öncə səhmdarlarla yaranan narazılığı da hələ yaddaşlardan silinməyib. Bir müddət öncə yaranan qalmaqalda səhmdarlar Fərəc Əhmədovun onlara qarşı zor tətbiq etdiyini iddia edibıər.

Teymur Əhmədov adına “AzNar” QSC 90-cı illərin sonunda özəlləşdirilən Göyçay Konserv ASC-nin hüquqi varisidir. Rusiyalı milyarder Fərhad Əhmədov sovetlər ittifaqı dövründə Göyçay Konserv Zavodunun direktoru olmuş Teymur Əhmədovun oğludur. O, səhmdar cəmiyyətində nəzarət paketini ələ keçirəndən sonra cəmiyyətin adını dəyişdirib, Teymur Əhmədov adına “AzNar” QSC adlandırıb. Fərhad Əhmədov əsas səhmdar olmasını o vaxtlar minoritar səhmdarlar ruh yüksəkliyi ilə qarşılayıb. Onlar hesab edib ki, Əhmədov zavodun inkişafını səhmdarların hüquqlarını pozmadan həyata keçirməyə üstünlük verəcək. Ancaq minoritar səhmdarlar yanıldılar… F.Əhmədov cəmiyyətin nizamnamə kapitalının 6 dəfədən çox artırılmasına dair qərar qəbul edilməsinə nail olub. O, bununla cəmiyyətin əmlakının bazar qiyməti ilə qiymətləndirilməsindən imtina edib. Yeni buraxılmış səhmlərin satış şərtlərini Əhmədovun müavini səhmdarlara göndərib. Ancaq bu şərtləri yerinə yetirən səhmdarlara səhmlər verilməyib. Sonradan bəlli olub ki, səhmlərin əldə edilməsi üçün anderayterlə müqavilə bağlanmadığına görə bəzi səhmdarlardan səhmlərə görə pullar alınsa da, onlara səhmlər verilməyəcək. Baxmayaraq ki, bildirişlərdə müqavilə bağlanmasına dair heç bir şərt yox idi. Qiymətli kağızlar üzrə Dövlət Komitəsi (QKDK) də bu kobud mülkiyyət hüquqlarının pozulması faktına baxmayaraq, həmin səhm buraxılışını qeydə alıb qanuni sayıb. Nəticədə üç səhmdarın pulları F.Əhmədovun nəzarətinə keçib və onlara səhm verilmədiyindən cəmiyyətdə iştirak payı 83% azalıb. Faktiki olaraq Əhmədovun müavini səhmdarları aldadaraq səhmdarlardan pul alıb, üç ildir bu vəsaiti cəmiyyətdə fırladır. Lakin pulun əvəzində vəd edilən səhmlər bu günə qədər səhmdarlara verilməyib. 

QKDK emissiya üzrə hesabatı qəbul etməsindən ruhlanan Fərhad Əhmədov “AzNar” QSC-də baş verən növbəti emissiyanı da qanunlara və nizamnaməyə zidd olaraq qəbul etdirib. Səhmlərin hamısının özünə götürülməsinə dair qərar qəbul edilməsindən sonra səhmdarlar QKDK-də sədrin muavini İlqar Muradovun qəbulunda olublar. Buna cavab olaraq bir neçə həftədən sonra şifahi şəkildə onlara bildiriblər ki, bu qərar səhmdarların hüquqlarını pozduğuna görə bu emissiya haqqında qərar Komitədə qeydiyyatdan keçməyəcək. Ancaq bu vədlərə rəğmən həmin emissiya haqqında qərar qeydiyyata alınıb və emissiya baş verib. Nəticədə Fərhad Əhmədov 10 manat dəyəri olan səhmlərin hamısını özü 2 manatdan əldə edərək cəmiyyətdəki səhmlərini artırmağa nail olub. Bu hal səhmdarları Komitədəki korrupsiya hallarına dair yayılan şayiələrə inanmağa vadar edib. 

“AzNar” QSC-nin səhmdarlarının 15 sentyabr 2012-ci il tarixli ümumi yığıncağında Fərhad Əhmədovun nümyəndəsi səhmdarları QSC-dən uzaqlaşdırıb, səhmdar cəmiyyətin özəyini təşkil edən əsas vəsaitləri (unikal avadanlıqları, sexləri, çənləri, 100 hektarla sahələri, Belarusiya Respublikasında sok zavodunun 100 %-lik səhmləri ), illər ərzində cəmiyyətin zərərlə işləməsi hesabına formalaşıb adı və brendi (Teymur Əhmədov adına “AzNar” və “GRANTE”) özünə götürüb. 

Göründüyü kimi, sahibi olduğu QSC-də ağlagəlməz qanunsuzluqlara əl atan namizədin deputat seçiləcəyi inandırıcı görünmür. Əldə etdiyimiz səhih məlumata görə, deputat olmaq üçün dəridən qabıqdan çıxan F.Əhmədov seçki günündə hətta seçicilərə rüşvət təklif etməyə hazırlaşır. Bütün ciddi cəhdlərə baxmayaraq, F.Əhmədovun yuxarı dairələrdə nəzarətdə olduğu deyilir.






Fikirlər