MÜHARİBƏ RUSİYA ƏRAZİSİNƏ KEÇDİ... - Putin Təhlükəsizlik Şurasını təcili topladı (Yenilənib)

Xəbər verdiyimiz kimi, Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində döyüşlər olub.

Rusiya mediası və teleqram kanalları Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin iki kəndində hərbi toqquşmalar baş verdiyini yazır. İddia olunur ki, təxribat və kəşfiyyat qrupları Ukrayna ərazisindən vilayətin Lyubeçane və Suşanı kəndlərinə soxulublar.

Sosial şəbəkələrdə Lyubeçane kəndində yerli poçt şöbəsi və feldşer-mama stansiyasının fonunda lentə alınan videolar yayılıb. Üzərlərində kamuflyaj forması olan şəxslər "doğma torpaqlarını azad etmək" üçün Rusiya sərhədini keçən Rusiya Könüllülər Korpusunun döyüşçüləri olduqlarını iddia edirlər. Onlar bildiriblər ki, iddia edirlər ki, yalnız Vladimir Putin rejimi ilə vuruşurlar və mülki şəxslərlə işləri yoxdur.

Rusiya Könüllülər Korpusunun Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun tərkibində rus mühacirlərinin döyüş qrupu olduğu bildirilir. Ukraynanın “Babel” nəşri yazır ki, videodakı şəxslərdən biri Ukrayna tərəfində vuruşan rusiyalı Denis Nikitindir.

"Babel” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri operativ komandanlığının Bryansk vilayətində baş verən hadisədən xəbəri yoxdur. Komandanlıq bunun təxribat olub-olmaması sualına cavab verməkdən imtina edib.

Rusiya Federal Təhlükəsizlik xidməti isə bəyan edib ki, Bryansk vilayətinin sərhəd Klimovski rayonunda dövlət sərhədini pozan silahlı ukraynalı millətçilərin məhv edilməsi üçün tədbirlər görülür.

Rusiya mətbuatında baş verənlərlə bağlı xəbərlərin çoxlu anlaşılmazlıqlar var, informasiyalar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Rusiyanın TASS və RİA Novosti agentlikləri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər veriblər ki, Lyubeçane kəndində diversantlar bir neçə nəfəri girov götürüblər. Həmçinin bir sıra Rusiya mətbuatı Suşanı kəndində döyüşlərin getdiyini iddia edir.

Eyni zamanda, Bryansk vilayətinin rəhbərliyi həm sakinlərin girov götürülməsini, həm də bəzi KİV-lərin məktəb avtobusunun atəşə tutulduğu barədə xəbərləri təkzib edib. Bölgə qubernatoru Aleksandr Boqomaz Ukrayna partizanlarının Lubeçane kəndinə daxil olaraq avtomobili atəşə tutduğunu, nəticədə bir yerli sakinin həlak olduğunu, 10 yaşlı uşağın isə yaralandığını bildirib. Onun sözlərinə görə, Suşanı kəndi pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

“Baza”nın məlumatına görə, Suşanıda elektrik yarımstansiyası və yanacaqdoldurma məntəqəsi partladılıb. Bu mesajın rəsmi təsdiqi yoxdur.

“Nestka” nəşri özəl mənbələrə istinadən Rusiya Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırıldığı haqqında məlumat yayıb. “Mayak” belə bir iclasın hələ başlamadığını, lakin yaxın bir neçə saat ərzində baş tutacağını iddia edir. 

Kremlin sözçüsü Dmitri Peskov fövqəladə iclasın olmayacağını, Təhlükəsizlik Şurasının sabah planlaşdırılan iclas üçün toplanacağını bildirib. 

Peskovun sözlərinə görə, Bryansk vilayətində baş verən hadisələrlə bağlı Putin Təhlükəsizlik Şurasının bir sıra üzvləri, o cümlədən müdafiə naziri, FTX və Milli Qvardiyanın rəhbərləri ilə görüşüb, həmçinin Stavropol diyarına səfərini ləğv edib.

Qonşu Kursk vilayətinin hakimiyyət orqanları isə Ukrayna tərəfdən açılan atəş nəticəsində Tetkino kəndində bir nəfərin öldüyünü bildirib. Ukrayna hərbçiləri isə bir qayda olaraq, Rusiya hakimiyyətinin Ukrayna tərəfdən Rusiya ərazisinin atəşə tutulması ilə bağlı iddialarını şərh etmirlər.

 

“AzPolitika.info”

***

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində isə döyüş olub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoyt Tetkino qəsəbəsində Ukrayna hərbçiləri ilə baş verən atışma nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığını bildirib.

Məlumata görə, Tula vilayətinin Beryozovsk qəsəbəsindən bir km aralıda baş verən partlayış nəticəsində böyük çala yaranıb. Mütəxəssislər hadisə yerində araşdırma aparırlar.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Lyubeçan və Suşan kəndlərində ukraynalı hərbçilərlə döyüş olduğunu bildirib. Atışma nəticəsində ölənlərin və yaralananların olduğu da qeyd edilib.

Hadisələr fonunda yayılan xəbərlərə əsasən, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.






Fikirlər