İlham Əliyevin tarixi Xudafərin əməliyyatı... - TƏHLİL
Duz basıb yara üstünə,
Sardıq vura-vura qardaş
Xudafərin körpüsünə
Vardıq vura-vura qardaş
Azərbaycan bayrağının Xudafərin körpüsü üzərində dalğalanması şairin bu misralarını yada salır.
İllərdir Xudafərin boyda tarixi yaramıza duz basıb sarıyardıq və nəhayət Azərbaycan Ordusu vur-vura irəlilədi, yaramıza məlhəm oldu.
Biz tariximizin ən şanlı və ən qürurlu günlərini yaşayırıq. Ordumuz 30 illik işğala son qoyur, Vətən torpağı qarış-qarış təmizlənir. Və Cəbrayılın azad olunmasından sonra Xudafərində üçrəngli bayrağımızın dalğalanması tarixi ədalətin bərpası deməkdir.
Azərbaycan lideri tarixi ədalətin bərpasına 4 il öncə bir sazişlə imza atdı və 4 il öncə irəli sürülən iddialarla bugünkü nəticəni müqayisə edəndə Prezident İlham Əliyevin uzaqgörən strategiyasını anlamaq olur.
Nə baş vermişdi?
2016-cı ilin fevralında Tehranda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair Saziş imzalandı. Saziş həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olundu.
Bəzi siyasi qüvvələr bu Sazişlə bağlı müəyyən iddialar irəli sürürdü.
Birinci iddia: sənəd ictimaiyyətdən gizlədilib. Halbuki, sazişlə bağlı rəsmi media orqanları məlumat yaymış, Prezidentin həmin vaxt İrana səfəri və nəticələri geniş işıqlandırılmışdı. Səs-küy salanların rəsmi məlumatlara baxmadan və sazişin imzalanmasından 4 il sonra, bu ilin mayında ortaya düşməsi də iddiaların kampaniya xarakteri daşıdığını deməyə əsas verirdi.
İkinci iddia: saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Azərbaycan bununla “İran-Ermənistan” əməkdaşlığına şərait yaradır.
Gerçək nə idi?
Sənəddə qeyd olunur ki, tərəflər bu sazişi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq, imzalayıb.
İran Azərbaycanın ərazi bütövlüyünün tanıyır, lakin bu saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Sazişə görə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini birgə həyata keçirirlər.
1. Azərbaycan bir sazişlə ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəd əldə etdi;
2. İşğalçı Ermənistanın Araz çayı üzərində qanunsuz fəaliyyətinin qarşısını aldı;
Azərbaycan bu sazişi imzalamasaydı, Araz çayı üzərində qurulacaq infrastruktur işğalçı Ermənistan tərəfindən həyata keçirilə bilər, beləliklə, işğal siyasətini daha da gücləndirərdi. Prezident İlham Əliyev bir sazişlə həm ərazi bütövlüyümüzə əsaslanan beynəlxalq sənəd əldə etdi, həm Araz çayı üzərində inşa olunan infrastrukturun Azərbaycan tərəfindən həyata keçirilməsinə nail oldu, həm də işğalçı ölkənin Xudafərini tranzitə çevirməsinin qarşısını aldı.
Sazişlə bağlı müxtəlif iddia irəli sürənlərin məsələnin mahiyyətini anlamadığı məlum idi. Xudafərində Azərbaycan bayrağının dalğalanması göstərdi ki, səs-küy salanlar həm də regionda və dünyada gedən prosesləri, Prezident İlham Əliyevin strateji addımlarını da anlamayıb və Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar.
Onlar səs-küy salanda Azərbaycan lideri nəticəyə hesablanan strategiya qururdu və bu gün həmin nəticə ortadadır.
İlham Əliyevin Xudafərin əməliyyatı: 4 il öncəki strateji sazişə bu adı verə bilərik.
Prezident İlham Əliyev 4 il öncəki sazişlə Xudafərinə bayrağımızın sancılacağının əsasını qoydu və indi həmin tarixi addımın əhəmiyyəti ortadadır.
a) İşğaldan azad olunan Cəbrayılda, ümumilikdə cənub bölgəsinin bu istiqamətindəki ərazilərində sosial-iqtisadi inkişafın əsası 4 il öncəki sazişlə qoyulub;
b) Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.
c) İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qəsa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.
Prezident İlham Əliyev Xudafərin əməliyyatı ilə böyük siyasətçi və strateq olduğunu növbəti dəfə göstərdi.
Asif Nərimanılı