“Prezident İlham Əliyevin beynəlxalq nüfuzu Azərbaycanı dünya siyasətinin mühüm iştirakçısına çevirib”

{title}

Bakı Forumu dünyada baş verən köklü dəyişikliklərlə bağlı irəli sürülən yanaşmaların müzakirəsi baxımından mühüm məkandır. Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Azərbaycan dövlətinin beynəlxalq arenada olan mövqeyi xarici siyasət kursumuzun uğurları ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin mükəmməl diplomatik gedişləri ölkəmizin həm regional, həm də dünya miqyaslı gücünü artırmaqdadır. Bu gün dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və Prezident İlham Əliyevin qəbul olunan beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında mühüm iştirakçıya çevirib. Bütün bunların nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir”.
 
Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev  deyib.
 
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən və üzləşdiyi problemlərin müzakirəsi baxımından çox ciddi və nüfuzlu bir beynəlxalq platformadır. X Qlobal Bakı Forumunda dövlətimizin başçısı proqram xarakterli çıxışında bu mühüm tədbirin təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı. 60 ölkədən 350 nəfər iştirakçının olması, habelə onlardan 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi özü-özlüyündə bir göstəricidir, Forumda yüksək səviyyəli müzakirələrin keçiriləcəyinin əlamətidir. Xüsusilə müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır.
 
 Eldar Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxışında qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini səsləndirdi və Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi: “Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”.
 
Ölkə rəhbəri münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söylədi:” Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik”.
 
Dövlətimizin başçısı nitqində yuxarıda diqqətə çatdırılan məsələlərlə bərabər, ölkəmizin beynəlxalq iqtisadi layihələrdə iştirakına da toxunaraq, Azərbaycanın bu prosesdə fəal siyasət yürütdüyünü qeyd etdi. Bu sırada respublikamızın enerji təhlükəsizliyində ciddi mövqe qazanmasını xüsusi vurğuladı.
 
Millət vəkili, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini, Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığını, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğunu da bildirdi.
 
Dövlətimizin başçısının nitqində səsləndirdiyi bu məqamla bağlı onu deyək ki, ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simsonun Bakıya səfəri çərçivəsində Avropa İttifaqının təmsilçiləri tərəfindən Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalanıb. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bunun üçün isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurəti meydana çıxıb. Bununla da ölkəmiz həm öz “mavi yanacağ”ını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanıb. Eyni zamanda, bunun üçün Trans-Xəzər kəmərinin də tikintisinin zəruriliyi diqqətə çatdırılıb. 
 
Prezident İlham Əliyevin çıxışında ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalandığını da bildirdi. Ölkə rəhbəri həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından xəttin çəkiləcəyini, həmin ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağını və bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinin reallaşdırıldığını toplantı iştirakçılarının diqqətinə çatdırdı. 
 
“Martın 11-də başa çatan Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdülər. Hesab edirəm ki, bundan sonra Azərbaycanın perspektiv inkişafı və dünyada artan nüfuzu haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq”, - deyə Eldar Quliyev vurğulayıb.






Fikirlər