Ətin bahalaşmasının iki MÜHÜM SƏBƏBİ

Örüş sahələrinin əkilməsi və gömrük rüsumunun artırılması heyvandarlıq sahəsində bahalaşma yaradır

Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb. Komitənin təqdim etdiyi rəqəmlərə görə, bu ilin ilk 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.

Dövlət Statistika Komitəsinə görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub. DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb.

Ekspertlər isə hesab edir ki, ət məhsullarının bahalaşmasının səbəbi dövlət tərəfindən örüş sahələrinin zəbt edilərək digər məhsulların əkini üçün ayrılmasıdır. Bu, yemin qıtlığına və son nəticədə ətin bahalaşmasına gətirib çıxarır.

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ətin bahalaşmasında örüş sahələrinin əkin sahələrinə çevrilməsi az rol oynamır: «Bölgələrdən gələn xəbərlər də onu deməyə əsas verir ki, ənənəvi maldarlıq və heyvandarlıqla məşğul olan rayonlarda belə otlaq sahələrində strateji bitkilərin, əsasən də pambıq əkininin həcmi artıb. Bu da yemi bahalaşdırıb. Yemin bahalaşması isə heyvanın maya dəyərinə təsir göstərir və heyvan saxlayan fermerləri qiyməti artırmağa məcbur edir. Əsas səbəb bu olsa da digər səbəblər də var.

Image result for Şahin əfərli


Səbəblərdən biri odur ki, mal-qara saxlayan insanların da gündəlik tələbatları var. Son dövrlərdə ölkədə kifayət qədər qiymət artımı olduğu halda, mal ətinin qiyməti uzun müddət dəyişməz olaraq qaldı. Hətta devalvasiyadan sonra da biz qiymət artımını görmədik. Ancaq indi həmin insanların da xərcləri artıb. Söhbət oliqarxlardan və ya iri sürülər saxlayan insanlardan getmir, daha çox kiçik fermerlərdən gedir. Belə bir vəziyyətdə təbii ki, onların bazara çıxartdığı məhsulların qiymətində də artım olmalıdır. Çünki onlar da artan xərclərini qarşılamalıdırlar.

Ətin bahalaşmasında gömrük rüsumlarının artırılması da rol oynayır. Daxili bazarın qorunması adı altında xaricdən gətirilən mal-qaranın yüksək gömrük rüsumu ilə ölkəyə daxil olması qiymətlərə də təsir etdi. Açıq demək lazımdır ki, əvvəllər gömrük rüsumu ödəmədən, müəyyən haqq ödəməklə ölkəyə mal-qara gətirmək mümkün idi. İndi gömrük rəsmiləşməsi ciddiləşib, mal-qaraya gömrük rüsumu ödədikdən sonra insanların Gürcüstandan, Dağıstandan mal-qaranı alıb Azərbaycana gətirməsi iqtisadi baxımdan sərfəli olmur. Bütün tarifləri və rüsumları ödədikdən sonra ətin qiyməti indikindən də baha olmalıdır ki, onlar xərclərini çıxara bilsinlər. Təbii ki, bunun da rolu var. Bu, yerli istehsalçını qorumaq adı altında həyata keçirilsə də, həm istehsalçılara, həm də vətəndaşlara ziyan oldu. Vətəndaşlar daha baha məhsul almaq məcburiyyətində qaldılar. Toyuq əti ilə bağlı da eyni hal baş verdi. Nəticədə yerli istehsalçılar da qiyməti qaldırdılar. Çünki yerli istehsalçıların tələbatı tam ödəmək gücü yoxdur. Bazara daxil olan xarici malların qiyməti qalxan kimi, yerli istehsalçılar da qiymətləri qaldırırlar. Hökumətin atdığı addımlar da ət və ət məhsullarının bahalaşmasında mühüm rol oynayır".

İqtisadçının fikrincə, hökumətin ətin bahalaşmasının qarşısını almaq üçün ata biləcəyi ən asan və tez addım gömrük rüsumlarının azaldılmasıdır: “Gömrük rüsumlarını azaltmaqla ölkəyə mal-qara idxalını azaltmaq və bazarda bolluq yaratmaq mümkündür. Bazarda bolluq yaranarsa, bu, mütləq qiymətlərə də təsir göstərəcək. Problemin ən asan həlli yolu budur. Daha uzunmüddətli və dayanıqlı həll yolu isə daxili istehsalın artırılması üçün ciddi addımların atılmasıdır. Təəssüf ki, indi bu addımlar görüntü xətrinə atılır. Təəssüf ki, dayanıqlı inkişaf proqramları həyata keçirilmir. Çünki kənd təsərrüfatında əgər fermerlərə uzunmüddətli və aşağı faizli kreditlər verilmirsə, bu sahələrin inkişafı dövlət subsidiyaları hesabına uzun müddət davam edə bilməz. Bunu sovet dövründəki təcrübəmiz də sübut elədi. O dövrdə də hər şey dövlətin əlində idi, dövlətin subsidiyası ilə həyata keçirilirdi. Lakin sovet hökumətinin son illərində biz qıtlıqla, ərzaqların talonla verilməsi ilə qarşılaşdıq. Azərbaycanda indi belə bir təhlükə yoxdur, ancaq qiymətlərdə özünü əks etdirir. Hökumət uzunmüddətli strateji yol xəritələrində zaman və maliyyələşmə məsələsinə ciddi diqqət yetirməlidir”.

 






Fikirlər