ƏlLİ BƏY Hüseynzadənin qızı: “ATAM Atatürkün təklifindən İMTİNA ETDİ” - MÜSAHİBƏ

 

“Azərbaycana sevgi və salamlar göndərirəm”© Report.az

  Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra həmişəlik İstanbula köçən Əli bəy Hüseynzadənin üçüncü övladı olan 98 yaşlı Feyzavər xanım İstanbulun Şişli səmtində yaşayır. Səmimi və bir o qədər də təvözəkar olan Feyzavər Alpsarın “Report”a müsahibəsini təqdim edirik:

Necəsiniz Feyzavər xanım?

- Yaxşıyam. Bir qədər yaşlanmışam, ancaq yaxşıyam.

- Bizə hekayənizdanışın, necə xatırlayırsınız o illəri?

- Çox gözəl bir həyat yaşadım. Ailədə üç uşaq idik. Böyük bacım Saidə Santur və qardaşım Səlim. Səidə Santur Lionda riyaziyyat fakültəsini bitirib. Sonra Mustafa Santurla evlənib. Mustafa Santur İstanbul Texniki Universitetində professor idi. Qardaşım isə Şaika xanımla evləndi. O, qardaşımın qrup yoldaşı idi. Çox yaxşı insan idi. Ancaq evlilikləri uzun sürmədi. Səlim çox rahat insan idi, Şaika isə onu qısqanırdı, hər addımına müdaxilə edirdi. Hər şey çox gözəl idi, qardaşım da, bacım da evlənmişdi. Atam vəfat edəndən sonra hər şey dəyişdi, mən evləndim və həyat belə qarmaqarışıq davam etdi.

 

- Necə keçdi uşaqlığınız? Atanızı necə xatırlayırsınız?

- Uşaqlıq xatirələrim o qədər çoxdur ki, hansından danışım bilmirəm. Unuduram çox şeyi, üzrlü hesab edin. Atam mənə çox dəyər verirdi. Qəhvəni çox sevirdi, kiçik bir qəhvə şkafı vardı. Torpaqla işləməyi də çox sevirdi, bağçada çox zaman keçirirdi. Yadımdadır, bir dəfə daş daşıyırdı, mən kömək etmək istədim "aman sən toxunma" deyərək, məni qoymadı. İtimiz var idi, tez-tez ağaca dırmanırdı, atamla bərabər onu aşağı endirirdik. O mənə heç bir qadağa qoymurdu. Ürəyim nə istəyirdi onu da edirdim. Onun sayəsində çox kitab oxumuşam, durmadan kitab oxumağı ondan öyrəndim. Ancaq indi “hansı kitabları oxumusunuz” sualını versəniz bilmərəm. Atam İstanbul Universitetinin Tibb fakütləsində həkim işləyirdi, Bəyazıtda. Məni də bəzən özü ilə xəstəxanaya aparırdı. O vaxtlar uşaq idim. Oraya gəmi ilə gedirdik, insanlar keçsin deyə, sırada gözləyirdik. O mənzərə gözlərimin önündədir. O vaxtlar, Mustafa Kamal Atatürk illəri idi.

- Atanız neçə yaşında vəfat etdi?

- Atam 76 yaşında vəfat etdi. Xəstə deyildi, səhhətində heç bir problemi yox idi. Çox yorğun idi, yorulmuşdu. Birdən-birə getdi. Mən evdə deyildim, yolda öyrəndim. O vaxt Türkiyənin ilk qadın hüquqşünası olan Əhmət Ağaoğlunun qızı Sürəyya Ağaoğlu mənə atamın öldüyünü söylədi. Çox, çox pis olmuşdum.

 

- Atatürk atanızla yaxın dost olub, eləmi?

- Çox yaxın dost idilər. Danışırdılar, görüşürdülər. Hətta Atatürk onu dəfələrlə çağırdı, ancaq atam yaxın getmədi. Atam deyirdi ki, demokratik bir ölkə üçün orda bir neçə partiya olmalıdır. Əgər belə olmazsa mən mebus (millət vəkili) olmaram. Atatürk isə bunu qəbul etmədi və atam onun təklifindən imtina etdi. Ancaq onlar bir yerdə Türk Dil Qurumunda uzun müddət çalışdılar.

- Siz Atatürkü görmüsünüz? Heç sizin evə gəlibmi?

- Bəli, bizə gəlmişdi, ancaq mən çox uşaq idim. Xatırlamıram.

-Təhsilinizi harada almısınız?

- Mənim gənclik illərim Türkiyənin qızıl illəri idi. Atatürkün illəri idi. İstanbul Universitetinin Gözəl Sənətlər Akademiyasında təhsil alırdım. Sonra təhsilimi yarımçıq qoydum və daha sonra evləndim. Həyat yoldaşım çox yaxşı bir insan idi. O da Atatürkçü idi.

 

- Uşağınız olmadı...

- Yox, istəmədim olsun!

- Niyə istəmədiniz?

- Uşaqlar yazıqdır (gülür)... Başqa necə deyim bilmirəm, atamdan qalan gözəl bir həyat vardı.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- Anam çox xəstə idi. O yavaş-yavaş yaddaşını itirdi. Mənim evlənməyimi çox istəyirdi. Həyat yoldaşımla məni tanış etdilər. Onunla Erenköydə tanış olduq. Aramızda çox yaş fərqimiz var idi. Aşiq olub evlənmədim, ancaq o çox yaxşı insan idi. Məni çox sevirdi. Həmişə vəzifələrdə olub, bələdiyyə rəhbəri, vali işləyib, daha sonra polis idarəsində təhlükəsizlik bölməsinin müdir müavini vəzifəsində işləyirdi. Mən onunla evlənsəm də ailəsi məni sevmirdi. Elə bir vəziyyət yaşandı ki, bezdim. “Artıq ayrı evə köçək” dedim. Atası millət vəkili idi, o məni sevməsə də ölmədən öncə mənə bir məktub yazmışdı. Məktubda yazmışdı ki, məni bağışla.

 

- Bağışladınızmı onu?

- Təbii ki, mən onu çoxdan bağışlamışdım.

- İstanbulun hansı səmtində yaşayırdınız?

- Çox gözəl yerdə yaşayırdıq. Əvvəl Üsküdarda idik, sonra....(düşünür) Unutdum…. Osmaniyədə...Düzdür, Osmaniyədə. O evi xatırlayıram. Anam orada quyudan su çıxarırdı. Tulumba suyu. Ancaq o suyu neyləyərdi,bilmirəm. Anam hər kəsə kömək edirdi. Ehtiyacı olan insanlara yardım edirdi. O, bir çox qadınla bərabər köməksiz insanlara əl tuturdu.

- Atanızın həbsdə olduğu illəri necə xatırlayırsınız?

- Atam həbsdə olanda tez-tez ziyarətinə gedirdim. O şəkilə baxın… (Divarda atasının çəkdiyi bir tablonu göstərir)...

Haşiyə: Feyzavər Alpsar atasının arxivini və rəsm əsərlərini Azərbaycan tarix muzeyinə hədiyyə etsə də, o əsərlərin surətini çərçivəyə salaraq evinin divarlarına asıb. Göstərdiyi tabloda kiçik bir qız yelləncəkdə yellənir, yanında isə yündürboy bir kişi dayanıb.

...O şəkil həbsxanada onu ziyarətə getdiyimiz gündən qalıb. O yelləncəkdə yellənən kiçik qız mənəm. Anam mənə dedi ki, atanın qucağına sarıl, qulağına de ki, sabah onu buraxacaqlar. Mən də atamın qulağına dedim. Biz bilirdik ki, onun həbsdəki son günüdür. Əhmət Ağaoğlu ilə çox yaxşı dost idilər. O da bizimlə orada idi. Hətta o məni qolları ilə başının üstünə qaldırdı və sonra yerə qoydu. Onlar atamla can dostu idilər.

 

- Qaldığı həbsxanada divarlara şəkillər çəkmişdi. Yadınızdadırmı?

- Bəli, düzdür.

- Siz getdinizmi o həbsxanaya?

- Yox getmədim amma bərabər gedək demişdik.

- Atanız Sizə Azərbaycandan danışırdımı?

- Yox, çox danışmazdı…

- Siz də heç getmədiniz Azərbaycana… Oraları görmək istəyi varmı içinizdə?

- Gedə bilmədim. Bacım və qardaşım getdi. Mənə "gəl səni Azərbaycana aparaq" deyənlərdən xoşum gəlmədiyi üçün getmədim (gülür). Onun bir hekayəsi var.

 

- Danışın bizə, nə baş verdi?

- Yox, o da qalsın. Bəlkə, qismət olsa gedərəm. Gənc olsaydım gedərdim, gəzərdim. Qalacağımı və ya orada yaşayacağımı düşünmürəm. Çünki mən İstanbulu o qədər çox sevirəm ki, sözlə ifadə edə bilmərəm. Atam da İstanbulu çox sevərdi.

- İndi yaşadığınız bu evə nə vaxt köçmüsünüz?

- Uzun illər oldu. Atamla bağlı xatirələrim Süleymaniyyədəki evdə qaldı.

- O evdə indi kim yaşayır?

-Biz orada kirayə qalırdıq. Çox böyük idi. İndi yenə də yəqin ki, başqaları kirayə qalır. O ev çox gözəl yerdə idi. Atam məni hər ayın sonunda “Qapalı çarşı”ya aparırdı. Piyada gedirdik. Bizim evə çox yaxın idi. Yenə bir gün alış-verişə gedirdik. “Qapalı çarşı”ya girmək istəyərkən birdən önümüzə at çıxdı. At arabası nəyəsə ilişmişdi. Atam əlindəki paketi mənə uzatdı. Mənə “gözlə” deyərək arabanın altında nəyisə düzəltdi, atın ayağı da yaralanmışdı. Ona da sarğı qoydu. Daha sonra yolumuza davam etdik. Ağaoğlunu da o gün yolda görmüşdük.

 

- Ağaoğulları ilə atanız tez-tez görüşürdü?

- Bəli, onlar bizə gələrdi. Məni həmişə qucağına alıb, göyə qaldırardı. Yadımdadı, Ağaoğlunun uşaqları ağaca çıxarlar və oradan məni səsləyərdilər. Mən də onları səsləyirdim, söz davası edərdik. Ancaq heç vaxt kimsə bizi vurmazdı. Atam bizə bir dəfə də olsun barmağı ilə də vurmayıb.

Bir dəfə, atam çöldən sərt şəkildə içəri girdi. Mənim də əlimdə açar vardı. Dərsdən evə gəlmişdim. Onun arxasınca da, mən girdim, çox əsəbi görünürdü. Ancaq məni gördü və gülümsədi. Bəzən bir yerə gedəndə, bir fincan pivə içərdi. Evdə heç vaxt içki içməzdi.

Bir gün evimizə bir oğru girdi. Atam isə oğruya "möhtərəm oğru bəylər lütfən nə alırsanız alın, eynəyimi buraxın" deyib. O da hər şeyi toplayıb aparmışdı. Eynək də getmişdi. Atam bu qədər sadə insan idi. O vəfat etmədən öncə bərabər saatlarla kitab oxuyardıq. O illər çox gözəl idi, çox....

 

 

 

- Bilirik ki, sizin də atanız kimi gözəl rəsmləriniz var. İstanbulun bir çox yerində onlarla sərginiz açılıb. Evinizdə çoxlu rəsm əsərləri var. Yenə də sərgi açmağı düşünürsünüzmü?.

- Açacam inşallah, son çəkdiyim əsərlərdən gözəl bir sərgi açacam. Boş durmaq heç də yaxşı bir şey deyil. Durmadan çalışmaq lazımdır. Məslək sahibi olmaq mütləqdir. Oxumaq, yazmaq çox vacibdir. Mədəniyyət sahibi olmaq, kübar olmaq çox vacibdir və bir də insanlara əl tutmaq vacibdir. Mərhəmətli olmaq, yaxşılıq etmək lazımdır. İnsan həyatda bu keyfiyyətləri ilə insan olur. Mən kitab oxumağı, rəsm çəkməyi çox sevirəm, rəsm mənim həyatımdır. Bir də, insanlara kömək etməyi çox sevirəm.

Atanızın arxivini Azərbaycan Tarix Muzeyinə hədiyyə etmisiniz. Bu addımı atmağa necə qərar verdiniz?

- Əvvəllər tərəddüd etdim, ancaq sonra dedim ki, bu əşyalar Azərbaycana getməlidir. Çox xoşbəxtəm, atamın əşyaları onun Vətənində etibarlı əllərdədir. Oradan mənə zəng edib əşyaların artıq muzeydə olduğunu dediklərində, çox həyəcanlandım.

Atamın uzun illər yaşadığı Azərbaycana sevgi və salamlar göndərirəm. Sizləri tanıdığım üçün çox xoşbəxtəm. Yaxşı ki, Əli bəy Hüseynzadənin qızı olmuşam, yaxşı ki, məni sevən bu qədər insan var.

Vüsalə Abbasova, İstanbuldan, xüsusi olaraq “Report” üçün






Fikirlər