BAKI “FORMULA 1” YARIŞLARI ÜÇÜN TAM HAZIRDIR - FOTOLAR

Bakının növbəti “Formula 1” yarışlarına ev sahibliyi etməsinə artıq bir həftədən də az vaxt qalıb.

Aprelin 27-29-da keçirilməsi planlaşdırılan “Formula-1” Azərbaycan Qran-Prisi Bakıda ardıcıl üçüncü dəfə baş tutacaq.

Musavat.com-a bildirilib ki, Bakı Şəhər Halqası yarışa tam gücü ilə hazırlaşır. Artıq trek ətrafında son tamamlama işləri aparılır. Bu gündən etibarən yollarda hərəkət də məhdudlaşdırılıb.

Məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər davam edəcək. Yarışın keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə, Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Hər il olduğu kimi, bu il də Bakı şəhərində keçiriləcək yarışı izləmək və işıqlandırmaq üçün həm yerli, həm xarici media nümayəndələri qeydiyyatdan keçiblər. Bildirilib ki, jurnalistlərin akkreditasiya kartları 25 aprel tarixində və bu tarixə qədər veriləcək.

Bakı Şəhər Halqasının yaydığı məlumata görə, “Formula 1” Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb. Qeyd olunub ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.

Bundan əlavə komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir. Bildirilib ki, bütün işlər qrafikə uyğun olaraq həyata keçirilir.

Musavat.com-un əməkdaşı olaraq “Formula-1” yarışının keçirildiyi Bakı küçələrində olub, hazırlıq prosesi ilə də maraqlandıq. Müşahidə etdik ki, yarışmanın keçirildiyi küçələrdə artıq demək olar ki, hər şey hazırdır. “Hilton” otelinin qarşısında yarışma üçün avadanlıqlar quraşdırlıb, son tamamlama işləri görülməkdədir. Trek ətrafında isə artıq təhlükəsizliklə bağlı sədlər, dəmir qoruyucular tamamilə çəkilib, hazır vəziyyətə gətirilib. Bundan əlavə trek boyunca müvafiq yerlərdə tribunalar da quraşdırılıb, oturacaqlar yerləşdirilib. Öyrəndik ki, mart ayında trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri də görülüb.

Hələ aprelin 20-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib ki, “Formula 1” Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin 90 faizi başa çatıb. Komanda binaları, eləcə də qarajlar yarışa tam hazırdır.

O, bildirib ki, tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb. Qalan işlər də növbəti günlərdə tamamlanacaq. T.Butçer qeyd edib ki, dəniz və hava yolu ilə gələn bütün yüklər artıq Bakıya çatıb. Onun sözlərinə görə, bu həftədən etibarən Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər. Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda, küləkli hava şəraitinə hazırdır.

Onu da qeyd edək ki, Azərbaycan müqaviləyə uyğun olaraq, bu yarışmadan 5 il ərzində imtina edə bilməz. Artıq bu 5 ilin 2 ili geridə qalıb. Əgər imtina olunarsa, bunun müqabilində 100 milyona yaxın cərimə ödənilməlidir.

 

 






Fikirlər