DEPUTAT onu İSTEFAYA səslədi
Avropa Liqasında çıxış edən hər üç təmsilçimiz ilk mərhələdəcə mübarizəni dayandırdılar. Yenicag.az-a müsahibə verən millət vəkili Aqil Abbas "Keşlə", "Qəbələ" və "Neftçi"nin uğursuz çıxışını dəyərləndirib. – Futbol azarkeşi kimi ötən gün qeydə alınan nəticələrlə bağlı fikirlərinizi bilmək maraqlı olardı… – Dünən futbol olub? – Əgər buna futbol demək olarsa… – Futbol ayrı şeydi. Futbol bir mədəniyyətdi, futbol bir elmdir. Onlar top-top oynayırdılar. Məğlubiyyətlər məşqçilərin günahıdır. Tərlan Əhmədovu çıxardıb, yerinə hardansa "importnı" məşqçi gətirirlər, elə bilirlər ki, o da "importnı" mal kimi qiymətlidir. Tərlan Əhmədov sıfırdan komandanı götürüb, Avropa Liqaya vəsiqə qazanmışdı. Axırı nə oldu? Düzdü, "Keşlə" pis oynamadı. Amma Bahodır Nasimovun meydanda nə işi var idi, anlamadım. Heç olmasa Amil Yunanov oyuna girəndən sonra meydanda canını qoydu. Əvvəldən oynasaydı, fərqli nəticə ola bilərdi. – Sizcə, "Neftçi" ilk oyunda qazandığı sərfəli nəticəni niyə qoruya bilmədi? – Komandadı da, oyanayırlar özləri üçün. Ümid edirəm ki, onlar da futbol oynamağı öyrənəcəklər. Bizim oyunçular futbolu öyrənmək üçün televizordan matçlara baxmalıdırlar. Görsünlər ki, futbol nətər olur. – Düşünmürsüz ki, bu klubların "Qarabağ"dan öyrənməli olduqları çox şey var? – Nə olsun ki, "Qəbələ" uduzdu? Məncə, məğlubiyyət baş məşqçinin günahı idi. "Qarabağ"la "Qəbələ"dən başqa futbol oynayan var? Bilirsiz "Qarabağ"ın uğurunun sirri nədədir? Çünki "Qarabağ"ın prezidenti Qurban Qurbanovun işinə qarışmır. Kimi istəyir transfer edir, kimi istəyir də oynadır. Qurbanovun başının üstündən iş görmürlər. Digər klublar isə ancaq prezidentlərindir. Klub prezidenti futbola qarışmamalıdır. Komandanı məşqçi idarə etməlidir. "Neftçi" Tərlan Əhmədovun zəhmətini yerə vurdu. Bəs, bu biabırçı məğlubiyyətdən sonra Kamran Quliyev niyə istefa vermir? Dövlətlər var ki, prezident ölkəni idarə edə bilməyəndə istefa verir, baş nazir postundan gedir. Amma bizdə klub prezidentinin öz istəyi ilə istefa verdiyini görmüsən? Azərbaycanda futbol olmayıb, olmayacaq da. – Hər halda mövsümün ortasında "Sumqayıt"ın prezidentinin "Neftçi"yə eyni posta təyin olunmasının da dünyada analoqu yoxdur… – Mən onu bilirəm ki, Avroliqaya "Sumqayıt" getməli idi. Çox ağıllı futbol oynayırlar, hamısı da yerli uşaqlardı. Amma qurdular-qoşdular Avroliqaya başqası getdi. İnanıram ki, "Sumqayıt" "Qəbələ" və "Qarabağ"la eyni səviyyətə çatacaq.