Əliyev Zəngəzur dəhlizi ilə bağlı əsas planını açıqladı: Ermənistanın müqavimət şansı qalmadı
Ermənistanda siyasi böhran dərinləşir. Paşinyan hakimiyyətinin atmağa hazırlaşdığı bütün siyasi addımlar radikal revanşist düşərgənin sərt müqaviməti ilə qarşılaşır. Və rəsmi İrəvan hələlik bu situasiya ilə hesablaşmaq məcburiyyətində qalıb. Onu da qeyd edək ki, Ermənistanda ölkədaxili siyasi mübarizənin əsas mövzusu məhz Azərbaycanla birbaşa başlıdır. Hər iki siyasi düşərgə bir-birini məhz Azərbaycan üzərindən ittiham edir. Və bu, Ermənistanın zaman keçdikcə siyasi-psixoloji baxımdan, Azərbaycandan asılı düşməyə başladığı anlamı daşıyır. Məsələ ondadır ki, rəsmi İrəvan bütün regional siyasətini Azərbaycanın milli maraqları ətrafında formalaşdırmaq məcburiyyətində qalıb. Çünki Paşinyan hakimiyyəti rəsmi Bakının geopolitik iradəsi qarşısında Ermənistanın gücsüz olduğunu artıq tədrizcən qəbul etməkdədir. Və bu səbəbdən də istənilən problemin müzakirəsi rəsmi İrəvanı Azərbaycanın maraqları ilə uyğunlaşmağa sövq edir.
Təbii ki, bu, Ermənistanın Cənubi Qafqazda artıq hərbi-siyasi faktor olmadığını göstərir. Hətta Ermənistanın geopolitik faktor olmadığını təsdiqləyən kifayət qədər önəmli amillər mövcuddur. Bu baxımdan, hazırda rəsmi İrəvan öz regional siyasətini məhz Ermənistanın hələ tam yoxa çıxmamış sosial-coğrafi faktor statusu çərçivəsində məhdudlaşdırmalı olur. Maraqlıdır ki, bütün bu məqamları Zəngəzur dəhlizinin açılması ətrafında aparılan müzakirələrdə də müşahidə etmək mümkündür. Belə ki, rəsmi İrəvanın bu məsələyə müqaviməti sadəcə, dəhlizin adına etiraz etməkdən uzağa getmir. Paşinyan hakimiyyəti iddia edir ki, üçtərəfli anlaşmada belə bir dəhliz barədə hər hansı maddə yoxdur. Halbuki, həmin sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəmiryolu və avtomobil yolunun çəkiləcəyi vurğulanır. Belə görünür ki, rəsmi İrəvan sadəcə, üçtərəfli anlaşmaların mətnində yer alan və ya almayan sözlər üzərində manipulyasiya etməklə məşğuldur.Yəni, Paşinyan hakimiyyəti üçün əslində, Zəngəzur dəhlizinin açılması deyil, sadəcə, onun necə adlandırılacağı daha çox əhəmiyyət daşıyır. Və bu, birmənalı şəkildə daxili siyasi aiditoriyanın diqqətinin yayındırılmasına hesablanıb. Məsələ ondadır ki, Ermənistanın daxili siyasi aiditoriyası, xüsusilə də revanşistlər Zəngəzur dəhlizi ifadəsini ümumiyyətlə, eşitmək istəmir. Çünki revanşistlər hesab edirlər ki, əgər, Zəngəzur dəhlizi açılarsa, bu əvvəlcə həmin bölgənin itirilməsin, daha sonra isə Ermənistan dövlətçiliyinin tamamilə süqutuna səbəb ola bilər. Ancaq nə qədər qəribə də olsa, sadəcə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmiryolu və avtomobil yolunun inşasından danışılanda bunu nisbətən sakit qarşılayırlar.
Halbuki bu məsələdə mahiyyət dəyişməz xarakter daşıyır. Çünki istənilən halda, həmin dəhlizə Ermənistan deyil, məhz Rusiya sərhədçiləri nəzarət edəcək. Və bu məsələdə üçtərəfli anlaşmaya imza atmış Ermənistanın mövqeyi artıq demək olar ki, nəzərə alınmır. Şübhəsiz ki, Paşinyan hakimiyyəti də bu reallıqla barışıb. Ona görə də, Zəngəzur dəhlizinin açılacağını dolayısı ilə etiraf edir, bunu Ermənistan cəmiyyətinin də həzm etməsinə çalışır. Baş nazir Nikol Paşinyanın “Azərbaycan Ermənistan ərazisindən Naxçıvana dəmiryolu və avtomobil yolu əldə etməlidir” deməsi də məhz Ermənistan cəmiyyətinin diqqəti üçün nəzərdə tutulmuşdu. İndi isə oxşar açıqlamalara Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan da müəlliflik edir. Belə ki, o, “Əgər, Azərbaycan yalnız Naxçıvana dəmiryolu və avtomobil yolu istəyirsə, onda, Xinzirək-Biləçik istiqaməti daha məqsədəuyğundur” deyib. Və bu bir cümlə iki ölkə arasında baş verənləri təxmini də olsa, təsəvvür etməyə imkan verir. Belə aydın olur ki, rəsmi İrəvan hər şeyin Azərbaycanın istəyi ilə baş verdiyini etiraf edir. Yəni, seçim hüququ məhz Azərbaycana məxsusdur. Ermənistana isə rəsmi Bakının bu hüquqdan istifadə etməsindən sonra sadəcə, razılaşmaq rolu ayrılıb. Və əgər, Azərbaycan rəsmi İrəvanın təklif etdiyi marşrutu bəyənməsə, deməli, fərqli variantın üzərində dayanılacaq.
Böyük ehtimalla Azərbaycanın tamamilə fərqli planları var. Bunun belə ola biləcəyi Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Şurasında dilə gətirdiyi açıqlamanın məzmunundan da hiss olunur. Çünki Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağını növbəti dəfə vurğulayıb. Eyni zamanda, bildirib ki, bu dəhliz həm Türk Dövlətlərini birləşdirəcək, həm də Avropaya birbaşa çıxış imkanları açacaq. Göründüyü kimi, Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağına tamamilə əmindir. Prezident İlham Əliyevin bunu Türkdilli dövlətlərin liderləri qarşısında da birmənalı şəkildə bəyan etməsi məsələnin artıq çoxdan həll edildiyi, prinsipial qərarın verildiyi anlamına gəlir. Yəni, rəsmi İrəvanın Zəngəzur dəhlizinə əngəl törətmək şansı barədə danışmaq artıq tamamilə yersizdir. İndi bu məsələ yalnız Ermənistan cəmiyyəti üçün müzakirə mövzusu olaraq, qalmaqdadır. Ermənistan cəmiyyətində müzakirələr isə sadəcə, daxili siyasi mübarizə baxımından, önəm daşıyır. Və həmin müzakirələrin Ermənistan sərhədlərindən kənarda heç bir əhəmiyyəti, təsiri yoxdur. /“Yeni Müsavat” Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin Türk Dünyasını birləşdirəcəyini bəyanlayıb; Onun fikrincə, bu dəhliz Türkdilli dövlətlər üçün Avropaya yönəlik əsas əlaqələndirici nəqliyyat-kommunikasiya xətti rolunu oynayacaq...