128 dəfə RADARA düşən sürücü saxlanıldı - Ona 15 min 300 manat CƏRİMƏ yazıldığını deyir+ VİDEO

128 dəfə radara düşən sürücü,Sumqayıt sakini Şahmar Mustafayev saxlanılıb.

AzerTaym.az "Xəzər TV”yə istinadən xəbər verir ki, onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.

Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.

Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücü cərimə məbləğini şişirdib. Ona 15 min 300 manat yox, 1570 manat cərimə yazılıb. Şahmar Mustafayev cəriməsinin 690 manatını müxtəlif vaxtlarda ödəyib. Qalan 880 manat borca görə, sürücü yol polisi tərəfindən saxlanılıb. Qaldı ki, sürücünün bəzi şəkillərdə avtomobilinin olmaması iddiasına, o, istənilən vaxt BDYPİ-yə müraciət edib məsələni araşdıra bilər.

 






Fikirlər