İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin etdi

İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin etdiPrezident İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilsin".


Prezidentin digər sərəncamı ilə T.Budaqov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

T.Budaqov 1965-ci il, yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbi qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Prezidentin 23 sentyabr, 2009-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.






Fikirlər