Dünya texnoloji böhranı astanasında - Çin-Tayvan nifaqı baha başa gələ bilər...

Çin-Tayvan qarşıdurması dünyanı texnoloji böhrana sürükləyir. Modern avtomobillərin, smartfonların, elektron istehlak mallarının, silahların istehsalında əhəmiyyətli rol oynayan elektron yarımkeçiricilərin istehsalı dayana bilər.

Tayvan dünyanın ən yaxşı yarımkeçiricilərini istehsal edir və qlobal təchizat zəncirində mühüm halqa sayılır. Elektron istehlak malları, avtomobil sənayesi və silah istehsalı kimi sahələrdə Tayvanın istehsal etdiyi çiplər olmadan inkişaf, demək olar ki, mümkün deyil.

Xüsusilə yarımkeçiricilər məsələsində Qərb ölkələri Tayvan istehsalçılarından çox asılıdır. Çinlə mübahisənin artması qlobal iqtisadiyyata ağır zərbə vura bilər.

Gündəlik həyatda yarımkeçiricilər olmadan, demək olar ki, heç nə işləmir. Smartfonlar, kompüterlər, avtomobillər və tibbi cihazların işlədiyi çiplər Tayvandan gəlir. Dünya bazarını araşdıran aparıcı “Trendforce” təşkilatı tədqiqatçılarının araşdırmasına görə, keçən il yarımkeçiricilərin dünya üzrə müqavilə istehsalının 64 faizi Tayvan şirkətləri tərəfindən həyata keçirilib.

Tayvandakı yarımkeçirici istehsal edən fabriklərin sayı Çin, Cənubi Koreya və ABŞ-dan xeyli çoxdur. Ada dövləti həm də dünyanın ən böyük yarımkeçirici istehsalçısı “Taiwan Semiconductor Manufacturing” (TSMC) şirkətinin vətənidir. Qrup Apple, Qualcomm və AMD üçün çiplər istehsal edir. Həmçinin Audi, VW və Ford kimi Alman avtomobil şirkətləri də onun müştəriləri sırasındadır. Tayvan illik 606 milyard avroluq dövriyyə ilə çip istehsalında liderdir.

Pandemiya zamanı qərb ölkələrinin Tayvan sənayesindən asılı olduğu hiss olundu. Təchizat və çatdırılma problemlərinə görə bəzi yarımkeçiricilərin çatdırılmaması nəticəsində Avropa ölkələrində istehsal 30-35 faiz azalmışdı. Mühüm kompüter çipləri çatdırılmadığı üçün avtomobil və texnologiya şirkətləri böyük zərər görmüşdülər.

ABŞ-ın “Bloomberg” media şirkətinin məlumatına görə, yarımkeçiricilərin ən böyük və ən qabaqcıl istehsalçısı olan TSMC (Tayvan Yarımkeçirici İstehsalat Şirkəti) dünya bazarında çip istehsalının təxminən 53 faizinə sahibdir. Cənubi Koreyadan olan Samsung ikinci yerdə çox geridə qalır. Üçüncü yer yenə də Tayvan şirkətinə məxsusdur. TSMC şirkəti bütün qlobal iqtisadiyyat səviyyəsində böyük əhəmiyyətə malikdir.

Hələlik heç bir başqa istehsalçı Tayvan şirkəti qədər kiçik və eyni zamanda mürəkkəb çiplər istehsal edə bilmir. Söhbət təkcə çiplərin özlərinin hazırlanmasından getmir, həm də yüksək keyfiyyət meyarlarını qoruyaraq çoxlu sayda istehsal baha başa gəlir.

İllik 79 milyard dollar dövriyyəsi olan ABŞ-ın “Intel” şirkəti 7 nanometrlik (metrik sistemdə metrin milyardda birinə bərabər olan uzunluq vahididir (0,000000001)
istehsal ölçüləri üzərində işləyərkən, TSMC artıq 3 nanometr və daha kiçik ölçüdə çip istehsal etməyə çalışır. Çiplərin ölçüsü nə qədər kiçikdirsə, bir o qədər rəqabətə davamlı hesab olunurlar. Ən geci 2023-cü ilə qədər adanın şimal-şərqində TSMC-nin baş ofisi olan Hsinçuda ilk 3 nanometrlik fabrik işə düşməlidir.

ABŞ-da üçüncü şəxs statusunda olan Nensi Pelosinin Taypeyə səfərindən sonra yaranmış gərginliyin Çin-Tayvan münaqişəsini dərinləşdirə biləcəyi ilə bağlı narahatlıqlar artıb. Bu münaqişənin qlobal iqtisadiyyat üçün pandemiya dönəmindəki qədər dramatik nəticələri ola bilər.

Artıü bir çox Qərb ölkələri çip istehsalını artırmağa başlayıblar. Ötən həftə ABŞ Senatı yarımkeçirici istehsalını təşviq edən qanun qəbul edib. ABŞ prezidenti Co Baydenin elan etdiyi məqsəd çip istehsalında Çin və digər ölkələrlə müqayisədə rəqabət qabiliyyətini gücləndirməkdir. Baydenin fikrincə, qanun qiymətləri aşağı salacaq, iş yerləri yaradacaq və ən əsası da ABŞ-ın idxal çiplərindən asılılığını azaldacaq. Yatırılacaq investisitanın həcmi 52 milyard dollara yaxındır.

Avropa Birliyində də oxşar səylər var. Avropa Komissiyası orta müddətli dövrdə Avropada istehsal sahələrinin yaradılması üçün fevral ayında qərar qəbul edib. Qərara əsasən, 2030-cu ilə qədər dövlət və özəl sektora ümumilikdə 43 milyard avrodan çox pul yatırılmalıdır. Bunun təxminən 15 milyardı çip proqramının bir hissəsi kimi yeni layihədir ki, maliyyənin yarısı Aİ-dən, yarısı isə üzv dövlətlərdən gələcək.

Mürəkkəb və çox xərc tələb edən istehsal prosesi bir çox özəl şirkətləri çip sənayesini genişləndirməkdən çəkindirir. İndiyə qədər Çin və Avropa istehsalçıları 14 nanometr diapazonunda çip istehsal edə bilirlər. Bu ölçülər yalnız ağıllı soyuducunun istehsalı üçün kifayət edir. Ancaq yüksək texnologiya üçün 6-7 nanometr ölçü tələb olunur. Bu yaxınlarda koreyalı iqtisadiyyat professoru Keun Li köhnə nəsil çipləri "demək olar ki, dəyərsiz" adlandırıb.

Pekinin çip sənayesinə kütləvi şəkildə zərər vurması üçün Tayvana hərbi hücum etməsinə ehtiyac yoxdur. Mütəxəsislərin fikrincə, Çin rəhbərliyinin Tayvanın ticarət yollarını kəsməsi yeni dünya böhranına kifayət edir.

İstər hava məkanının böyük hissəsinin, istərsə də hazırda dünya tankerlərinin yarıdan çoxunun keçdiyi Cənubi Çin dənizi bağlanarsa, Tayvandan məhsul ixracı qeyri-mümkün olacaq. Bundan əlavə, Tayvanın çip sənayesinin özü Xalq Respublikası ilə sıx bağlıdır. Tayvanın çip istehsalçıları üçün əsas podratçı olan “Apple”ın müqavilə istehsalçısı “Foxconn” da daxil olmaqla, təxminən 8 min Tayvanlı sahibkar Çində işləyir. Onların bəzi təchizatçıları da Xalq Cümhuriyyətində yerləşir.

Çin hökuməti Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq ada dövləti ilə ticarəti məhdudlaşdırıb. Çox güman ki, bu məhdudiyyət əsasən çip ticarətinə yönəlib.

Ukrayna limanlarının blokadası dünyada taxıl böhranı yaratdığı kimi, Çinin Tayvanın ticarət yollarını qapatması da dünyanı dərin texnologiya böhranına sürükləyə bilər. Marketoloqlar son model smartfonların, avtomobillərin, elektron istehlak mallarının, silahların qiymətində çox böyük sıçrayış olacağını proqnozlaşdırırlar. Qiymət artımının arxasınca da idarə olunması mümkün olmayan böhran gəlir. Texnologiya böhranı təkcə telefon və avtomobil istehsalçılarını deyil, eləcə də xəstəxanaları ciddi problemlərlə üz-üzə qoya bilər.






Fikirlər