Komissiya SƏDRİ: '' Sədrlə söz güləşdirməyə heç kimin haqqı yoxdur''

Komissiya sədri: ''Sədrlə söz güləşdirməyə heç kimin haqqı yoxdur''

Ağacan Abıyevdən Zahid Oruca: “Sən heç olmasa kişinin yaşına, tutduğu vəzifəyə hörmət elə”; Intizam Komissiyası Zahid Orucla bağlı toplaşacaq

 

Milli Məclisin növbədənkənar iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında baş verən qalmaqal yaxın günlərdə araşdırılacaq. Bununla bağlı spiker İntizam komissiyasının sədri Ağacan Abiyevə tapşırıq verib. İclas başa çatandan sonra məsələ ilə bağlı komissiya sədri jurnalistlərin suallarına cavab verdi: 

 

- Ağacan müəllim, İntizam komissiyası Zahid Orucla bağlı araşdırma aparmaq üçün nə zaman toplaşacaq?

 

-İyulun 3-ü, ya 4-də İntizam komissiyasının iclası olacaq. Zahid Orucu dəvət edəcəyik. Niyə dəvət edəcəyik? Deyəsən, bəzi şeyləri yadından çıxarıb. İş ondadır ki, hər bir deputatınn başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı və ixtiyarı var. Lakin qanunvericilikdə yazılmayıb ki, hər bir deputat sədrin hər fikrinə irad tutmalıdır. Deputatlar sədrin fikrinə hörmətlə yanaşmalıdır. A balam, sədri burada oturan 125 deputat seçib, Azərbaycan xalqı seçib. Niyə bir söz deyilən kimi, sən mübahisə etməyə başlayırsan? Bura parlamentdir. Parlament sədri ilə üzvləri arasında bir məsafə var. Ona görə o, yuxarıda oturub, biz isə aşağıda. 

 

- Bundan əvvəl də onlar arasında mübahisələr olmuşdu. Bunun səbəbi nədir, münasibətlərində problem var? 

 

- Yox, münasibət məsələsi deyil. Zahid Oruc həmişə söz güləşdirir, gündəlikdən kənar mövzulara toxunur. Söz veriblər, sözünü de də. Bir də sədr nə qədər deyər ki, xahiş edirəm gündəlikdən kənara çıxmayın. Bir də görürsən, gündəlikdən kənara çıxıb elə şeylər danışırlar ki, heç parlamentdə danışılası söz deyil. Axı, bu, bizim parlamentin adına ləkə gətirir. Ona görə də parlamentin sədri deyir ki, qardaş, gündəliyə uyğun çıxış elə. Yenə deyirəm, bəlkə görüb ki, parlamentdə mübahisə etmək olar, ona görə o da müdaxilə edir. Əgər sən mənim dediyimlə razı deyilsənsə, sözünü de. Çünki mən bir partiyanın üzvüyəm, sən başqa. İxtiyarın var, sözünü de, elə buna görə parlamentə yığışmışıq. Amma hər bir parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur. Bu, qanunvericliyə ziddir, etikaya da uyğun deyil. 

 

- Mikrofonsuz danışdığı üçün jurnalistlər eşidə bilmədi. Zahid Orucun fikirlərində etikadankənar məqamlar oldumu?

 

- Fikirlərində yox e…O deyir, mən deputatam, deməliyəm. A balam, deputatsan, de. Amma mənə de, başqasına de. Axı sədrlə söz güləşdirməyə heç kimin haqqı yoxdur. Onda bu, parlament olmadı ki. Deputat sədrlə söz güləşdirərsə, bu parlament olmaz. Sədr bizi idarə edir. Qayda qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, burada nə işi var? 

 

- Dünya ölkələrində hətta parlament davaları baş verir…

 

- Məgər orda dava sədrlə olur? Elə bu yaxınlarda Kiyevdə oldu, bir partiya fraksiyası ilə digəri dalaşdı. Amma sədrlə söz güləşdirmək olmaz. Digər tərəfdən biz Azərbaycan xalqının övladlarıyıq, bizdə böyük-kiçik məsələsi var, özü də yüksək səviyyədə. Qardaş, cavan oğlansan, gələcəyin var, yaxşı deputatsan. Amma bu, o demək deyil ki, sən elə kiminlə gəldi mübahisə edəcən, sədrlə də belə söhbət ola. Sən heç olmasa kişinin yaşına, tutduğu vəzifəyə hörmət elə. Axı, buna camaat baxır. 

 

-Ağacan müəllim, Zahid Orucun cəzası nə ola bilər? Mandatdan məhrum edilməsi məsələsi qoyula bilərmi?

 

- Yox, yox. Onunla komisiyyada deputat həmkarımız kimi söhbət edəcəyik. Orda 12 nəfərik. Bu 12 nəfər bununla bağlı öz fikrini bildirəcək. O da bizim normal deputatlarımızdandır, gəncdir. Burada hər hansı cəza məsələsi yoxdur, ancaq tövsiyə verə bilərik. Yəni ki, burada ağsaqqallar var, onlara qulaq assın. Səninlə, mənimlə mübahisə eləsin, amma sədrlə söz güləşdirməsin. Nizam-intizama dəvət olunacaq. Burada etika pozulub. Başqa ölkələrdə görürük ki, başqa partiyaların deputatları arasında bu cür hallar yaşanır. Amma sədrlə olmur. Çoxdandır bizdə belə şeylər olmayıb. O zaman bir dəfə oldu. Amma bundan sonra olmayacaq, imkan da vermərik. Başqa ölkələri görürsünüz də, dava düşür, bu, onun, o bunun saçını dartır. Bizdə olmayıb, qoymayacağıq. Mən qoymadım, Siyavuş müəllim qoymadı, yenə qoymayacağıq. Biz necə ki, bütün yarışlarımızda, iclaslarımızda Azərbaycan markasını dünyaya Azərbaycan standartı kimi göstərmişik, burda da o standart olmalıdır. 

 

P.S.Məsələ ilə bağlı Zahid Orucun da mövqeyini öyrənmək istədik. Ancaq o, artıq parlamenti tərk etdiyi üçün bu, mümkün olmadı. 






Fikirlər