Bakı Nəqliyyat Agentliyinin (BNA) direktoru Vüsal Kərimli tutduğu vəzifədən azad edilir.
Buna səbəb bir ildən bir qədər artıq müddətdir yaradılan qurumun səmərəsiz fəaliyyətidir. Məlumat Qaynarinfo.Az-a səhihliyinə şübhə etmədiyimiz qaynaqdan daxil olub.
Xatırladaq ki, 2015-ci ilin dekabrında ölkə başçısı Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.
Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.
Eyni fərmanla Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti də BNA-nın tabeliyinə verilib.
Bundan bir qədər sonra Vüsal Kərimli BNA baş direktoru təyin olunub.
***
Əslində Bakının nəqliyyat sistemindəki çoxsaylı problemləri aradan qaldıracağına dair böyük gözləntilərə yol açan BNA-ya Vüsal Kərimlinin təyinatı bir çoxlarında təəccübə səbəb oldu.
O, daha əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb.
Bununla belə, bir sıra ekspertlər Agentliyin ötən bir illik fəaliyyətinin uğursuz olmasını V.Kərimlinin təcrübəsizliyinə bağlayırlar.
***
Yarandığı vaxtdan bəri külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, Bakının nəqliyyat sistemində nəinki müsbət dəyişikliklər müşahidə edilib, hətta ənənəvi problemlər bir az da dərinləşib.
Məsələn, BNA-nın tərkibinə verilən NİİM-in işi daha da iflic vəziyyətə düşüb və demək olar, hiss edilmir.
Hətta paytaxtda sərnişindaşımanın müasir standartlara uyğunlaşdırılmasının başlanğıcı kimi dəyərləndirilən "BakıBus”un fəaliyyəti ilə bağlı da son vaxtlar narazılıqlar dilə gətirilir. Söhbət xüsusilə "BakıBus” avtobuslarının da hərəkət qrafikindəki nöqsanların müşahidə olunmasından gedir.
Bir sözlə, artıq bəzi hökumət çevrələrində də BNA-nın ötən bir ildə gözləntiləri doğrultmadığına dair qənaətlər güclənib. Buna görə də böyük ümidlərlə yaradılan qurumun fəaliyyətini canlandırmaq, beləliklə də, Bakının nəqliyyat sistemindəki problemlərin real və köklü həllinə nail olmaq üçün Vüsal Kərimlinin əvəzlənməsi gözlənilir.
"Əgər qarşıdakı aylarda bu barədə rəsmi qərar açıqlanarsa, heç kim təəccüblənməyəcək”, - deyə qaynağımız əlavə edir.
Qaynarinfo.Az
Fikirlər