Vəkil Elçin Sadıqov Əvəz Zeynallının üzünə durub? - Vəkilindən açıqlama
"Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması məndə təkcə bir vəkil kimi deyil, vətəndaş kimi də böyük məyusluq yaratdı. Çünki onun heç bir ictimai təhlükəsi və həbs edilməsi üçün bir prosedur əsas yoxdur". "AzerTaym.az" musavat.com-a istinadən bildirir ki, bu sözləri jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc jurnalistlərə açıqlamasında deyib. Vəkil jurnalistlərin "Elçin Sadıqovun Əvəz Zeynallının üzünə durması iddiaları doğrudurmu?" sualına bu cür cavab verib:
"Bu cür məsələlər istintaqa aid olduğundan onu açıqlamaq ixtiyarımız yoxdur. Yəni qanunla istintaq sirrini açmaq olmaz".
Vəkil jurnalistin səhhətindən də söz açıb:
"Əvəz Zeynallının səhhətində problemlər olması xəbəri doğrudur. Onun gözündə problemlər var. Hətta maşınından götürülən sənədlərin arasında həm gözü, həm də onkoloji diaqnostikası ilə bağlı sənədlər də olub. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Hətta tərifləyib dedi ki, bura mənə istirahət kimi gəldi, evdən yemək gətirməyə ehtiyac yoxdur".
Xatırladaq ki, Cinayət Məcəlləsinin 311.1.1 (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham olunan "Xural TV" rəhbəri Əvəz Zeynallıya qarşı daha bir ittiham - 312.1 (nüfuz alveri) maddəsi də irəli sürülüb.