“Xanımlara deyirəm ki, ərinizi qadınla tutsanız, şükür edin” - Qalmaqallı psixoloqla MÜSAHİBƏ

Qadın öz ərinə ehtiyaclarını deyə bilmir, desə sabah ona “fahişə” deyiləcəyindən qorxur" - Psixoloq

Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn psixoloq Samirə Bağırova geniş müsahibə verib. 

 "AzerTaym.az" psixoloqla həmin müsahibəni təqdim edir:

- Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?

- Normal bir insana psixoloq lazımdırsa, psixoloqun özünə iki psixoloq lazımdır. Həm şəxsi həyatı ilə bağlı, həm də ona müraciət edənlərin yükünü daşımalıdır axı… Hətta digər ölkələrdə belə bir məsələ var – psixoloq ay ərzində supervizorlara müraciət etməlidir, əks halda, cinayət işi açılır. Çünki sonu intiharla nəticələnə bilər. Bizdə isə belə bir şey yoxdur. İstər həkimlər, istərsə də psixoloqlar hansısa psixoloqa getməyi özünə sığışdırmır. İnsanlar arasında hətta indi-indi dəbə düşməyə başlayıb ki, psixoloqa dəli getmir, normal şəxslər də müraciət edir. Necə ki, mənə heç bir psixoloq müraciət etməyib, mən də etməmişəm. Amma ehtiyacım olmadığına görə yox.  Təbii ki, təzə başlayanda problemlər olurdu – çox ağır hekayələr dinləyirsən. İlk başlarda bizim psixoloqlardan birinə müraciət etmişdim ki, məndə belə hallar baş verir. Artıq öhdəsindən gəlmə təməlini tuta bilmişəm, neqativi bloklamağı bacarıram. 

- Sosial şəbəkələrdə fenomen birisiniz desək, yanılmarıq. Videolarınız paylaşılır, kimi tənqid edir, kimi həmfikir olduğunu bildirir. Daha çox nəyə görə qınanılırsınız? Sizcə, qadınların sevimlisisiniz, ya kişilərin?

- Ötən günlərdə bir şərh oxudum: Xanımların Hikmət Hacıyevi varsa, kişilərin də psixoloqu var - Samirə Bağırova. O qədər güldüm ki, bu cümləyə. Mən feminist biri deyiləm, yaxud da birtərəfli danışan biri. Paylaşımlarımda həm kişilərdən, həm də qadınlardan söz açıram. Məsələn, axırıncı paylaşımlarımdan biri qadınlarla bağlı idi, bu dəfə bəylər məni qınamağa başladılar. Həmin videoda qeyd etmişəm ki, əl qaldıran, şiddət göstərən kişilərdən uzaq durmaq lazımdır və kişilərin tənqidi ilə üzləşirəm. Bu artıq o kişilərdir ki, onlar bunu edirlər, sərf etmir onlara. İnsanlar danışaraq həll edir məsələni, şiddətlə, mühakimə etməklə, lağa qoymaqla, təhqir etməklə deyil. Mən ola bilər kişilərdən danışım, yaxud xanımlardan, cütlüklərdən, ailə məsələlərindən, valideyn-uşaq münasibətlərindən. Kiminsə qəbul etməməsi və ya əksi normaldır. Beyinlər fərqlidir, kiməsə sərf edir, kiməsə yox. Hamının səni sevməyi normal deyil. Kimsə sənə nifrət etmirsə, sən maraqsız birisən.

- Haqqınızda ən çox rastlaşdığım şərhlərdən biri də Türkan Şoraya bənzədilməyinizlə bağlı idi. Bənzəyirsiniz, yoxsa özünüzü bənzədirsiniz? O aktrisaya heyranlıq var?

- Açığı, Türkan Şoraya heyranlığım olmayıb. Mənim anam onun fanatı idi. Xatırlayıram ki, anam həmişə Şorayın "Arım, balım, peteyim” filminə çox baxırdı.  Amma uşaqlıqda çox çirkin olmuşam. Ümumiyyətlə, məni qıza oxşatmırdılar. Deyirdilər guya özümü bənzətməkdən ötrü əməliyyat etdirmişəm. 15-20 ilin şəkillərini paylaşdım gördülər ki, elə həmən dövrdən beləyəm. Bizdə çox qızlar bir-birinə bənzəyir, ona görə də normaldır. Bilərəkdən özümü Türkan Şoraya bənzətmirəm. Makiyaj edirəm, oxşarlıq özü-özündən yaranır. Mənə dedilər makiyajsız şəkil paylaş, etdim, yenə oxşatdılar. Əslində mən Ancelina Coliyə oxşamaq istəyərdim. Amma bilərəkdən nəsə edim, yox. Bir-iki dəfə Türkan Şoray makiyajı etmişəm.

- Əməliyyatlardan söz düşmüşkən, bu gün qadınların əksəriyyəti estetik əməliyyatlara meyllidir. Artıq "hamı bir-birinə oxşayır” deyənlərin sayı da artıb.  Niyə qadınlar bir-birinə bənzəməyə üstünlük verirlər?

- Dünyanın hər yerində vəziyyət belədir, tək bizdə deyil. Deyərdim ki, ən böyük bədbəxtlikdir. Sovet dönəmində biri tutaq ki, jaket geyəndə hamı ondan istifadə etməyə çalışırdı. Çünki yox idi və kiminsə üstündə görəndə həsəd aparırdıq. Daha sonra geyim çoxaldı və əksi oldu. Toylara gedəndə xanımlar öz paltarından kimdəsə görəndə depressiya yaşayırlar. Amma qəribə də olsa, görünüş məsələsində hamı bir-birinə bənzəməyə başladı. Bununla bağlı ən çox yeniyetmələr yanıma gəlir, valideynləri gətirir ki, 15-16 yaşı var və burun əməliyyatı etdirmək, çənə uzatmaq istəyir və s. Əgər çox qabarıq şəkildə problem varsa, kompleks yaradırsa, etdirsin, özgüvəni də bərpa olur. Ancaq məsələn, şəkil gətirirlər ki, mən buna oxşamaq istəyirəm, bu artıq psixoloji durumdur. Boşluq var orda, diqqət, sevgi əkslikliyi var. Bir xanım əməliyyata ehtiyacı olmadığı halda, onu edirsə, bununla bitirmir, növbəti əməliyyat istəyəcək. Burda psixologiyanı yoluna qoymaq lazımdı. Axı sən bir başqasan və belə olmaq daha keyflidir. Hər kəs qoy özüm kimi olum, bəyənən onsuz da bəyənəcək deyə bilməlidir. Sən özünü qəbul edirsənsə, hamı qəbul edəcək.

- Samirə xanım, cəmiyyətimizdə cinsi məsələlərlə bağlı boşluq var. Hansısa səbəbdən danışmağa utanırıq. Səbəb nədir, niyə özümüzə yaraşdırmırıq?

- Çox ayıblayırlar. İki il öncə, bölgələrin birində bir qız uşağı menstruasiya dövrü keçirsə də, nə olduğunu bilmədiyinə görə intihar etmişdi. Bir ananın evində qız uşağı böyüyürsə, onu başa salmalıdır. Uşaqlarda 11 yaşından etibarən həyatla bağlı suallar yaranmağa başlayır. Elə sizdən öncə, bir xanım müraciət etmişdi ki, oğlumun 5 yaşı var, sürtünmələri olur, mən onu necə müalicə edə bilərəm. Vurmaq, qışqırmaq, döymək olmaz, o uşaq başa düşmür axı. Sən ona ha denən ki, olmaz, bədənində gedən reaksiyadır, necə başa salasan? Fikrini yayındırmaqla, nağıl danışmaqla və s. Bu dönəm bir də 13-14 yaşlarında, yeniyetməlik zamanında baş verir. Tez inkişaf edən uşaqlar da var. Bununla bağlı valideyn, ana xəbərdarlıq etməlidir. Yaxud oğlandırsa, ata ilə oğul arasında söhbət olmalıdır. Məsələn, tualet tərbiyəsi var – uşaq vaxtı analar qızlarına, atalar isə oğullarına öyrətməlidir. Eləcə də yeniyetməlik dönəmində müəyyən məsələlər başa salınmalıdır. Çünki çox müraciət edənlər var. 23-25 yaşında gəlir deyir ki, mən intihara qərar vermişəm, dözə bilmirəm, bu yükü özümlə daşıya bilmirəm. Niyə? 13-14 yaşım olanda masturbasiya dönəmində qonşu uşaqla sürtünmə olmuşdu, deməli geyəm. Bu adam özünü dərk etmir.

Yanlış informasiya alırlar, ordan-burdan, internetdən. Həmin sürtünmə dönəmini yaşayan xanımlar da var. 13-14 yaş bədənin oyanma vaxtıdır, insan özü də bilmədən masturbasiyaya başlayır. Qızların bir-birilərindən xoşları gəlir sürtünmə yolundan istifadə edirlər. Sonra gəlir ki, mən lezbiyanam. Deyilsən. O elə bir dönəmdir ki, fərqində olmayıb, sublimasiya edə bilməyib və bilmədən qonşu qızı, xala qızı , ya kimləsə  bu proses başlayıb. Belə olan halda, dərhal eynicinsli olduqlarını, normal olmadıqlarını düşünürlər. Oğlandırsa deyir "qadın ruhundayam”, qızdırsa "kişi ruhundayam”. Həmən mərhələnin öhdəsindən gələ bilmir. Çünki hara baxırsan, eynicinsli münasibətlərdən danışılır, reklam olunurlar. Məsələ budur. Valideyn mütləq şəkildə övladına başa salmalıdır, əgər yolunu bilmirsə, psixoloqdan yardım istəmək lazımdır.

Dini baxımdan deyirlər ki, günahdır, siz insanları səhv yola yönləndirirsiz. Xeyr. Bir insan özünə toxunub özünü qəbul etməlidir. Əgər bunu etmirsə, özünə qarşı yadlaşma gedir. Orqanizmində nə baş verirsə, insan onu bilməlidir, normaldır. Bunu o qədər ayıblayırlar, qloballaşdırırlar ki… Xarici ölkələrdə qızlar masturbasiya dönəmində artıq cinsi əlaqəyə girirlər. Bizdə axı mentalitet var, müsəlman ölkəyik. Ona görə də 18 yaşdan icazə verilir ki, bu bədənin tələbatı ödənməlidir – ya evlilik yolu ilə, ya da masturbasiya.

- Uşaqları və yeniyetmələri vurğuladığınız. Amma qadınla kişi arasında da cinsi məsələlərin müzakirə edilməsi ilə bağlı problemlər var. Tutaq ki, qadınlar öz həyat yoldaşına seks ehtiyaclarını deyə bilmir. Düşünür ki, desəm, sabah mənə "fahişə” deyər. 

- Xanımlarla söhbət zamanı başa düşürəm ki, hətta onların 90 faizi orqazmın nə olduğunu bilmirlər. Qəribə də olsa deyəcəm. Xanımla kişi evlənir, ilk həyata qədəm qoymağa hardan başlayır? Toy gecəsindən. Yəni cinsəllik insan həyatında önəmli bir faktordur. Hətta dinimizdə də var ki, evləndinsə, sən xanımının istəklərini yerinə yetirməlisən. Bizdə amma pərdə o qədər qalındır ki, bir-biriləri ilə söhbət edə bilmirlər, xəyanətə üstünlük verirlər. Kişilər xəyanət edəndə ikinci qadının yanında tam özləri olduqları kimidirlər. Ailədə başqadılar, özləri deyillər. Sanki bir rol götürürlər üstlərinə, cildə girirlər. Olmazmı ki, sən elə öz həyat yoldaşının yanında özün olasan? Elə təməldən, ikiniz bir araya gəlirsiniz və ehtiyaclar, istəklər barədə danışırsınız. Bəli, bəylər var ki, xanım ondan çox şey tələb etdiyi zaman "bunları hardan bilirsən”, "demək ki, məlumatın var” deyəcək. Psixologiyada insan tiplərə bölünür - temperament tipləri var. Kimsə passivdi, kimsə aktivdi və ya daha ehtiraslıdır. Bu artıq onun genetikasından gəlir. Bu baxımdan əvvəldən bunlar danışılmalıdır, belə olarsa, əksinə bir-birilərinə daha da bağlı olacaqlar. Bizdə "qadınla belə şey danışılmaz, olmaz”, "qadın az bilməlidir”, "övladımın anasıdır” fikri ön plandadır.  Arvad kimi baxırlar, amma xanım kimi yox.

Yenə təmələ gələcəm - valideynlər uşaq böyüdəndə ona özününkü kimi baxır. "Mənim uşağımdı, özüm bilərəm”. Xeyr. Dünyaya gətirilən hər uşaq sənin deyil, cəmiyyətindir. Sabah o hansısa bir şirkətin işçisidir, kiminsə yoldaşıdır və ya xanımıdır, valideyndir. Qız uşaqlarını böyüdəndə onu "arvad” kimi yetişdirmək lazım deyil. Kişi də eləcə. Evlənəndən, uşağı olanda, qarın qabağa gələndən sonra kişi status daşıyır. Olmazmı ki, sən uşaqlıqdan buna kişi deyə müraciət edəsən. Bu sözlərlə ona məsuliyyət yükləyirsən artıq.  Qız uşağına "sabah ana olacaqsan” deməkdənsə, ilk növbədə "sən xanımsan” deməliyik. Belə olan halda, o, xanım kimi davranmağa başlayacaq.

- Kişilər həyat yoldaşlarına yaraşdırmadığı şeyləri başqalarında, hətta homoseksuallarda belə tapmağa çalışırlar.  Buna səbəb nədir?

- Çünki onlar qorxurlar. Özünün gizli, zəif tərəfləri var, onu göstərməkdən, xanımının gözündən düşməkdən çəkinir. İnsanın şüuraltında nə yatdığını bilmirik. Cinsi münasibət elə bir şeydir ki, ehtiyatlı davranmaq lazımdır. Bu gün pornoqrafiq videolar geniş yayılıb. Yeniyetmələrdə xüsusilə diqqətli olmalıyıq, onlar bu cür videolara baxdıqca şüuraltlarına nələrsə yüklənir. Sabahısı gün cinsi münasibətə girəndə onların yaşadıqları az gəlməyə başlayır, başqa şeylər sınamaq istəyirlər. Daha dərinə getdikcə artıq insanlıqdan çıxmağa başlayır, normal cinsi münasibət cızığından çıxır, sadə dildə desək, pozğunluqlara gedirlər. Bunu qarşı tərəf qəbul etməyə bilər və xəyal qırıqlığı yaşayar. Bu baxımdan qorxular var. Hər şeyin həddi olmalıdır, balansı hər yerdə qorumaq lazımdır. Cinsi münasibətdə də. Əgər ağlına qeyri-adi bir şey gəlirsə, sən artıq onu sekspotoloqla müzakirə etməli, öhdəsindən gəlməlisən ki, niyə məndə normadan kənar hisslər var. 

Biz heç "seks” sözünü deyə bilmirik. Halbuki bu söz kişi, qadın cinsiyyətini bildirir. Amma bizdə "seks” intimə yozulur. Hətta ər-arvad sekspotoloqa müraciət edir. Sivil insanlar bu şəkildə öz problemlərini həll edirlər ki, xəyanət baş verməsin, ailə dağılmasın. Amma digərləri kənarda görürlər. Son günlər baş verən bir sıra şeylər məni də çox təəccübləndirir.

Deyəcəyim məsələ artıq geniş yayılıb. Deməli, evli kişilər guya çox qadınla görüşür, yəni gündə biri ilə görüşürmüş kimi imic yaradır. İkinci telefonu da olur. Bir xanımla restoranda oturur, birinə hədiyyə alır və.s. Çevrəyə göstərməkdən ötrü, sanki bu, "babnik”dir. Əslində isə gizli sevgilisi kişidir. Onu heç kim bilmir, bütün istəklərini, ağlasığmayan cinsi arzularını onunla həyata keçirir. Xanımı bunu qadınla tutsa belə, qoy elə bilsin ki qadındır. Maskalanırlar. Ona görə xanımlara deyirəm ki, siz hələ yoldaşınızı qadınla tutsanız, şükür edin. 

- "Bütün kişilər xəyanət edir” - bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Samirə xanım, xəyanət etməyən kişi var?

- Özüm də bunu bir neçə dəfə sorğulamışam: bütün kişilər xəyanət edirmi? Yox.  Çox qəribə məsələ var. Qadınlar xarizmatik kişiləri sevirlər. Xanımlar gəlir ki, mən nə deyirəm, kişi razıdır, maraqsızdır, bir xarizması yoxdur. Bu səfər də biri gəlir ki, mənim həyat yoldaşım çox xarizmatikdir, dəhşətli dərəcədə qısqanıram, bütün xanımlar ona yazır, xəyanət edir. Xanımlar əslində xəyanət edən kişilərə daha meylli olurlar. Amma hər xarizmatik kişi də xəyanət etmir. Bu yaxınlarda məsələn, biri deyir ki, mənim bir dostum var, o qədər gözəl xanımı var, dominantdı, hamı belə birini əldə etmək istəyər, ancaq kişi xəyanət edir. Çünki o xanım statusludur, dominantdır. Hər bir kişi özünü Allah kimi hiss etməyi sevir. Kişilər xəyanət etdiyinin yanında özünü statuslu sayır, üstün hiss edir. Amma yoldaşının yanında bunu edə bilmir. Kişiyə özünü kral kimi hesab etməsi üçün icazə vermək də yanlışdır. Səndən aşağı səviyyədə olmasına icazə vermək də düzgün deyil. Qadın istəsə, kişini həm vəzir edər, həm rəzil. Çox fədakar olmaq da olmaz.

- Bəs sizcə, biz nə etsək, boşanmalar azalar?

- Qadınlar öz dəyərini bilməyə başlayanda. Əvvəlki evliliklərdə "başlıq pulu” var idi və çox təəssüf ki, bu, qızın valideyninə çatırdı. Əslində qıza verilməli idi. Əgər xanımlar müqavilə ilə evlənsələr, öz şərtlərini əvvəldə qoysalar, daha dəyərli olacaqlar. Bizdə niyə ərə gedirlər? "Camaat deyəcək ki, qız evdə qaldı”, "artıq yükdü, yeyənimin biri azalacaq”. Keçmişdə "başlıq pulu”, indi müqavilə deməkdir. Ata evindən gələn qız, uşağı səndən qazanıb, düzdür? Müqavilə əsasında boşanma baş versə, xəyanət də azalacaq. Bizim millət digərlərinə nisbətən, mala, mülkə daha çox önəm verirlər axı, itirmək qorxusu daha çoxdur axı. Kişi biləndə ki, pul itirə bilər, daha diqqətli davranacaq. Xəyanət olsa belə, yoldaşının üstündə əsəcək ki, pulumun yarısı getməsin. Londonda, ABŞ-da boşanan kişi lüt qalır. Britaniyada ümumiyyətlə, ən sonuncu kişi haqlarıdır, kişidən qabaq it gəlir. Kişi sual edə bilər ki, xeyir ola, sən onda mənlə pula görə evlənirsən. Əzizim, sabah sən mənə xəyanət də edəcəksən, uşaqla çöldə də qoyacaqsan.

Heç bir qadın yaxşı kişidən boşanmır. Bəylər deyəcək ki, heç bir kişi yaxşı qadına xəyanət etmir. Xeyr, edir. Əvvəldən şərtlərlə evlənmək lazımdır. Sabahı gün uşaqla qalan qadın sıfırdan başlayır, bir işə başlamaq üçün əlində nəsə olmalıdır. Xanımlar özünə dəyər verəndə boşanmalar da azalacaq. Sən çətin əlçatan olsan, kişi də qədrini biləcək. Səni istəyirsə, gözünü bağlayıb "sənə hər şey qurbandır” deyəcək, müqaviləyə razı olacaq. Əks təqdirdə, deməli malı-mülkü daha önəmlidir. Qadında xəyanət məsələsini hara fırlatsan da, kişinin boşluğuna gəlir. Qadın qulağı boş qalmamalıdır. Ayda bir çiçək alsalar, özəl günləri qeyd etsələr, səbəbsiz nələrsə etsələr, könlünü xoş tutsalar, qadın xəyanət etməz. Mütləq kişi boşluğu olur ki, bu yola əl atırlar. Çoxu da peşman olur. Kişilərdə isə xəyanətin milyon səbəbi var. Məsələn, deyir ki, mən çox ehtiraslıyam, xanımım passivdir, ondan nəsə istəyirəm, qəbul etmir. Baxırsan ki, düzdür. Bir kişi qadınına natəmiz olduğuna görə xəyanət edirdi. Kişi təmizkardır, deyir ki, mən evə girirəm, qablar çirklidir, yer yığışdırılmayıb , evə əl gəzdirilməyib, ancaq əlində telefon və s. Həmin kişi boşanmır, amma xəyanət edir və yanına getdiyi qadın təmizkar olur. Bu da düzdür.

Valideynlərinin məcburiyyəti ilə evlənənlər də mütləq xəyanət edir. Mən buna da cinsi istismar deyirəm. Yəni valideyn istəyir deyə, uşağını təcavüzə məcbur edir. İstəmədiyin adamla evlənmək nə deməkdir? Zorlanmaq deməkdir, qəbul etsələr də, etməsələr də - valideynim istəyib deyə mən bu adamla yatmalıyam. Burada yüz faiz xəyanət var, qadın tərəfdən də, kişi tərəfdən də. Xəyanət birinci beyində baş verir. Artıq yatağa girmək məsələsi sondur. Ora çatana kimi beynində qərarını verir. Kişilərdə ani xəyanətlər ola bilər. Ancaq qadın xəyanətə gələnə qədər yüz dəfə ölçüb biçir, nə edəcəyini bilir, ani olmur. Kişi içkili olduğunu deyə bilər, yaxud özünü itirdiyini, onlarda heyvani hislər oyana bilər, nə etdiyini bilməz.

- Kişi bilmədən bu yola gedirsə, onu xəyanət kimi qiymətləndirməməliyik?

- Xəyanətdir. Başqa qadınla mesajlaşması da xəyanətdir. "Flört” başqa şeydir. Bu xəyanət sayılırmı? Yox. Bəzi insanlar flört etməyi sevir. Mən hətta onlara çox ünsiyyətcil adamlar deyərdim. Fərqi yoxdur qadın və ya kişilərlə ünsiyyətə girməyi sevirlər. Birindən nömrəni niyə götürürsən? Deməli bəyənmisən. Dost? Xeyr, qadınla kişinin dostluğu yoxdur. Mümkün deyil. Qadın-kişi dostluğu simpatiya üzərində yaranır, iki tərəfdən birinin mütləq xoşu gəlir, ona görə o dostluqlar baş verir. İstisna ola bilər ki, bir tərəf lezbiyan, ya da geydir. Bəyənmə hissi olmasa, heç vaxt dostluq alınmaz. 

- "Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?

- Qadının üzərinə yükləmək lazımdır. Çünki qadın boğazdır, kişi başdı. Yer üzündə qadın qədər güclü məxluq yoxdur. Hər şeyin təməlini qoyan qadındır. Bəzi qadınlar döyüldüyündən, söyüldüyündən şikayətlənir, halbuki icazə verən də özləridir. İlk başda sən dözməsəydin, cəza tətbiq etsəydin, yerini biləcəkdi. Xəyanətə sən vadar etmisən. Qadın istəsə, kişini evə darta bilər. Bir də var, evə bağlı olmayan kişilər. Söhbət normal insanlardan gedir. Xanımın həm gözəlliyi, zəkası, evdarlığı var, hər şeyi yerindədir, ancaq kişi evə bağlı deyil. Bu artıq kişinin öz problemidir. Bu kişilər uşaq vaxtı həddindən artıq ata-ana davasının şahidi olanlardır. Belə insanlar evə gəlmək istəmirlər. Bir oğlanla evlənəndə onun atası-anası haqqında fikirlərini bilmək lazımdır. Əgər valideynlərinə bağlı deyilsə, öz ailəsinə qarşı da elə olacaq. Həddindən artıq anasına bağlıdırsa, o da yanlışdır. Belə yerdə gəlin-qaynana münasibətləri dəhşətli dərəcəyə çatacaq. Ana ilə oğul məsafəli olmalıdır, amma əlaqə qopmamalıdır. 

- Homoseksuallıq məsələsinə toxunmaq istəyirəm bir az. Bu, Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər siyahısında yoxdur. Psixoloq kimi necə düşünürsünüz, homoseksuallıq xəstəlikdir, yoxsa sonradan qazanılan vərdiş?

- Vərdişdir və birbaşa psixoloji pozuntudur. İstəyir lezbiyanlar, transeksuallar olsun, istəyir geylər, biseksuallar olsun, hamısının təməlində uşaqlığı ilə bağlı travmaları var. Ümumi adı valideyn nəzarətsizliyidir. Ya bayaq dediyim yeniyetmə dönəmində başa salanı olmayıb, ya istismara, təcavüzə məruz qalıb, valideynləri tərəfindən atılıb. Tutaq ki, oğlan uşağı kiçik yaşlarında təcavüzə məruz qalıb. Sən niyə sonradan qadın olursan? "Mən kişi olmalı deyildim, yanlış doğulmuşam” deyirsən?

Biri küçəyə çıxıb "prezidentəm, hamınız mənə tabe olmalısınız” desə, onu aparıb dəlixanaya salacaqlar. Amma bir oğlan çıxıb deyir ki, mən qadınam və cinsiyyətini dəyişir, buna normal baxırlar. Niyə? Problem başqa bir şeydədir. Bəziləri təcavüzə məruz qalsa da, kişi kimi həyatını davam edir. Fərq burasındadır. Onsuz da uşaq vaxtı istismara uğrayan oğlan uşağında kişilik mənliyi ölmüş olur. Məsələn, 23 yaşında bir oğlan gəlmişdi, həyatında heç bir münasibəti alınmır, çox aqressivdir, özünə qapanıqdır, insanlarla ünsiyyəti yoxdur. Sonra məlum oldu ki, 11 yaşında olanda 14 yaşlı qonşu oğlan tərəfindən dəfələrlə cinsi istismara məruz qalıb. Amma bu gey deyil, demir ki, içimdə qadın ruhu var, normal kişi kimi həyatını yaşayır, təbii ki travması ilə.

Əvvəllər də bu olub, ancaq internet yox idi, məsələ bu şəkildə qabardılmırdı. Eynicinsli münasibət yaşayanlar əslində heç də elə deyillər. Bu, onların şüuraltıdır. Gördükləri, dinlədikləri təsir edir və həyatında da uşaq vaxtı travması olubsa, artıq yönəlir. Ola bilər, istismar, təcavüz baş verməyib, valideyn hamilə vaxtı oğlunun olmasını çox istəyir, lakin qız övladı olur. Onu uşaqlıqdan oğlan kimi böyütməyə başlayırlar. Uşağın nə etdiyinə valideyn nəzarət etməlidir. Məsələn, mənim iki böyük qardaşımın ardınca mən dünyaya gəlmişəm. Çox açıq bir şey danışacam. Mən görürdüm ki, qardaşım ayaqyolunda ayaqüstə işini görür, mən də onu təkrar etməyə başlamışam. Təbii ki, anam mənə qız olduğumu, bu şəkildə etməməli olduğumu izah edib. Yəni qız uşağı gəlinciklə oynamalıdır, əgər maşına meyllidirsə, bunu valideyn yönləndirir. Yaxud valideyn makiyajdan istifadə edir, oğlan uşağı da onu təkrar etmək istəyir, ana buna icazə verməməlidir. Oğlan uşağını bacıların öhdəsinə buraxmamalısan, çünki qız kimi tərbiyə edəcəklər. Bunun kimi çox nümunə çəkmək olar. Təməli valideyn qoyur. İndiki zamana görə 10 gözün olmalıdır. Bu o demək deyil ki, sıxmaq lazımdır, yox. Sadəcə düzgün izahat verməliyik. 

- Son zamanlar gündəmdə olan mövzulardan biri də feminizm və feministlərdir. Bu barədə nə düşünürsünüz?

- Feministlərin bir qismi ya eynicinsli münasibət yaşayanlardır, lezbiyanlar, ya da ki mütləq şəkildə kişilərdən nəsə görüblər – uğursuz nikah, uğursuz münasibət, yaxud dominant ananın qızıdır. Hər şeyi Avropadan götürürük, evlilik öncəsi müqaviləni də götürün də. Çox dəxlisiz şeyləri götürürlər, feministlik filan. Feministlik bizə uyğun deyil, ümumiyyətlə, qəbul etmirəm. Çünki Azərbaycanda kişi bir pillə qadından üstün olmalıdır. Hər bir uğurlu kişinin arxasında güclü qadın var. Və hər bir uğurlu qadının həyatında uğursuz kişi olur.

Bir idarəçi olar, iki nəfərlə olmur. Qadın və kişinin bərabərliyi ortaya çıxdı, ondan sonra bizdə problemlər başladı. Bizdə bərabərliyi düzgün başa düşmürlər. Bu o deməkdir ki, qadın da işləyə bilər, kişi də, uşaq tərbiyəsində qadın da, kişi də eyni iştirak etməlidir. Bizdə axı elə deyil. Qadın tərbiyə verir, sabah gün bir səhv olanda "sənin verdiyin tərbiyədir” sözünü eşidir. Yox əzizim, o uşaq sənə də aiddir, tərbiyədə sən də iştirak etməlisən. Bərabərlik o demək deyil ki, sənə olarsa, mənə də olar. Ona olan sənə də olsaydı, onda ikiniz də eyni cinsiyyət orqanı daşıyardınız.

Niyə birinci kişi yaranıb? Əgər bərabərlik varsa, ikiniz də eyni vaxtda yaranardız da. Birinci kişi yaranıb, sonra qadının badına gedib. Düşünürəm ki, idarəedici bir nəfər var, o da kişidir və ailə ona tabe olmalıdır. Qadın həmişə düzəliş edəndir. 

- Son olaraq, əgər bir siyasətçi xalqın hislərinə toxuna bilirsə, çıxışlar edib səs yığırsa, bu artıq psixoloji gedişdir. Sizcə, bir psixoloqdan mükəmməl siyasətçi olarmı?

- Niyə olmur ki. Mən şəxsən gələcəkdə millət vəkili olmağı fikirləşirəm. Xalq arasında olan biri seçilməlidir. Məsələn, bu gün bizdə məişət zorakılığı haqqında qanun qüvvəyə minməyib. Milli Məclisdə oturan bəzi ağsaqqallar hələ də başa düşmürlər ki, necə yəni kişi qadına bir şillə vuracaq, o da gedib şikayət edəcək, kişiyə cəza kəsiləcək. Yaxud uşaq ata-anasından şikayət edəcək, cəza tədbirləri görüləcək.

Bu gün nə qədər həyat yoldaşı tərəfindən öldürülən qadın var. Uzaqdan-uzağa tanış biri var idi, boşanmışdı, 7 ildən sonra keçmiş həyat yoldaşı gəlib üzünə "kislota” tökmüşdü. Axı ailə zəminində baş verən hadisələr var. Bunların heç birinə baxmırlar və deyirlər ki, ailə içində olan söz-söhbətdir. Amma qanun qəbul edilsə, artıq hər kəs öz həddini biləcək.

Bilirsiniz, yanıma nə gündə xanımlar gəlir? Diş yox, döyülüb. Xanım var ki, 6 aydır hava nədir bilmir, çölə çıxmaq icazəsi yoxdur. Məişət zorakılığı haqqında qanun qüvvəyə minsə, həmin kişiyə cəza düşür. Odur ki, riyaziyyat müəllimi gəlib icra başçısı ola bilir, psixoloq yox? Bu arada mən 10 il təyyarə bələdçisi işləmişəm. Çoxları yazır ki, bu axı təyyarə bələdçisi olub, bundan nə psixoloq çıxar? Çox gülünc bir yanaşmadır. Kim anasının qarnında nazir olur? Kim millət vəkili olur? Müəyyən bir yerə gəlmək üçün mərhələlərdən keçməlisən. İnkişaf etmək istəyirəm, niyə sahəmi dəyişməyim? Hələ 2 ildən sonra harada olacam bilmirəm. Siyasət məsələsinə gəlincə, bəlkə 42 yaşımda filan niyə də olmasın? Sınamaq olar. /Sfera.az






Fikirlər