RUSİYA-İRAN OXU – ABŞ, niyə narahat olmalıdır?
Suriyadakı vətəndaş müharibəsində qismən atəşkəs, yaxşı xəbərdir. Ancaq bunun Rusiya-İran hərbi oxuna, Yaxın Şərqdəki sabitlik ümidlərinin məhv edilməsinə və təhlükəli bir şəraitin formalaşmasına gətirib çıxarmasına imkan vermək olmaz. Rusiya–İran əməkdaşlığının miqyası, Rusiyanın Suriya ərazisində hava əməliyyatları aparmaq üçün İranın hərbi bazalarından istifadə etdiyi avqust ayından meydana çıxıb. Onda amerikalı məmurlar bildirirdilər ki, burada təəccüblü heç bir şey yoxdur və baş verənlər yalnız taktiki xarakter daşıyır. Bəzi İran məmurları qeyd edirdilər ki, baza Rusiyaya terror əleyhinə konkret əməliyyat keçirmək üçün bir dəfəlik istifadə üçün verilib. Lakin İran aviabazasına Rusiya Hərbi Hava Qüvvələrinin buraxılmasının dayandırılmasından danışarkən, İranın xarici işlər nazirinin nümayəndəsi “hələlik” ifadəsini işlədərək, gələcəkdə Rusiyanın yenidən həmin aviabazaya buraxılacağı barəsində eyham vurmuş oldu. Həqiqətən də hərbi sahədəki Rusiya-İran əməkdaşlığının inkişafı sürətlənir. Bu əməkdaşlığın əsasını Yaxın Şərq uğrunda Qərblə rəqabət aparan və regional siyasətdə üstünlük əldə etməyə can atan İranın, Rusiya ilə üst-üstə düşən maraqları təşkil edir. Son bir neçə on illikdə digər dövlətin ərazisinə zərbələr endirmək məqsəd ilə Yaxın Şərqdəki bazalardan yalnız Amerika və onun müttəfiqləri istifadə edə bilərdilər. Hal-hazırda Rusiya həmin şeyi edir. İran ordusunun bəzi komandirlərinin fikrinə görə, tezliklə müştərək Rusiya-İran hərbi-dəniz təlimləri başlaya bilər. Beləliklə də, Rusiya İranın Fars körfəzindəki hərbi-dəniz bazalarından istifadə hüququ əldə etmiş olacaq. Hazırda ABŞ və Rusiya arasında heç bir soyuq müharibə yoxdur. Amma buna baxmayaraq, Amerika Rusiya və İranın Qərbə qarşı birləşməsinə əngəl yaratmaqda maraqlıdır. Əgər bu alyans, ordularının gücü ilə birlikdə vahid cəbhə forması alarsa, onda Yaxın Şərqdə öz təsirini yaymağa göstərdiyi cəhddə İran daha iddialı olacaq. Eyni zamanda Rusiya da öz nüfuzunu artırmağa çalışacaq. Rusiya və İran əmindir ki, Amerika onların təcavüzkar ambisiyalarını əngəlləyə bilər. Ona görə də bir-birlərini dəstəkləyirlər. Onlar 1991-ci ildən, Sovet İttifaqının dağılmasından sonra Qafqazın və Orta Asiyanın idarə olunması məsələsində əməkdaşlıq edirlər. Bu yayda Rusiya və İran prezidentləri Azərbaycanın paytaxtı Bakıya toplaşaraq, Qafqaz məsələsində vahid mövqedə olduqlarını sübut etdilər. Suriya vətəndaş müharibəsinin gedişində İran və Rusiya kəşfiyyat mübadiləsi aparır və həmçinin də hərbi əməliyyatları koordinasiya edirlər. Bundan başqa, Rusiya İrana müasir “yer-hava” raketləri yollayıb. Rusiyaın Suriya münaqişəsinə müdaxilə etməsindən təxminən bir il öncə İranın “İslam İnqilabının Keşikçiləri” korpusuna daxil olan “əl-Qüds” xüsusi təyinatlılarının komandiri general Qasım Süleymani Moskvanı ziyarət etmişdi. Son iki ildə Amerikan və ərəb məmurları dəfələrlə deyirlər ki, İranın “İnqilab Keşikçiləri” korpusu, Livan qruplaşması “Hezbollah” üzvlərindən tutmuş İraq, İran və Əfqanıstandan gəlmiş on minlərlə şiə döyüşçü yığıb. Bu döyüşçülər, “İnqilab Keşikçiləri” korpusunun rəhbərliyi altında döyüş təcrübəsi qazanırlar. Suriya müharibəsi qurtardıqdan sonra, onlar Rusiya-İran oxunda qiymətli aktivə çevrilə bilərlər. Onların qarşısında dayanmaq üçün ABŞ, Səudiyyə Ərəbistanı başda olmaqla, İranın regional rəqiblərinə göndərdiyi silah təchizatını artırır. Ancaq bu addımın neqativ tərəfləri də var. Belə ki, bu cür hərəkətlər İranın sərt xətt yürütmək istəyən tərəfdarlarına Rusiya ilə hərbi bağların möhkəmləndirilməsi üçün əlavə bəhanələr verir. Hərbi üstünlük uğrunda mübarizə – strateji siyasətin mühüm xüsusiyyətlərindən biridir. Digər yandan isə Suriyada qələbədən uzaq olan Rusiya və İran, ümidsiz şəkildə Bəşər Əsəd rejimini saxlamaq cəhdlərini artırmaqla, üstünlük yaratmaq istəyirlər. Amma hələlik, heç bir tərəfin qələbəyə yaxınlaşa bilmədiyi bir müharibə gedir. Həm də ki, nə İran, nə də Rusiya qlobal iqtisadi cəmiyyətə daxil olmaqdan ötrü, iqtisadi yüksəlişə yaxınlaşa bilmirlər. Prezident Həsən Ruhani və onun xarici işlər naziri Mohamməd Cavad Zərif, Qərblə yeni münasibətlər qurulması nəticəsində özlərinin siyasi reputasiyalarını yüksəldiblər. Lakin sıx şəkildəki Rusiya–İran hərbi əməkdaşlığı onların qarşılarına qoyduqları tapşırıqları əhəmiyyətli dərəcədə mürəkkəbləşdirir. Bundan başqa, İrandakı mötədil qüvvələr Rusiya ilə ittifaqa ehtiyatla yanaşırlar. ABŞ-ın öz məqsədinə nail olması üçün bütün şansları var. Əvvəla ABŞ Suriyadakı müharibəyə son qoymaq üçün böyük səy göstərməlidir. Hazırkı atəşkəs yalnız o halda kömək edə bilər ki, amerikalı diplomatlar aradakı fasilədən münqaişənin siyası yolla həll olunması istiqamətində ciddi danışıqların başlanğıcı kimi istifadə etsinlər. ABŞ, həmçinin İranı və onun ərəb qonşularını regionda rəqabət aparmaqdan imtina edilməsinin vacibliyini inandırmalıdır. Çünki gərginlik İranı Rusiya ilə yaxınlaşmağa itələyir. Əgər Rusiya prezidenti Vladimir Putinə sonu görünməyən müharibənin və Qərblə münasibətlərdəki gərginliyin Rusiya iqtisadiyyatının dirçəldilməsinə necə maneçilik törətdiyi inandırıla bilinsə, onda bu hədəflərin indi nə qədər əlçatmaz görünməsinə baxmayaraq, onlar reallaşa bilər. Moskva ilə əlaqələrin qurulmasının xeyir gətirəcəyi arqumentinin təkzib olunması üçün, İranın mötədil siyasətçilərinə keçən il imzalanmış nüvə müqaviləsinin iqtisadi nəticələrini xalqa nümayiş etdirmələri çox vacibdir. Ona görə də, Amerika İran limanlarının və hərbi aviabazalarının Rusiyanın üzünə açmamasının əvəzinə, onlara hiss ediləcək dərəcədə iqtisadi stimul təklif etməlidir. Suriya münaqişəsinin həllinə cəhddə yenidən diplomatik vasitlərdən istifadə dövrü başladığı bir vaxtda, öz mövqeyini gücləndirmək və İranın gələcəyinin Kremllə deyil, Qərblə bağlı olması üçün, Amerika nüvə müqaviləsinin iqtisadi potensialından istifadə etməlidir. (“The New-York Times”)
Bu mürəkkəb vəziyyət Amerikaya özünü göstərmək üçün şans verir. İrandakı “İnqilab Keşikçiləri” korpusu və sərt xətt tərəfdarları yeganə oyunçular deyillər.