Aprel ŞƏHİDİNİN ailəsinin ACINACAQLI həyatı
Aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb. Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir. “AzerTaym” BakuPost.az-a istinadən xəbər verir ki, 38 yaşlı Şaxanım Zəkərəyeva bildirib ki, oğlu şəhid olandan sonra xəstəlik tapıb: “Nəfəs ala bilmirəm, ürəyimdə problem var, ayaqlarım da ki, sözümə baxmır. Bu yaşımda 60 yaşlı adam kimi xəstəliklərdən əziyyət çəkirəm” Şəhid anası deyir ki, oğlu şəhid olduqdan sonra müalicəsi üçün evlərini satıblar, indi isə çay qırağında qaz və işığı olmayan vaqonda yaşayırlar.
Ailə başçısı Nadir Zəkərəyev 1 ildən çoxdur ki, əkin-biçinlə məşğul olmaq üçün icra hakimiyyətindən bir neçə sot torpaq istədiklərini, lakin ala bilmədiklərini əlavə edib. N. Zəkərəyev İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərovun da qəbulunda olduqlarını bildirib: “Sərdar müəllim icrada torpaq verilmə işlərinə baxır. Deyir torpaq yoxdur. Deyirəm necə olur axı bu boyda Şamaxıda torpaq yoxdur?” Zəkərəyevlərin sözlərinə görə, rayonun Şəhriyar qəsəbəsində şəhid ailələri üçün 36 mənzilli bina tikilib, onlar ev növbəsinə yazılsa da, bu binadan onlara pay düşməyib.
Nadir Zəkərəyev daha bir ilginc məsələ barədə danışıb: "Uşaq şəhid olanda Rabitə və Texnologiyalar Nazirliyindən 7 mərasiminə gəlmişdilər. Nazirlik nümayəndəsi dedi ki, sizə iş verəcəyik, yas bitəndən sonra işə başlayarsınız. Bu vaxt orada İcra Hakmiyyətinin nümayəndəsi Ceyhun da var idi, dedi ki, ona iş vermək mənlikdir, mən düzüb-qoşacağam. Hüzürdən sonra getdim Ceyhunun yanına, dedim belə-belə, cavab verdi ki, iş yoxdur. Mən də kor-peşman qayıtdım geri. Nə imkan verdi nazirlikdə işə düzəlim, nə də özü bir iş verdi. Hər yerdən əlimiz üzülüb, indi də şəhid ailəsinə verməyə bir neçə sot yer tapılmır”.