“Əli bəy Hüseynzadə üç il evimizdə gizli fəaliyyət göstərib” – MÜSAHİBƏ
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadənin “Report”un Türkiyə bürosuna müsahibəsi. - Kərim bəy, özünüz haqqında qısa məlumat verərdiniz… – Mən İstanbul şəhərində doğulmuşam, 80 yaşım var. Mən İstanbul Universitetində Kimya mühəndisliyi ixtisasına yiyələnmişəm. Uzun müddət Almaniyada işlədim. Daha sonra İstanbula qayıtdım və universitetdə müəllim kimi dərs dedim. Hazırda təqaüddəyəm. Valideynlərimə gəldikdə isə atam əslən Gəncə şəhərindən olan, vaxtilə Türkiyəyə mühacirət etmiş Hacıbaba Gəncəlinin oğlu Məhmətəli Məhmətzadədir. Anam Fətəli xan Xoyskinin böyük qardaşı Hüseynqulu xan Xoyskinin qızı Sima xan Xoyskidir. Anam 1907-ci ildə doğulub, Gəncə gimnaziyasında təhsil alıb. Sima xanımın Türkiyəyə mühacirət zamanı 13 yaşı olub. Valideynlərim İstanbulda ailə həyatı qurublar. Anamı çox yaxşı xatırlayıram. Onun qohumları və dost-tanışları çox idi, çox fəal qadın idi.
Valideynlərimin dediklərinə görə, onlar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra Türkiyəyə mühacirət ediblər. Onların Azərbaycandan Türkiyəyə gəlmələri çox da asan olmayıb. 1920-ci ildən 1923-cü ilə qədər tam üç il ərzində Gəncədən Tiflisə gəliblər. Türkiyəyə isə onları anamın anası Şirinbəyim Ziyadxanova gətirib. Nənəm 4 övladı ilə bərabər Türkiyəyə mühacirət edib. Böyük qızı Azərbaycan Xalq Cümhuriyyətində ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir Kazimbəylinin həyat yoldaşı olub. Xalalarımdan ikisi isə Polşaya gedib, daha sonra bu ölkənin ordusunda polkovnik rütbəsinədək yüksəliblər. Xalalarımdan birinin adı Valiyyə Kazımbəyli olub. Ailəm Türkiyədə hər gün Azərbaycana qayıtmaq ümidi ilə yüz il həsrətlə yaşayıblar. Dayım İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olub. Fətəli xan Xoyski də hüquqşünas imiş. Ailəmizdə əksər insanlar hüquq təhsili alıb. Sadəcə babam Hüseynqulu xan Xoyski atası İsgəndər xan Xoyski kimi hərbçi olub, general rütbəsinədək yüksəlib. O, Çar Rusiyasının ordusunda xidmət edib.
Babam Türkiyədə mühacirətdəykən “Biz onsuz da geri dönəcəyik” deyərək heç kimin bir işlə məşğul olmasına icazə vermirdi. Türkiyə höküməti babama ev versə də, o, bunu istəmədi. Onların xəyalı bir dəfə də olsa, Gəncəni yenidən görmək idi və bütün söhbətlərində də Gəncədən, xüsusilə Göygöldən danışırdılar. Mən həmin gölü görmədim, ancaq onun danışdığı hekayələrlə gözümün önündə canlandıra bilirəm. Təəssüf ki, ömür vəfa etmədi və onlar ən böyük arzuları ilə gözlərini əbədiyyən yumdular. Azərbaycanın müstəqilliyini görmədən, həsrət çəkdikləri vətənlərinə dönmədən vəfat etdilər.
- Ümumiyyətlə, ziyalı bir ailədə böyümüsünüz? – Biz 6 uşaq olmuşuq, 4 oğlan, 2 qız. Bizim uşaqlığımız II Dünya Müharibəsinə təsadüf etdi. Demək olar evimizdə hər gün 40-50 nəfər mühacir həmvətənlərimiz olurdu. Onların əllərində xəritələr var idi və hər gün Azərbaycana qayıdış planlarını hazırlayırdılar. Bu proses 5-6 il, müharibə bitənədək davam etdi. Mənim 7-8 yaşım olmasına baxmayaraq, həmin günləri çox yaxşı xatırlayıram. Anamın ailəsinin evi indi Gəncədə əl işləri muzeyi və universitet kimi fəaliyyət göstərir. Həmin binaya səhv etmirəmsə “Qırmızı qonaq” deyirlər. Ailəm həmin mülkü Azərbaycan hökumətinə bağışlayıb. Ailəmin xatirələrinin qorunub saxlanılması məni xoşbəxt edir.
- Bildiyimizə görə, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadə burada yaşayıb… – Bu evdə ilk dəfə Həsən bəy Zərdabi olub. 1880-ci illərdə babam Hacıbaba Gəncəlini tez-tez ziyarət edərmiş. Daha sonra Əli bəy Hüseynzadə Sankt-Peterburqda Riyaziyyat fakültəsini bitirdikdən sonra iş tapa bilmir və Türkiyəyə gəlməyə qərar verir. Həmin vaxt Həsən bəy Zərdabi də onu Türkiyəyə gətirir, daha sonra Übeydullah bəy vasitəsilə türkiyəli məşhurla tanış edir. Onun sayəsində Əli bəy İstanbul darülfünunda əsgəri-tibbiyyə fakültəsinə daxil olur və dörd il boyunca dermatoveneroloq ixtisası üzrə təhsil alır. Daha sonra İstanbul Darülfünunda Əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. Bu illərdə “İttihad və tərəqqi” cəmiyyətinin üzvü olur və aktiv siyasi fəaliyyətə başlayır. O, Əhməd bəy Ağaoğlu ilə bərabər türkçülüyü təbliğ edir. Ə.Ağaoğlu da ailəmizin yaxın dostu idi, oğlu Səməd Ağaoğlu Türkiyədə nazir də işləyib. Ancaq indi onların nəslindən heç kim qalmayıb, yəni artıq əlaqələrimiz yoxdur.
Bir gün “İttihad və tərəqqi” cəmiyyətinin toplantısından gecə yarısı evə dönərkən onları izləyirlər. Həmin vaxt Əli bəy Hüseynzadənin yanında babamın dostlarından biri olan tanınmış həkim Rıza Tevfik Bəy olur. Əli bəyi təqiblərdən xilas etmək üçün evimizə gətirir və bu otaqda iki il (1901-1903-cü illər) küçəyə çıxmadan yaşayır. Əli bəy yalnız babam və atamla görüşür, ailənin digər üzvlərinin onun varlığından xəbəri olmur. O, qaldığı iki il ərzində şeirlər yazır, rəsmlər çəkir. Əli bəy 1903-cü ildə Bakıya qayıdır, sonralar bu evə tez-tez gəlir, ailəmizin çox yaxın insanına çevilir. Bir müddət əvvəl onun kiçik qızı Feyzavər xanımı bu evə gətirdim, onun da belə bir yerin varlığından xəbəri yox idi. Demək olar 150 ildir bu otağa heç əl dəyməyib. Yerdəki xalçaları, rəsm əsərlərini, kitabları, masaları bu günədək qoruyub saxlayırıq. Burada babamın da rəsmi var idi. Əli bəy bu tablonu 15 günə çəkib. Otaqdakı bütün tablolar onun iki ildə çəkdiyi şəkillərdir. Mirzə Ələkbər Sabirin ilk “Hophopnamə”si də, “Əkinçi” qəzetinin ilk sayı da bu otaqdadır. Buranı ailə muzeyimiz olaraq görürük. Bizdən bu evi satmağımızı istəyənlər çox oldu, ancaq razılaşmadıq. Bu dəmir seyflər 150 ildən çoxdur otaqdadır. Həmin vaxtlar evlərdə tez-tez yanğınlar çıxdığından xarici ölkələrdən dəmir seyflər gətirirmişlər. Atam da bunları ABŞ-dan gətirib. Atamdan qalan sənədlər, həmin vaxtların Azərbaycan pulları və anamın qızıl kəməri var. Həmin kəmər anamın anasınındır, Gəncədən gətirib.
Əli bəyin adı vaxtilə Mustafa Kamal Atatürkə qarşı İzmirdə təşkil edilmiş sui-qəsdə cəhd işinə də qarışır. Bunu çox adam bilmir. Həmin vaxt Əhməd bəy Ağaoğlu Atatürklə görüşərək Əli bəy Hüseynzadənin millətçi olduğunu, bunun da iftira olduğunu deyir. Mustafa Kamal Atatürk də dərhal Əli bəyi azad etdirir. Ancaq Əli bəy 6 ay həbsdə qalır. - Bəs Azərbaycana, Gəncə şəhərinə getmisinizmi? – Xeyr, heç getmədim. Təbii ki, bir həsrət, nisgil var. Ancaq bəzən deyirəm, heç görməsəm. Valideynlərim danışdığı kimi xatirələrimdə qalsa. Axı çox şey dəyişib. Qoy xatirələr olduğu kimi qalsın. Bilirsiniz, indi gedib görəcəyəm, deyəcəyəm ki, mənə danışdıqları belə deyil. Nəticədə gedib-getməmək arasında qalmışam. - Siz həmçinin Gəncə xanı Cavad xanın nəslindənsiziniz? – Təbii ki, Cavad xan bizim dədəmizdir. Cavad xan Ziyadxanovların babası olur. 1803-cü ildə Gəncə xanlığı süqut etdiyi zaman Hacıkənd qalasında həlak olduğunu bilirəm. Bizdə Cavad xanın orijinal şəklinin olduğu xalça var idi. Həmin xalçanın üstündəki şəkil Cavad xanın yeganə şəklidir və onun surəti çıxarılaraq yayılıb.
- Atanızın Mustafa Kamal Atatürklə yaxın əlaqələri olub… – Bəli, amerikalı jurnalist, “Bilinməyən türklər” kitabının müəllifi Klarens Streyt Türkiyədə istiqlal mübarizəsi zamanı Atatürkün yanında olub. Onun yazdıqlarını atam tərcümə edirmiş. Bu səbəbdən atam da K.Streytin Türkiyədə yaşadığı müddətdə Atatürkün yanında olub, onun tərcüməçisi işləyib. Təbii ki, həmin kitabda atamdan da bəhs olunur. Amerikalı jurnalist yazır ki, Məhmətəli Məhmədzadəni kimsə tanımaz, ancaq çox dəyərli bir türk övladıdır.
Deməli, bir tərcüməçi axtarırmışlar, Atatürk də hər kəsi yanına buraxmırdı. Çünki həmin vaxt vəziyyət çətin idi. Ona görə də çox axtarıblar, atamı tapdıqdan sonra da yazar kitabında yazıb: “Bizə bitərəf, rum və erməni olmayan bir tərcüməçi lazım idi. Bunun bir müsəlman olmasına qərar verdik. ABŞ-ın ən nüfuzlu və tanınmış ali təhsil müəssisələrindən biri, Miçiqan Universitetinin məzunu Məhmətəlini tapdım”. Atatürkün medal verdiyi ilk adam da atam olub. Anadoluda yunanların zülmündən bəhs edən “Qara Kitabın” türk dilindən ingilis dilinə çevirdiyi üçün bu təşəkkürnaməni verib və qarşılığında nə istədiyini soruşub. Həmin vaxt atamın soy adında “zadə” yox idi, “Məhmətov” idi. Atam da deyib ki, əgər icazə versəniz, “zadə” soy adını almaq istəyirəm. Atatürk həmin dəqiqə qərar çıxarır və Türkiyədə “zadə” soy adı ilk dəfə atama verilir.
Atam 7 ildir ABŞ-da elmlə məşğul olub. Miçiqan Universitetindən məzun olan ilk azərbaycanlı müəllim idi. O həmçinin ABŞ-da vətəndaşlıq hüququ alan ilk azərbaycanlı olub. Atam həm də xalçaçılıqla da məşğul olurdu. Nyu-Yorkda ilk xalça mağazasını atam açıb. Amerikalılar Qazax xalçalarını çox alırlarmış. İndi evimizdə çox qədim xalçalar var, Qazax, Qarabağ xalıları və s. Atam həm də çox gözəl şeir yazırdı. Bildiyim şeirləri çox idi, indi xatırlamıram. Sadəcə qısa bir bəndi yadımdadır. Seviniz, sevgi ilahidir… Ona tapmayanın, Yeri yok bu kulede. Aşk odunu tatmıyanın. Atamın şeirlərindən ibarət bir kitabını da çap etdirmişik. O, çox həsrət çəkirdi, çünki vətən sevdalısı idi, Azərbaycan deyə-deyə də gözlərini yumdu. Bir dəfə bu səmtlərdə gəzintiyə çıxmışdı, evə qayıdarkən insult keçirib, 2-3 gün yaşadıqdan sonra vəfat etdi. Məzarı İstanbuldadır.
- Bəs Azərbaycanda qohumlarınız varmı? – Bildiyim qədər yoxdur. Ancaq mənə qohumum olduğunu yazanlar var. Belə ki, Hüseynqulu xan Xoyskinin Rüstəm adlı kiçik qardaşı varmış. Vaxtilə Azərbaycandan çıxa bilməyib və daha sonra Sibirə sürgün edilib. Ancaq oradan xilas olmağı bacarıb, rus qızla evlənib. Yəqin bizi axtaran onların övladlarıdır. 1960-cı ildə Zeynəb Xanlarova Türkiyəyə konsert verməyə gəlmişdi. Həmin vaxt anam Azərbaycanda xalasının qohumlarından kiminləsə məktublaşırmış. Z.Xanlarova bir məktubu anama yarım saata verə bilib, çünki icazə vermirlərmiş. Anam da çətiniklə də olsa, ona qohumlarına aparması üçün hədiyyə verib. Anam pianoda ifa edə bilirdi. Bu gün də Rəşid Behbudovun mahnılarına qulaq asıram. Azərbaycan telekanallarını da izləyirəm.
Türkiyəyə azərbaycanlılar çox gəlir, aşağıda mağazamız var. Ancaq təəssüflər olsun ki, əksəriyyəti, xüsusilə gənclər tarixdən xəbərsizdirlər. Hətta Fətəli xan Xoyskinin kim olduğunu bilməyənlər var. Halbuki Azərbaycan çox mədəniyyətli bir ölkədir, kaş tarixi bir az vərəqləsələr. Azərbaycan tarixinin üç min illik keçmişi var, bütün tarix və mədəniyyətlər Azərbaycan tarixinin üzərində qurulub. Bunları bilmələri lazımdır. Bəzən insan özündə olan varlıqların dəyərini bilmir. Gərək dəyərini bilmək üçün ondan məhrum olasan. Mənim ailəm illərlə vətən həsrəti ilə yaşadı, hazırda Azərbaycanda yaşayanlar müstəqilliyin dəyərini anlasınlar, vətənlərini çox sevsinlər, hər kəsi qardaş kimi istəsinlər. Azərbaycan modern bir ölkəyə çevrilib.
- Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım onun bütün arxivini Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. Sizin də yüz illiyə bir hədiyyə olması üçün belə bir düşüncəniz varmı? – Bilirəm. Bu barədə düşünəcəyəm. Dəyərli dostum, Feyzavər xanımın bu addımı atmasında vasitəçi olan rəssam Teymur Rzayev bu məsələ ilə bağlı mənimlə də söhbət edib. İnanıram ki, bu əşyalar əmin əllərdə olacaq.